28 may 2024 02:36
249

COP29 fransızları niyə "qarın ağrısına" salıb?..

Paris Şəhər Şurasının dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda qlobal miqyaslı tədbiri boykot etməsi Makron hakimiyyətinin ənənəvi qərəzindən əl çəkmədiyini bir daha göstərir

Fransalı siyasətçilərin Azərbaycana qarşı düşmən münasibəti günü-gündən daha iyrənc şəkil alır. Ölkəmizin COP29-a ev sahibliyi etməsi məsələsi isə onların rahatlığını tamamilə əllərindən alıb. Xəbər verildiyi kimi, mayın 24-də Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalayıb. Fransanın dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda qlobal miqyaslı tədbiri boykot etməsi bu ölkənin beynəlxalq aləmdə çəkisinin və nüfuzunun azalmasından xəbər verir.

Qeyd edək ki, Fransa və onun tərəfində yer alan bəzi dairələr bu tədbirin Azərbaycanda keçirilməsini əvvəldən də istəməyib. Belə ki, hələ 2023-cü ilin dekabrında Paris meri Ann Hidalqo və bir sıra digər fransız siyasətçiləri BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 2024-cü ildə Bakıda keçirilməsinə qarşı çıxmışdılar. Bu barədə “La Tribune” qəzeti yazırdı. Fransa mediası da fransız siyasətçiləri kimi ənənəvi qərəzindən əl çəkmirdi. Azərbaycana qarşı düşmən münasibət sərgiləyən qəzet bu xəbəri “Bakıda COP29: utanc və şərəfsizlik görüşü” başlığı ilə dərc etmişdi. Hidalqodan başqa, BMT-nin iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı birgə məktubu Fransa Senatındakı Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo, Hauts-de-France regionu Şurasının prezidenti Ksavye Bertran, baş nazir Ksavye Bertrand imzalamışdı. Antiazərbaycan mövqeyi tutan qəzet qeyd edirdi ki, məlum kağız parşasına həmçinin Lle-de-France bölgəsinin Valeri Pecresse, Occitanie Regional Şurasının sədri Karol Delqas, Marsel merinin birinci müavini Mişel Rubirola, Montpellier meri Michael Delafosse və Strasburq meri Jeanne Barseghian imza atmışdı. Ötən müddət ərzində Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib.

COP29 kimi qlobal tədbirlərin Paris Şəhər Şurasının səlahiyyətlərinə və gündəliyinə heç bir aidiyyəti yoxdur. Paris Şəhər Şurası Paris küçələrindəki zibilləri toplamaqla, paytaxt binalarını bürümüş siçovulları ovlamaqla məşğul olan yerli özünüidarəetmə qurumudur. Şura üzvlərinin Parisdə görməli olduqları çox işləri var, COP29 tədbirlərinə qatılmaqdansa öz işləri ilə məşğul olsalar onlar üçün daha faydalı olar. Aydın məsələdir ki, son illər Makron hökumətinin həyata keçirmək istədiyi bütün islahatlar iflasla nəticələnib. Demokratiya və insan haqları ilə bağlı vəziyyət 2-ci Dünya Müharibəsindən sonrakı bütün dövr ərzində ən aşağı səviyyəyə enib. Hələ də müstəmləkə əsarəti altında saxladığı dənizaşırı ərazilərdə isə azadlıq tələb edən yerli xalqlara qarşı aparılan repressiya siyasəti həddindən artıq qəddar bir forma alıb. Baş verənləri nə Paris Şəhər Şurası, nə də prezident Makron özü gizlədə bilər. V Respublika özünün siyasi həyatının ən böhranlı illərini yaşayır. Fransa iqtidarının ölkəmizlə bağlı qeyri-adekvat bəyanatları da bu böhrandan doğan çaşqınlığın təzahürüdür. Azərbaycanın guya Fransanın daxili işlərinə qarışması kimi sərsəm iddialar isə BMT TŞ üzvü olan bir dövlətə hörmət yox, utanc gətirməlidir. Ən əsası isə Fransa tərəfi anlamalıdır ki, Azərbaycanın COP29 sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib və bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. Dünyanın nüfuzlu təşkilatlarının və dövlətlərinin bu tədbirin Azərbaycanda keçirilməsində həmfikir olmaları Fransanı narahat edən məsələdən biridir. Təbii ki, Fransanın bu tədbiri boykot etməsi reallıqları dəyişmək iqtidarında deyil, çünki artıq dünya birliyinə də məlumdur ki, bu ölkə öz daxili problemlərində digər dövlətləri günahlandırır və öz müstəmləkəçi siyasətini davam etdirərək keçmiş müstəmləkələrində insan hüquqlarını kobud şəkildə pozur.

Azərbaycan artıq bir çox dövlət nümayəndələrini, beynəlxalq təşkilatları bu tədbirdə iştirak etməyə dəvət edib və qlobal hadisələr fonunda üzərinə çox ciddi iş götürərək beynəlxalq miqyaslı tədbirə ev sahibliyi edir. Bu tədbirin Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, ölkəyə qlobal miqyasda güvən daha da artıb. COP29 dünya dövlətlərini təkcə ekoloji problemlərə qarşı birləşməsində kömək etməklə yanaşı, digər qlobal miqyaslı məsələlərdə ölkələrin həmrəy olmasına böyük töhfə verəcək. Nəzərə alsaq ki, dünyada gedən proseslər fonunda qütbləşmə və dövlətlərarası müharibələr beynəlxalq birliyə əngəldir, bu baxımdan COP29 kimi tədbirlərin “buzlaqların əriməsində” böyük rolu olacaq. Fransa Azərbaycanın iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə bu fəaliyyəti sual altına qoyur. Bu qərar iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. Bu cəhdlər iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq məqsədi daşıyır. “Paris razılaşmasının” qəbul edildiyi bir şəhər tərəfindən atılan bu addım, həmçinin beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunəsidir.

Sevinc Azadi, “İki sahil”