12 aprel 2024 12:12
391

Kristina Kvienin xam xəyalı... - ŞƏRH

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvien ənənəsinə uğun olaraq növbəti dəfə sayıqlayıb. Belə ki, səfir bu dəfə Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib. Yəqin, bu xanım səfir bilməmiş deyil ki, ötən ilin sentyabr ayının 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməniəsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq. Amma onlar bunu qəbul etmədilər və  Ermənistana üz tutmağa üstünlük verdilər. Rəsmi Bakı da onların onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Şübhəsiz, bu onların Qarabaq iqtisadi rayonunu könüllü tərk etmələrinə dəlalət edir. Bir sözlə, Azərbaycan tərəfi Qarabağdan erməni əhali¬nin köçündə heç zaman maraqlı olmayıb. Bu mənada demək olar ki, bu məsələ tamamilə qapanıb. Hətta dünyanın bir sıra ölkələri, o cümlədən bəzi beynəlxalq qurumlar Qarabağı könüllü tərk edən vətəndaşların Ermənistanda layiqli həyatla təmin olunmaları məqsədilə kifayət qədər maliyyə də ayırıblar və ayırmaqda davam edirlər.

Bəs belə olan təqdirdə cənab səfir oturub-durduğu revanşistlər kimi hansı qayıdışdan, hansı məsələnin qapanmamasından ağızdolusu danışır. Halbuki, ağızdolusu danışmağa o qədər fakt var ki… Məsələn, yaxşı olardı ki, hayların qayıdış hüququndan danışan  səfir akkreditə olunduğu ölkədən heç olmasa sonuncu etnik təmizləmə nəticəsində öz yurd-yuvalarından vəhşicəsinə qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini nəzərə alaydı. Halbuki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir. Di gəl,  ermənilərin Qarabağa qayıtmasından danışan bu xanım azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasından bir kəlmə söz açmayıb. 

Yəni, ölkəsinin maraqlarından çıxış edən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulmasına, onların mədəni irsinin dağıdılmasına və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsinə göz yumur. Yaxud da bu məsələ ilə bağlı ermənipərəstlərin “cızdığı xət”dən kənara çıxmağa özündə cəsarət tapmır. Qərbi Azərbaycan İcmasının ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavabında bildirdiyi kimi, görəsən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?

Şübhəsiz, bu da Kristina Kvienin Fransanın Ermənistandakı səfiri Olivye Dekottini kimi  ermənipərəstliyindən irəli gəlir. Odur ki, o da reallıqları nəzərə almadan ifrat dərəcədə ermənipərəstliyini açıq-aşkar şəkildə bir daha ortaya qoyur. Belə çıxır ki, heç bir fakta istinad etmədən, ağıllarına gələni danışmaq avropalı diplomatlar, o cümlədən Kristina Kvienin üçün adi haldır.  Bütün bunlar isə o deməkdir ki, səfir Kristina Kvien Qərbin maraqları naminə regionda vəziyyəti gərginləşdirməyə çalışır, həm də Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhdlər edir. Elə iki dövlət arasında sülhün bərqərar olmasını istəməyən də, bu məqsədlə təcavüzkar ölkəni silahlandıran da Makron təbiətli Kristina Kvien kimi siyasətçilərdir.

Amma bu bir həqiqətdir ki, həmin səfirin nələr sayıqlamasından asılı olmayaraq, rəsmi Bakı haqq yolundan heç zaman dönməyəcək və bununla da Qarabağ probleminin tamamilə qapandığını bir daha nümayiş etdirəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”