10 aprel 2024 09:57
484

Türkiyə-Azərbaycan Universiteti: Sarsılmaz birlik və qardaşlığın növbəti rəmzi

Dərin tarixi-mədəni köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətləri bu gün ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Son illərdə iki xalqın daha da yaxınlaşmasının, ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının təməlində Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın xüsusi səyləri, səmimi dostluğu və bir-birilərinə olan etibarı dayanır. Azərbaycanla Türkiyə arasında həm hərbi, həm də digər sahələrdə əməkdaşlığın yüksək sürətlə inkişaf etməsində Şuşa Bəyannaməsinin rolu xüsusi vurğulanmalıdır.

Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Türkiyənin Vətən müharibəsi dövründə və ondan sonra verdiyi siyasi dəstək, həmçinin Ankaranın Qarabağın inşasına xüsusi diqqət ayırması iki xalqın dostluğunun daha da möhkəmlənməsinə böyük töhfə verir.

Hazırda Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir və günü-gündən genişlənir. Bu inkişaf siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərir. İki qardaş ölkə təhsil əlaqələrinin gücləndirilməsi və mövcud əməkdaşlığımızın inkişafı istiqamətində sıx əməkdaşlığa nail olub, bunun üçün bir sıra sənədlər imzalanıb. Hər iki ölkənin prezidentləri tərəfindən dəstəklənən, ali təhsilə fərqli bir perspektiv gətirəcək Türkiyə-Azərbaycan Universitetinin yaradılması bunun əyani təsdiqidir. Universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və informatika sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.

Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanan Anlaşma Memorandumuna görə, bu ali təhsil müəssisəsində tədris türk və ingilis dillərində aparılacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər. Həmçinin bu ali təhsil müəssisəsi Türkiyənin ən nüfuzlu universitetlərini və ən yaxşı proqramlarını Bakıda bir araya gətirəcək. Bu, daha əvvəl oxşar məqsədlər üçün yaradılmış Qırğızıstan-Türkiyə Manas Universiteti və Ahmet Yesevi Universitetindən fərqli bir model olacaq. İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfində olacaq.

Yeni yaradılacaq universitet vasitəsilə Türkiyədə akademik biliklər Azərbaycana, bütün regiona və dünyaya ötürüləcək. Universitet üçün maddi-texniki tələblər Azərbaycan tərəfindən, akademik məsələlər isə Türkiyə tərəfindən təmin ediləcək. Rektor və prorektorların necə seçiləcəyinə və hansı meyarların tətbiq olunacağına qəyyumlar şurası qərar verəcək.

Bu il Azərbaycan-Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi də artıq məlumdur. Belə ki, mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 nəfər tələbənin təhsil alacağı yeni yaradılacaq bu universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən10 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

Təbii ki, bu universitetin yradılması siyasi, iqtisadi, mədəni və tarixi əlaqələrimizə görə labüddür. Sevindirici haldır ki, bu gün Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində qabaqcıl yerlərdədir. Həmçinin bu universitetlərin məzunları dünya standartlarına və əmək bazarının tələblərinə tamamilə uyğun gəlir.

Bildiyimiz kimi, ölkəmizdə Azərbaycan-Fransa Universiteti, Rusiyanın bir neçə ali məktəbinin filialları fəaliyyət göstərir, amma Türkiyə-Azərbaycan Universiteti yox idi. Bu universitet həm iki qardaş ölkə arasında əlaqələrin inkişafında, həm də bütün türk dünyası ilə mədəni, iqtisadi, təhsil sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Ölkəmizin başçısının bildirdiyi kimi, bu mühüm addım sadəcə olaraq təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Əminliklə demək olar ki, Azərbaycan-Türkiyə Universiteti ölkəmizin təhsilinə böyük töhfələr verəcək. Bu universitetin təsis edilməsi, həmçinin Vətən müharibəsində uğurla sınaqdan çıxan və Şuşa Bəyannaməsi ilə möhkəmlədirilən münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəkdir.

Zahid Rza, “İki sahil”