24 may 2024 08:56
388

Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib

ABŞ-ın Vaşinqton şəhərində yerləşən Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib.

“İki sahil” xəbər verir ki, 22-23 may tarixlərində keçirilən tədbir çərçivəsində Dünya Bankının işçilərinə naharda Azərbaycan mətbəxinə məxsus təamlar təqdim olunub. Yeməklər azərbaycanlı aşpazlar tərəfindən hazırlanıb. Həmçinin girişdə mədəniyyət nümunələrimiz və Azərbaycan haqqında jurnallar nümayiş edilib.

Tədbirlə bağlı danışan Dünya Bankının icraçı direktoru Dominique Favrenin sözlərinə görə, ölkələri tanımaq baxımından mədəniyyət tədbirləri çox böyük əhəmiyyətə malikdir. O bildirib ki, bu cür tədbirlərlə Dünya Bankında aparıcı şəxslər ölkəni həm də mədəniyyəti vasitəsilə öyrənirlər. “Bu bizim üçün çox vacib tədbirdir. Bu tədbir vasitəsilə Azərbaycanı öyrənməkdən çox məmnunam”,- deyə D.Favre əlavə edib.

O həmçinin qeyd edib ki, Dünya Bankında iclas otaqlarından birində Azərbaycan xalçası asılıb. Onun sözlərinə görə, bu xalça Azərbaycan hökuməti tərəfindən Dünya Bankına hədiyyə olunub: “İclaslara qatılan hər kəs bu xalçanı görür və maraqla qarşılayır. Bu xalça həm də Azərbaycan mədəniyyətini Vaşinqtonda olan insanlara təqdim etmək üçün bir vasitədir”.

Dünya Bankının icraçı direktorunun müşaviri Namiq Nağdəliyev Azərbaycanın Dünya Bankı üçün prioritet tərəfdaşlardan biri olduğunu deyib. Bildirib ki, Azərbaycanın himayəsi və böyük dəstəyi ilə regionda reallaşdırılan geoiqtisadi layihələrdə iştirak etmək Dünya Bankının gündəliyində duran mühüm məsələlərdəndir. “Ölkəmiz yüksək-orta gəlirli ölkə kimi Dünya Bankında Beynəlxalq İnkişaf Assosiasiyasının donor ökələrindəndir. Azərbaycan Dünya Bankının çətiri altında dünyada yoxsulluqdan əziyyət çəkən ölkələrlə təcrübəsini bölüşür, uğur hekayəsini paylaşır. Azərbaycan həmin ölkələrə Beynəlxalq İnkişaf Assosiasiyasının donoru kimi maliyyə yardımı göstərir. Digər tərəfdən ölkəmiz yaxın tərəfdaş olmaqla bərabər, Dünya Bankının səhmdarıdır. Səhmdar kimi biz Dünya Bankının idarə edilməsində, strateji hədəflərinin müəyyən edilməsində yaxından iştirak edirik. Dünya Bankı dünyanın 189 ölkəsini özündə birləşdirən beynəlxalq platformadır. Bu platformada ölkəmizin mədəni irsinin təbliği kifayət qədər əhəmiyyətlidir. Bugünkü mədəni tədbir də məhz bu məqsədi daşıyır. İnanırıq ki, bu cür tədbirlərin davamlı keçirilməsi ölkəmizin, xüsusilə zəngin mədəni irsimizin təbliğinə öz töhfəsini verəcək”,- deyə N.Nağdəliyev vurğulayıb.