15 aprel 2024 22:33
486

Radikal müxalifət cəmiyyətdə qarşıdurma və ixtilaf yaratmaq üçün yeni “ev tapşırığı” alıb

“Milli Şura”nın aprelin 21-nə planlaşdırılan mitinqi anti-Azərbaycan  dairələrin, erməni lobbisinə yaxınlığı ilə tanınan məkrli xarici qrant fondlarının sifarişidir

Ölkəmizdə fəaliyyət göstərən radikal müxalifətin “başbilənlərinə” xaricdəki ağalarından yeni təlimat gəlib. AXCP sədri Əli Kərimli də həmin təlimat və tezislərin mürəkkəbi qurumamış, tələm-tələsik aprelin 21-də saat 15-də özünün əmrəmüntəzir qulbeçələrinin toplandığı “Milli Şura” adlı antimilli qurumun mitinqini keçirmək barədə dırnaqarası qərar verib. Ona görə dırnaqarası deyirik ki, bu qərar ölkəmizdəki radikal müxalifətə səxavətlə qrant paylayan, erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi xarici fondların rəhbərliyi tərəfindən verilib. Ə.Kərimli isə sadəcə həmin dairələrin “ev tapşırığı”nı yerinə yetirirək, necə deyərlər, mitinqin vaxtını elan edib. Məhz AXCP sədrinin tapşırığı ilə “Milli Şura”nın təmsilçiləri aprelin 21-də mitinq keçirilməsinə şərait yaratmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu məsələnin birinci tərəfi. İndi də keçək məsələnin digər tərəfinə.

İlkin olaraq da belə bir sualla başlayaq: Nədən “Milli Şura” durub-durubkən aprelin 21-nə mitinq təyin edir? Elə iş də burasındadır. Belə ki, Ə.Kərimlinin sözlərinə görə, bir neçə ay sonra ölkədə parlament seçkiləri keçiriləcək və onlar etiraz aksiyaları ilə vəziyyəti minimal olsa da dəyişmək niyyətindədirlər. Qəribə məntiqdir. Əvvəla, görəsən, Ə.Kərimli haradan bilir ki, ölkədə bir neçə ay sonra parlament seçkiləri keçiriləcək? Bu barədə heç bir rəsmi açıqlama yoxdur. Belə olan halda, bizə görə hələ də ötən əsrin 90-cı illərinin küçə psixologiyasından və məkrli niyyətlərindən əl çəkə bilməyən marginalların yeni mitinq qərarı təxribatdan başqa bir şey deyil. Heç kimə sirr deyil ki, “Milli Şura”nın yeni “mitinq” qərarının arxasında tamam məqsədlər dayanır.

Məsələni yaxından aydınlaşdırmağa çalışaq. Hamımız yaxşı bilirik ki, bu gün bütün dünyada təxminən eyni mərkəzlərdən idarə olunan xaotik, anlaşılmaz qanlı olay və proseslər baş alıb gedir. Yəni, belə demək mümkünsə, bu gün planetimiz təlatümlü dənizi xatırladır.

Dünyada gedən qızğın proseslər isə bu dənizdə böyük fırtınalar və dağıntılar yaradan qasırğaya bənzəyir. Bir tərəfdə Ukrayna məsələsinə görə şimal qonşumuz Rusiya ABŞ başda olmaqla bütün Qərb dünyası, NATO ölkələri ilə qarşı-qarşıya dayanıb. Cənub qonşumuz İran ilə İsrail, Fələstin ilə Təl-Əviv arasında uzun illərdən bəri davam edən qarşıdurmalar pik nöqtəsinə çatıb. Livan, Suriya, Yəmən, Liviya daxil olmaqla Yaxı Şərq atəş çəmbərinə çevrilib. Həmçinin Cənubi-Şərqi Asiyada Çin-Tayvan münasibətləri getdikcə gərginləşir. Rusiya, Çin, ABŞ və və Ağ evin müttəfiqləri Mərkəzi Asiya regionu uğrunda qarşıdurmanı davam etdirirlər. Yenə həmin güc mərkəzlərinin geosiyasi maraqları üzündən Cənubi Qafqaz, yəni bizim bölgəmiz yeni qarşıdurmaya sürüklənir.

Bundan başqa, qlobal istiləşmə, quraqlıq, daşqınlar bəşəriyyəti aclıq, yoxsulluq kimi humanitar fəlakət təhlükəsi ilə üz-üzə qoyub. Bütün bunların fonunda, demək olar ki, Üçüncü Dünya müharibəsinin başladığı bir dövrdə ölkəmizin başçısının uzaqgörən siyasəti, qeyri-adi əzmkarlığı, iradəsi, dərin zəkası və mahir diplomatiyası ilə Azərbaycan adlı gəmini bu təlatümlü dənizdən peşəkarcasına çıxarmaq üçün bütün lazımi addımları atır. Məhz dövlət başçısının rasional, düşünülmüş və praqmatik xarici siyasəti, eləcə də ölkə vətəndaşlarının maraqlarının təminatına yönəlmiş uğurlu daxili syasəti sayəsində Azərbaycan sözün əsl mənasında təhlükəsizlik, stabillik və rifah adasına çevrilib. Prezidentimiz tərəfindən xalqımızın milli mənafeyindən irəli gələn müstəqil siyasətin həyata keçirilməsi sayəsində İkinci Qarabağ müharibəsində, eləcə də lokal antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərabaycanda təhlükəsizliyin, sabitliyin bərqərar olması, ölkəmizdə xalq-iqtidar birliyinin monolitliyi həmin qüvvələri ciddi narahat edir.

Təbii ki, bütün bunlara görə yuxusu ərşə çəkilən həmin şər qüvvələr  radikal müxalifət qüvvələrindən istifadə edərək regionla bağlı geosiyasi maraqlarını, məkrli niyyətlərini gerçəkləşdirmək, ölkəmizi bu qanlı proseslərə cəlb etmək üçün ən alçaq üsullara əl atırlar. Birmənalı demək lazımdır ki, son zamanlar dağıdıcı müxalifət tör-töküntülərinin ölkəmizin əleyhinə həyasızcasına səsləndirkləri əsassız iddialar, hədyanlar məlum dairələrin təlimatlarından və tezislərindən qaynaqlanır.

Birmənalı demək lazımdır ki, məkrli qrantların sifarişi ilə aprelin 21-nə təyin edilən mitinq radikalların cəmiyyətdə növbəti qarşıdurma cəhdindən başqa bir şey deyil. Radikalların sırasında yaşanan daxili rəqabətin təzahürü olan mitinq-şou antimlli ünsürlərin cəmiyyətdə ixtilaf yaratmaq niyyətlərinə xidmət edir. Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan bu marginalların yeganə ümidi hər zaman olduğu kimi küçə iğtişaşlardır. Qətiyyətlə deyə bilərik ki, regionda və dünyada yaşanan hadisələr fonunda insanları küçə iğtişaşlarına səsləmək xainlik və məsuliyyətsizilkdir.

Bu xəyanətkar zümrə siyasi dialoqu inkar etməklə siyasətdə mövcudluqlırına dair mənəvi haqlarını itiriblər. Ona görə də xalqımız hər zaman olduğu kimi radikalların məkrli və xain niyyətlərinə yox deyəcək və dövlətə qarşı olan heç bir avantürada iştirak etməyəcək.

Bütün bunların fonunda birmənalı demək olar ki, korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyətini itirən qaragüruhçuların milli birliyimizə xələl gətirmək, cəmiyyəti çasdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq göstərdikləri xəyanətkar fəaliyyət fiaskoya uğrayacaq.

Zahid Rza, “İki sahil”