27 sentyabr 2026 18:06
123

Daha yaddaqalan, daha tarixi, daha dünyəvi beynəlxalq forum

Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı plan­laşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında  eti­barlı zəmin yaradır. İnvestisiya baxımından müxtəlif vaxtlarda beynəlxalq forumlar keçirilib. II Azər­bay­can Beynəl­xalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışında Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev indiyə kimi görülmüş işləri, iqtisadiyyatın müxtəlif sektorlarını təm­sil edən aparıcı beynəlxalq şirkətlərin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini, əlve­riş­li investisiya mühitinə görə Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollarından çox inves­ti­si­ya cəlb olunduğunu xatırladaraq bildirdi ki, “...biz iqtisadi inkişafın ümumi tenden­siyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var...”

Dövlət başçımız çıxışında iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsinin logistika, nəqliyyat və bağlantılar olduğunu, Azərbaycanın fiziki infrastruktur yaratdığını, investorlar üçün daha an­la­şılan biznes mühiti formalaşdırdığını, dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşu­lar­la birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışdığımızı da bildirərək qeyd etdi ki, “Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər”.

Ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam bərpa olunması Azərbaycanın bey­nəlxalq nüfuzunu daha da yüksəldib. Tolerant dövlət kimi, bəşəri dövlət kimi, siyasi və iqtisadi nüfuzu yüksələn Azərbaycan etibarlı tərəfdaş kimi ikitərəfli iqtisadi əlaqələri daha müxtəlif istiqa­mətlərdə və daha müxtəlif formatlarda genişləndirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında daşımaların həc­mini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşu­larımızla fəal əməkdaşlıq prosesindəyik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu gün olduqca aktual olan bir amili də xatırlatdı: dünyada ən önəmli amil si­yasi və iqtisadi sabitlikdir. İştirakçılar bu amilin gərəkliyini istər öz dövlətlərinin timsalında, is­tər­sə də münaqişəyə cəlb olunmuş dövlətlərin timsalında yaxşı bildiyindən dövlət başçımızın dediklərini bu Forum üçün qeyri-rəsmi beynəlxalq tezis kimi dinlədilər: ““Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında zaman anlamında Azər­baycanın dünənlərini də xatırlatdı. Bu xatırlatma da, Azərbaycan adlı bir məmləkətin zəngin yeraltı sərvətləri haqqında dedikləri də, o vaxtlar müasir anlamda ölkə olmasa da Azərbaycanın bu sər­vətin, konkret olaraq neftin hasil edildiyi ilk ölkə olduğunun qürurla bildirilməsi də, bizim “...neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkət­lər­də qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik” fikri də ehtiramla dinlənildi.

Dövlət başçımız Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın bir müddətdə işğalda saxladığını, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik Azərbaycan Ordusunun tor­paq­larımızı işağaldan döyüşlə azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olun­du­ğunu xatırladaraq dedi: “Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, mü­­haribələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bü­töv­lüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıq­dırlar...”

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mahiyyət baxımından dünyəvi bir prosesin da­ha səmərəli inkişafını əhatələməklə Azərbaycan gerçəklikləri fonunda daha yaddaqalan, daha ta­ri­xi, daha dünyəvi oldu...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı