18 aprel 2024 13:15
318

“Cığır” romanının Dövlət mükafatına təqdim olunmasını müsbət qiymətləndirirəm - Ramiz Qusarçaylı

Yunus Oğuz Azərbaycan ədəbiyyatında tarixi əsərlər müəllifi kimi öz möhürünü vurmuş məhşur yazıçılarımızdan biridir. Mən Yunus Oğuzun əsərlərini maraqla izləmişəm, bu gün də o əsərləri oxuyuram. Həmçinin bölgədə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi Quba Böməsinin, eləcə də digər dərnəklərin üzvləri ilə görüşlərdə daim Yunus Oğuzun əsərləri barədə geniş məlumat verirəm. Eyni zamanda, əsərləri oxuyan hər kəslə o əsərlərin müzakirəsi aparılır. Çünki, Yunus Oğuzun tarixi əsərləri barədə fikir müzakirəsi aparmaq həm asandır, həm də şərəflidir.

“İki sahil” xəbər verir ki, bu sözləri  şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün  Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib:  "Yunus Oğuz  təkcə "Cığır" romanında böyük sənətkaqlıqla həm tarixiliyi, həm də müasirliyi bir-birinə bağlayır. Böyük ustalıq və nasir məharəti ilə elə səhnələr yaradıb ki, oxucu əsəri oxumağa başlayandan bitirənə qədər özünü hadisələrin içində hiss edir.  Romanda bizim müqəddəs Şuşa şəhərinin qurucusu Pənahəli xanın mürəkkəb bir dövrdə Şuşanı paytaxt seçdiyi, etibarlı yer axtarıb şəhər seçimi ilə əlaqədar o qalanı müəyyən etdiyi, o strateji mövqe, Azərbaycan tarixində çox böyük rol oynayan mühit  incə notlar və gözəl cizgilərlə təsvir olunub. "Cığır" romanı son illərdə öz üslubuna sadiq qalan bir nasir kimi Yunus Oğuzun böyük uğurudur. Bu uğurun içində Bütöv  Azərbaycan sevdalı bir yazıçının arzuları və duyğuları var.  Elə bu romana ad seçimi də Qarabağda ərazi bütövlüyümüzü bərpa edən bir yazıçı qələminin təxəyyülünün ilk çığırıdır. Bu cığır əminəm ki, Bütöv Azərbaycan, hətta Böyük Turana gedən yola çevriləcək. "Cığırın" işığı, səs-sədası uzun illər bizimlə bir yerdə olacaq. Mən Yunus Oğuzun "Cığır" romanının  Dövlət mükafatına təqdim olunmasını müsbət qiymətləndirirəm. Elə bilirəm ki, öz əsərim bu mükafata təqdim olunub. Çünki mən də Vətəni nəzmlə  yazmışam,  Ali Baş Komandanın obrazını nəzmlə yaratmışam. Elə bilirəm ki, Yunus Oğuza verilən mükafat həm də mənə verilən mükafat olacaq. Ümumilikdə  Azərbaycanın bütün vətənpərvər  yazıçılarının əməyinə verilən qiymət olacaq. Yunus Oğuza yeni uğurlar arzu edirəm!"