23 aprel 2024 00:11
341

Radikal düşərgənin kor xəlifəsi

Vətəni satanların mitinq sevgisinin məqsədi xəyanətlərini ört-basdır etməkdir

Radikal düşərgədə AXCP sədri Əli Kərimlinin drijorluğu ilə başlayan «mitinq» xorunda türklər demişkən ağzı olan qonuşuyor. Yəni, qanan da qanmayan da danışır. Özünü düşərgə mənsublarından fərli olaraq «ali irqə mənsub zümrə», ana müxalifət hesab edən AXCP sədri Əli Kərimlinin mövsümi xarakter daşıyan eqoizm, sayıqlama, «ac toyuğun yuxuda darı görmək» xəstəliyi yenidən başlayıb. Adətən respublikada keçirilməsi planlaşdırılan siyasi kampaniyalar ərəfəsində canlanan Əli Kərimli son günlərdə həmişə özündən kiçik saydığı, çox zamanlar həqarətlə baxdığı, bəyənmədiyi bəzi partiyaları işbirliyinə səsləyir. Adı həmişə qrant qalmaqalında hallanan bu zatın vaxtilə ermənipərəst dairələrin Azərbaycanda himayə etdiyi sözdə yazar, jurnalist, Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Xədicə İsmayılla qrant üstündə yaranan intriqaları da unudulmayıb. Xarici ölkələrdəki bəlli dairələrdən, anti-Azərbaycan təşkilatlarından külli miqdarda qrant alan Xədicəni qısqanan Əli Kərimli radikal düşərgənin kor xəlifəsi kimi heç kimlə razılaşmayaraq aranı qatır. Məqsəd qrantlara təkbaşına yiyələnməkdir.

Azərbaycandakı antimilli şəbəkəyə, radikalyönümlü qeyri-hökumət təşkilatlarına ayrılan qrantların hesabını aparan, «racon» kəsən Əli Kərimlinin korrupsiya yeminə çevrilərək oynayanlar da şabaş həvəsindədirlər. Qərb fondlarından qrant alan azərbaycanlı gənclərin beyinlərini yumaq istəyən «islahatçı sədr» niyyətinə çatmasa da hələ də «pulu kim verir, musiqini o sifariş edir» misalına uyğun qrant aldıqları ünvanlardan səslənən havalara nəinki qol götürüb oynayır, hətta masabəyilik funksiyasını da yerinə yetirir. Toy toğlusu kimi ortaya atılaraq «mitinq» deyir.

Qərb fondlarının pulları və xarici xüsusi xidmət orqanlarının təhriki ilə saxta «demokratiya dalğası»na bürünərək ”, «rəngli inqilablar» xəstəliyindən əzab çəkən «yurdu viran sədr» hələ də anlamaq istəmir ki, Azərbaycanda onun həvəsində olduğu inqilablar, mitinqlər üçün heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi şərait yoxdur. Bütün dünya ictimaiyyətinin Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətindən danışdığı, Xankəndini azad etməklə, qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə suverenliyini tam təmin edən Azərbaycan haqiqətlərini etiraf etdiyi bir məqamda Əli Kərimlinin sərsəm, isterik sayıqlamaları siyasi karlıq və korluğun əlamətidir. Son günlərdə dünya ictimaiyyətini növbəti dəfə heyrətə salan Azərbaycanın heç bir silah işlətmədən qeyri-anklav dörd kəndini azad etməsi xəbərini duymaq, eşitmək istəməyən Əli Kərimli sevinmək əvəzinə erməni dayıları kimi yasa batıb. Səbəb isə dəyişilməzdir. Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri boşa çıxan, fiaskoya uğrayan AXCP sədrinin trollar tayfası qrantlardan az da olsa qoparmaq üçün Əli Kərimli obrazında danışır. Bu hallar bir daha göstərir ki, düşərgədə belə siyasi isterik kimi tanınan Vətən xaini müsavatçı Tofiq Yaqublunun ermənii separatizminə «rəğbəti» AXCP-nin hər üzvünün tutulduğu mərəzdir. AXCP sədri Əli Kərimli, «Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli kimi özünə oxşarlarla yaxınlıq edib, sonradan rəqiblərə çevrilən Tofiq Yaqublu özünü bu üçlüyün göz müncuğu hesab edir. «Mitinq» azarına tutulmuş
Əli Kərimli kimi ermənipərəstlərin əlində oyuncaq olan «Milli Şura»nın kağız üzərində sədri Cəmil Həsənli 44 gün ərzində Azərbaycan Ordusunun, igid əsgər və zabitlərimizin göstərdikləri rəşadəti, qəhrəmanlıqları heçə endirməklə Milli Ordumuzda yaranan döyüş əhval - ruhiyyəsini, vətənpərvərlik hisslərini zəiflətmək istəsə də niyyətinə çata bilmir.
 Torpaqlarımızı vaxtilə Ermənistana satan Əli Kərimlinin və AXC-Müsavat iqtidarındakı səriştəsizlərin xəyanətlərini arxa planda göstərənlərin, buqələmun siyasəti yeridənlərin,
korporativ maraqları naminə Vətəni satanların mitinq sevgisinin məqsədi xəyanətlərini ört-basdır etməkdir.

Milli Ordumuza qarşı sosial şəbəkələrdə xəyanətkar ifadələr işlədən antimilli ünsürlərin «Çox üzücüdür ki, Azərbaycan öz torpaqlarını Putinin Paşinyanı devirmək planının icrası nəticəsində azad edib» sözlərini heç erməni xislətlilər belə söyləməzlər.
«Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli daha irəli gedərək ABŞ Konqresi Nümayəndələr Palatasının Ukrayna üçün həyati önəm kəsb edən yardım paketinin təsdiqini ağızdolusu tərif edir. Amma unudur ki, min cür böhtan, şər-şamata yağdırdıqları Azərbaycan iqtidarı heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım almadan 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını öz gücünə, Prezident İlham Əliyevin siyasi, iradəsi qətiyyəti, Milli Ordumuzun rəşadəti, xalqın birliyi sayəsində azad etdi. Bu həqiqəti görməyənlər üçün deyilib ki, xəyanətdən yoğrulan yad tikə dadlı olar.

AXCP sədrinin müavini Ayaz Məhərrəmli sosial şəbəkədə lap gül vurub. 2-3 nəfərlik qruplar şəkilində « fəaliyyət göstərdiklərini» ürək ağırsı ilə etiraf edir. «Hə, ola bilər deyərsiniz ki, yalnız sosial şəbəkələrdə yazmaqla, deməklə, etiraz etməklə iş bitmir. Bu etirazların daha effektiv olması üçün mitinqlər olmalıdır. Bu tələblər meydanlarda daha uca səslə səsləndirilməlidir. Bu yerdə haqlısınız, amma axı hazırda həmin müxalifətin sizlərin tələblərini meydanlarda səsləndirmək, mitinqlər təşkil etmək imkanları yoxdur» sözlərinin müəllifi Ayaz Məhərrəmliyə xatırladaq ki, müxalifətin olmamasının əsas səbəbi onların xalqa müxalif olmaları, sosial bazalarının yoxluğudur.
 Vaxtıilə «maydan hərəkatı»nı təqlid edib, «gürcü baharı»nı yamsılayan, bərli-bəzəkli köynəklər geyinməklə özlərini kimlərəsə oxşatmağa çalışanlara xatırladaq ki, özünüzü bənzətməyə çalışdığınız ölkələrin müxalif qüvvələri dar ayaqda ölkələrinin qurtuluşu, müstəqilliyi naminə birləşməyi bacarırlar. Sizin kimi nankor, naxələf, Vətən xainləri deyillər.

Xuraman İsmayılqızı, «İki sahil»