11 aprel 2024 20:22
453

Bölgələrimiz inkişaf və tərəqqi yolunda: Vətəndaş məmnunluğu əsasdır

Dövlət başçısının regionlara səfərləri bölgələrin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

Hazırda bölgələrimiz inkişaf və tərəqqi yolundadır. Şübhəsiz,  görülən işlərin əsas məqsədi qeyri-neft sektorunun,  regionların tarazlı inkişafını təmin etmək,  onların simasını müasir standartlara uyğunlaşdırmaq, həmçinin əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, o cümlədən yeni  iş yerləri açmaqdır. Bütün bunlara da nail olunur. Elə son illər elektrik enerjisi və içməli su təchizatı, qazlaşdırma, yol infrast¬rukturu, suvarma, sosial infrastruktur layihələrinin uğurla icra edilməsi, müasir səhiyyə müəsissələrinin, məktəblərin inşa olunması bunu bir daha sübut edir. Özü də bu proses getdikcə geniş vüsət alır. Çünki Prezident İlham Əliyevin bildirdiyi kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

Bəli, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən Hacıqabul, Gəncə və Qəbələdə də  böyük infrastruktur layihələrin icrası uğurla davam edir. Dövlətimizin başçısının aprelin 9-da həmin məkanlarda olarkən hər birimiz bunun bir daha şahidi olduq. Qeyd edək ki,  Prezident İlham Əliyev bu səfərlər çərçivəsində bir sıra mühüm obyektlərin, o cümlədən Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun,  Gəncə İdman Sarayının, 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının,  “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin,  Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun, Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışlarında iştirak edib.

 

Həmçinin, Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi, Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi  ilə tanış olub. Dövlətimizin başçısı Gəncə şəhər stadionunun təməlini də qoyub.  Bütün bunlar da Hacıqabulda, Gəncədə, Qəbələdə birmənalı olaraq vətəndaş məmnunluğu yaradıb. Çünki hər bir vətəndaşımız yaxşı başa düşür ki,  görülən bu kimi işlər inkişafa və tərəqqiyə, onun daha yaxşı yaşamasına xidmət edir. Bəli, mübaliğəsiz demək olar ki,  regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bütövlükdə Azərbaycanın hər bir bölgəsinə yeni həyat bəxş etməkdədir. 

Prezident işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib

Yeri gəlmişkən bildirək ki, son illər  dövlətimizin başçısı hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirib, açılış və təməlqoyma mərasimlərində iştirak edib, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olub.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Şübhəsiz, bu faktlar Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunmalıdır. Şübhəsiz, butün bu addımlar ölkəmizdə qeyri-neft sektorunun inkişafına da töhfəsini verməkdədir. Elə hər il bu sahə üzrə olan artım da bunu sübut edir. Bu isə o deməkdir ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə nail olunacaq.

Bəl, dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, qeyd edək ki, bu gün Azərbaycanın bütün regionlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da genişmiqyaslı tikinti, bərpa-quruculuq tədbirləri həyata keçirilir. Hətta qısa zaman kəsiyində  Füzuli, Zəngilan hava limanları inşa olunaraq istifadəyə verilib. Bu mənada demək olar ki,  hər bir bölgəmizin sosial-iqtisadi inkişafı  ölkəmizin regionda lider dövlətə çevrilməsinə də hesablanıb.. 

Qvami Məhəbbətoğlu, “İki sahil”