24 aprel 2024 01:58
466

Mühüm əhəmiyyətli məsələlər Azərbaycanın diktəsi ilə həllini tapır

Qazaxın 4 kəndinin əsl sahiblərinə qaytarılmasından məyus olan Qərbə Prezident İlham Əliyevin cavabı sərtdir: «Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun.»

Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəyini dəfələrlə bildirən Prezident İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə, 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə, Xankəndidə Dövlət Bayrağımızı dalğalandırmaqla vədini yerinə yetirdi. Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində mübahisəli anklav və qeyri-anklav kəndlərin taleyi ilə bağlı proqnozları « Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır» sözləri ilə açıqlayan Prezident İlham Əliyev məsələ ilə bağlı qəti mövqeyini bildirmişdi.

Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə olunmuş razılığa əsasən respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri qeyd-şərtsiz, bir güllə atılmadan Azərbaycana qaytarıldı. 7 fevralda respublikada keçirilən prezident seçkilərində seçicilərin 92,12 faiz səsini toplayaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyev Azərbaycan xalqına daha bir sevinc yaşatdı, diplomatik uğurlarına yenilərini əlavə etdi. Bütün dünya ictimaiyyəti, 30 ilə yaxın Ermənistanı dəstəkləyən, artıq tarixə çevrilmiş «Dağlıq Qarabağ münaqişəsinin hərli yolla həlli yoxdur» deyənlər Azərbaycan xalqının birliyinin, Milli Ordumuzun gücünün, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, səriştəsinin şahidi oldular. Sözünə imzası qədər dəyər verən, Liderlik fəlsəfəsinin müasir dövr üçün şərtlərini, tələblərini siyasi iradəsi, təcrübəsi, qətiyyəti ilə formalaşdıran Prezident İlham Əliyev dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələ olan problemləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etmək iradəsi ilə etimadı doğrultdu. Özünü təsdiqləmiş tarixi həqiqət dəyişilməzdir: Cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinin hər bir məqamı xalqımıza xidmət nümunəsidir. Azərbaycanın adı dünyada siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən dövlətlər arasında ilk sıralarda çəkilirsə bu uğurlar Prezident İlham Əliyevin diplomatik bacarığının, sərkərdəlik məharətinin nəticəsi, xalqımıza qürur bəxş edən möhtəşəm qələbəsidir. Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının bölgəni nəzərdə tutulan müddətdən tez tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin təkzibolunmaz nəticələridir.

 Aprelin 5-də Qərbin rəsmi İrəvanı Rusiya ilə müttəfiqlikdən ayırmaq cəhdlərinin ifadəsi olan Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı (Aİ) -ABŞ müştərək konfransından sonra baş verən tarixi əhəmiyyətli bu hadisələr bölgədə yeni müharibə isterikasını qızışdıranlara da zərbə oldu. Rəsmi İrəvana hər cür yardım göstərən, beynəlxalq ictimaiyyətdə « Azərbaycanın Ermənistana torpaq iddiası, Azərbaycan Milli Ordusunun yeni hücuma hazırlaşması» kimi feyk informasiyalar formalaşdıran, Qarabağdan könüllü köçən ermənilərə guya zor tətbiq edildiyini hay-küylə bildirən, haqqı olmasa belə onların Xankəndiyə qayıtmalarını «tələb edən» Fransa bir daha rəsmi Bakının qarşısında rəzil vəziyyətə düşdü, böhtanları, təxribatlar alt-üst olub iflasa uğradı.

Baş nazir Nikol Paşinyanın Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə səfəri, sakinləri xəbərdar etməsi, «İmtina etsək, bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: «Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz» kimi sözlər səsləndirməsi Azərbaycan diplomatiyasının uğurudur.

Bütün dünya ictimaiyyətinə bəyan edildi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun yaratdıqları reallıq haqqın, ədalətin təntənəsidir. Azərbaycanın təkidi ilə başlanan delimitasiya prosesinin davam etməsi ilə hələ də mübahisə mövzusu olan digər kəndlərimizin də qaytarılacağı şəksizdir.

44 günlük Vətən müharibəsindən başlanan ötən ilin sentyabrında qısamüddətli lokal xarakterli anttiterror tədbirləri ilə davam etdirilən, aprelin 19-dək qət edilən yolda qazanılan uğurlar heç bir xalqa nəsib olmayan tarixi Qələbə, qətiyyət, haqqın, ədalətin bərpasıdır. Bu reallığı şərtləndirən amillər çox olsa da, təməl prinsiplər son 20 ildə, Prezident İlham Əliyevin respublikaya rəhbərliyi dövründə formalaşmış, mərhələ-mərhələ həyata keçirilmişdir.

Azərbaycanın güclü dövlətə çevirilməsi, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, torpaqlarımızın qarış-qarış, kənd-kənd, şəhər-şəhər geri qaytarılması dövlət başçımızın siyasi iradəsinin, təkrarı olmayan, real həyatda doğrulan «Nəyi, necə, nə vaxt etmək» düsturunun, düşünülmüş siyasətin, iti zəkanın real həyatda özünü doğrultmasıdır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağdan vaxtından əvvəl çıxarılması «Müstəqil Azərbaycan taleyini özü həll edir» formulunun təsdiqidir. Azərbaycanın beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən özünə məxsus olan bir qarış da torpağı güzəştə getmək niyyətində olmadığının ifadəsidir.

Daim sülhün, sağlam düşüncəyə, reallığa əsaslanan dialoqun, beynəlxalq hüquq qanunlarına hörmətin tərəfdarı olan, işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik götürən Azərbaycanın 19 aprel tarixli siyasəti göstərdi ki, məcburetmə tədbirlərinə ehtiyac duyulmadan da məsələləri həll etmək mümkündür.

Qazaxın 4 kəndinin boşaldılması Müzəffər Ali Baş Komandanın Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzaladığı kapitulyasiya aktına müvafiq olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsində istifadə olunan tarixi uğurunun təkrarıdır. Yəni, Azərbaycan növbəti dəfə xoş niyyət göstərərək Ermənistana konkret tarix üzrə möhlət verdi”.

Həmin kəndlərin ilkin razılıq əsasında Azərbaycana qaytarılması sağlam təfəkkürə malik siyasətin uğurudur. Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar göstərdi ki, bu qarşı tərəfə təhdid deyildir. Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi daha nikbin düşünməyə imkan yaradır. Növbəti görüşlərin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma təcrübəsinin dəstəklənməsi vasitəçilik təşəbbüslərinə də ehtiyac qalmadığını göstərir. Rəsmi Bakının nümayiş etdirdiyi prinsipial sülh prosesini tamamlayır. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlara əlavələr edir. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə razılığa gəlmələri sülhə doğru mühüm addımdır. Bölgədə sabitlik üçün təhdid yaradan qüvvələrin təxribatlarını ifşa edən bu siyasət Fransa və digər Qərb dövlətlərini növbəti dəfə iflasa uğratdı. Azərbaycanın dəfələrlə irəli sürdüyü «Tərəflər arasında sülh prosesinin təminatına kənar vasitəçilərə ehtiyac yoxdur!» tezisi özünü doğruldur. ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlər məqsədlərinə nail olmadılar və ola bilməyəcəklər də.

«Dörd kənd təcrübəsi» göstərdi ki, Ermənistanla Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib məsələni həll etmək iqtidarındadır. Prosesə öz maraqları naminə müdaxilə etmək istəyənlərin yalan vədlərinə inanan Ermənistan bundan sonra da üçüncü qüvvələrin diktəsi ilə hərəkət etməməlidir”.

«Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək» söyləyən Prezident İlham Əliyev ölkəmizə qarşı aparılan çirkin siyasətə hər zaman hazır olduğunu bildirir. Əlavə olaraq qeyd edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. «Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun» söyləyən Prezident İlham Əliyevin Fransa başda olmaqla digər maraqlılara da cavabı budur: «Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.»

Xuraman İsmayılqızı, «İki sahil»