24 aprel 2024 02:16
349

Adını səfir qoyan boşboğazlıq etməməlidir, edirsə...

İranın Ermənistandakı səfiri Mehdi Sübhani adəti üzrə Ermənistan-Azərbaycan münasibətlərinə yenə də qərəzli müdaxilə edib.

Xatırladaq ki, bu ilin fevralında o, həmişəki kimi, ermənipərəst mövqe nümayiş etdirərək Ermənistana Hindistan silahlarının tədarükünə dair sualı cavablandırarkən demişdi ki, Tehran Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır. Özünü İran prezidenti kimi aparan səfir bildirib: “Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin tərəfdarıyıq. Regionda sülh və sabitliyə kömək edəcək hər şeydə ona kömək etməyə hazırıq”. Görürsünüzmü, İslam respublikasını təmsil edən diplomatın mövqeyini? Dediyimiz kimi,  yeni mövqe deyil, həm də tək öz fikrini bildirmr, ali dini rəhbərliyin adından danışır. O, tək deyil, ölkənin başında duranların hamısı bu cür namərd siyasətin quyruğunda sürünür. Bu şəxslər bütün hallarda Azərbaycana qarşı çıxırlar və bizimlə düşməndən artıq düşmənçilik etməyə hazırdırlar.

Mehdi Sübhani Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qarşı çıxaraq Ermənistandan keçəcəyi arzulanan ideyaya üstünlük verdiklərini vurğulamışdı. Sübhani dəfələrlə burnunu səlahiyyətlərinə aid olmayan bir çox məsələlərə soxaraq həddini tamamilə aşıb. Səlahiyyəti yalnız söz demək olan Sübhani avtomobil yolları ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, yollar ölkənin suverenliyi altında olmalıdır. O, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşməsinə qarşı heç vaxt mənfi münasibət bildirməyib. Habelə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı da heç bir açıqlama yaymayıb. Çünki nə ona, nə də təmsil etdiyi ölkəyə sərf etmir.

Bununla belə, o, birmənalı olaraq Ermənistanın silahlanması kimi məsələlərdə rəsmi İrəvanı müdafiə edib. Şahidi olmuşuq ki, bunun üçün bir çox hallarda İrəvanın özündən də çox canfəşanlıq göstərib. Yuxarıda göstərdiyimiz nümunə bunu təsdiqləyir.

“Burada mənəm, Bağdadda kor xəlifə” prinsipinə əməl edən Mehdi Sübhani regional münasibətləri və vəziyyəti nəzərə almadan verdiyi şərhlər və açıqlamalarla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qarşı çıxır, başqa sözlə, sırf təxribatla məşğul olur. Aydın məsələdir ki, səfirin hər hansı ölkə barədə sərbəst fikir bildirməsi qətiyyən mümkün deyil. Diplomat ona verilmiş təlimatdan kənara çıxa bilməz.Deməli,  bunu ona diktə edənlər var, özü də yuxarı səviyyədə.

Mehdi Sübhani jurnalistlərə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası barədə fikrini belə ifadə edib: "İran tərəfinin mövqeyi budur ki, Ermənistanla Azərbaycan arasında sərhədin bu şəkildə demarkasiyası Ermənistan və Gürcüstan arasındakı hökumətlərarası marşruta (Voskepar kəndi yaxınlığındakı hissə, İran yüklərinin də keçdiyi ərazi) təsir göstərə bilər". Bəyəm bundan İranın mövqeyini soruşan var? Başabəla səfir həyasızlığına salaraq Voskeparın öz əsl adı olan Aşağı Əskiparanın adını belə çəkməyib. Aşağı Əskipara kəndi yaxınlığından Ermənistan-Gürcüstan avtomobil magistral yolu da keçir. Səfir bu yolun Azərbaycana aid olduğunu yaxşı bilsə də belə deyib: “Bizə verilən məlumata görə, beynəlxalq avtomobil yolunun bu  hissəsi Azərbaycan Respublikası ilə delimitasiya sazişlərinə daxil deyil”.

Vaxtilə İran işğal altında olan Gorus-Qafan avtomobil yolu ilə Ermənistana yük daşıyıb və s. Bu yoldan narkotik tranziti kimi istifadə edərək milyonlar qazanıb. Amma molla rejimi pula görə o qədər də narahat deyildi. Narahatlıq Azərbaycan Respublikasının Ermənistan üzərində qələbəsi idi. Məhz buna görə də Azərbaycan Respublikasının torpaqlarının işğal altında qalmasına göz yumub və beynəlxalq normaları biərəkdən kobudcasına pozub.

Ermənistan-Gürcüstan yolu kimi tanınan ərazi ilə bağlı rəsmi Bakı hər hansı sazişin bağlanmasına münasibət bildirməyib. Belə olan halda səfir ictimaiyyətə yalan məlumat verməklə iğtişaş salmağa cəhd göstərir.

Mehdi Sübhani sarsaqlamasında Qarabağı könüllü tərk edən erməni sakinlərin “himayəçisi” rolunu da oynamağa çalışıb. İmperiya hegemoniyası gözlərini nə qədər örtübsə ölkəmizin daxili işlərinə də qarışmaqdan çəkinməyib. O deyib ki, “Dağlıq Qarabağ sakinlərinin hüquqları qorunmalı və nəzərə alınmalıdır”. Yəqin bir gün ondan soruşan olacaq ki, sənə nə? Xatırladacaqlar ki, sən get öz ərazində asıb-kəsdiyin insanların hüquqlarını qoru. Dünya sizin haqqını-hüququnu əllərindən aldığınız  insanlarla qeyri-insani rəftarınızdan, cəlladlığınızdan, qaniçənliyinizdən danışır. Ağayi Sübhaninin bu açıqlaması “qaşınmayan yerdən qan çıxarmağa” daha çox oxşayır. Şübhəsiz, nəhayət, onun yadına salan olacaq ki, Qarabağda yaşamış və bu gün də Qərbi Azərbaycanda yaşayan ermənilərin yarıdan çoxu iki yüz il əvvəl at-eşşək karvanları ilə İrandan zorla köçürülüb gətirilən haylardır. Əgər belə canları yanırsa hayları qaytarıb öz yanlarına aparsınlar və orada istədikləri qədər əzizləsinlər.

Siyasətlə boşboğazlığı səhv salan, vəzifəsi söz daşımaq olan Mehdi Sübhaninin sözlərinin heç bir hökmü və əhəmiyyəti yoxdur. Bizlərdə isə belə çərənləmələrə “İt hürər, karvan keçər” deyirlər.

Vəli İlyasov, “İki sahil”