10 aprel 2024 21:47
454

Regionların sosial-iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlib - FOTO

İqtisadi tərəqqi güclü sosial siyasət ilə tamamlanır. Azərbaycan son 20 ildə uğurlu islahatlar nəticəsində sosial dövlət kimi beynəlxalq nüfuzunu möhkəmləndirib. Vətəndaş amilinin dövlət siyasətinin əsasında dayanması beynəlxalq aləmdə yüksək dəyərləndirilir.  İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafının əsasıdır.

Regionların inkişafı sahəsində uğurla həyata keçirilən Dövlət proqramlarında, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident sərəncamlarında nəzərdə tutulan vəzifələrin uğurlu icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin edib. Bundan əlavə, həyata keçirilən tədbirlər regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşmasına yeni imkan yaradıb.

Respublikamızda sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Bu proqramın uğurlu icrası nəticəsində hazırda respublikamızın müxtəlif rayonlarında geniş abadlıq-quruculuq işləri sürətlə davam etdirilib, eləcə də irimiqyaslı sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilib. Hazırda bölgələrdə yeni məktəblər, xəstəxanalar, DOST, “ASAN xidmət” mərkəzləri və.s inşa olunur, yeni yollar çəklir.

Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirir, açılış və təməlqoyma mərasimlərində iştirak edir, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olur. Ümumiyyətlə, dövlətimizin başçısının bölgələrə səfərlərinin müntəzəm xarakter daşıdığını aşağıdakı rəqəmlərdən də görmək olar. Bu səfərlər Naxçıvan, Gəncə–Daşkəsən, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur.

Ümumilikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələrin reallaşdırılması ölkə başısının daim diqqət mərkəzindədir. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, əhaliyə göstərilən dövlət xidmətinin keyfiyyəti daha da yaxşılaşmışdır.

Təbii ki, ölkə başçısının regionlara davamlı səfərləri xüsusi məqamlarla yadda qalır. Dövlətimizin başçısı bölgələrə hər səfərində yeni-yeni müəssisələrin və sosial-iqtisadi infrastruktur layihələrinin açılışında iştirak edir.

Biz bunu son olaraq bu il Prezident İlham Əliyevin Lənkəran, Neftçala, Hacıqabul, Gəncə və Qəbələyə səfəri zamanı da şahidi olduq.  Yanvarın 16-da Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində burada yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə, həmçinin “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə, “Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olması bunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin, həmçinin yanvarın 16-da Neftçala rayonuna səfəri çərçivəsində Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak etməsi bölgələrdə əhalinin gündəlik həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı sosial proqramların uğurla reallaşdırılmasının əyani sübutudur. Dövlət başçısı aprelin 9-da Hacıqabulda 8 məntəqəni birləşdirən avtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Göründüyü kimi, bütün obyektlər sosial və iqtisadi təyinatlı olmaqla, həmin rayonların sakinlərinin sağlam, firavan yaşayışına xidmət edəcək.

Anar Miriyev, "İki sahil"