Yaxşı olardı ki, İranın molla rejiminin başbilənləri əmmamələrini qarşılarına qoyub regionda gedən proseslər barədə əməlli-başlı fikirləşsinlər
Bəzi dövlətlər aprelin 5-də Brüsseldə Cənubi Qafqazda status-kvonu dəyişmək planının müzakirə olunduğu ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransına həm bu tədbirdən öncə, həm də sonra öz etirazlarını qəti şəkildə bildirdilər. Region dövlətləri - Azərbaycan, Rusiya, Türkiyə rəsmiləri bəyan etdilər ki, bu görüş Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına hesablanıb. Daha doğrusu, Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən hazırda Cənubi Qafqazda proseslərin çox təhlükəli istiqamətdə getdiyini, Brusseldə cızılan planın gələcəkdə böyük fəlakətə gətirə biləcəyini bildirdi. Həmin görüşdə dövlət başçımızın fikirlərini dəstəkləyən Mövlud Çavuşoğlunun münasibəti də kifayət qədər diqqətçəkən oldu: “Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar”. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi isə görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdi kimi qiymətləndirib.
Amma “regional problemləri region ölkələri özləri həll etməlidirlər, Cənubi Qafqaza regiondankənar qüvvələrin gəlməsi Tehranın “qırmızı xətti”dir” deyən, xristian birliyinin köməyinə arxalanan təcavüzkar Ermənistanla əməkdaşlığı getdikcə dərinləşdirən, Zəngəzur dəhlizinin açılmasına maneələr törədən İran hələ də bölgədə yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlmiş 5 aprel görüşü ilə bağlı rəsmi mövqeyini ortaya qoymayıb. Yeri gəlmişkən qeyd edək ki, İran Fransanın təşəbbüsü ilə Ermənistanın sərhədə Aİ-nin “mülki” missiya gətirməsinə, artıq bu missiyanın NATO-nun müissiyasına çevirlməsinə, ötən il Ermənistanla ABŞ-ın birgə hərbi təlimlər keçirməsinə, bu yaxınlarda amerikalı hərbi təlimatçıların təcavüzkar ölkəyə gəlməsinə, ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılmasına da reaksiya verməyib. Bütün bunlar o deməkdir ki, Hayastan fars-molla rejiminin bəyan etdiyi “qırmızı xətt”i artıq çoxdan keçib. Bu da səbəbsiz deyil. Belə ki, bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvan mövcud məsələləri Tehranla yüksək səviyyədə müzakirə edir. Təkcə bu faktın özü bütün bu kimi məsələlərdə İranla razılaşdırıldığını bir daha sübut edir. Başqa sözlə desək, susmaq, yəni mövqe sərgiləməmək özü də ortada razılaşma olduğuna dəlalət edir. Elə bu səbəbdən adi məsələlərə görə Azərbaycana hədə-qorxu gələn, ölkəmizə qarşı ağlagəlməz ittihamlar səsləndirən İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması, hayların daha böyük iddialara düşməsi, Brüsseldə yeni təxribatlara rəvac verilməsi fonunda rəsmi İrəvana “gözün üstə qaşın var” demir. Yeri gəlmişkən qeyd edək ki, “müsəlmançılıq”dan dəm vuran İran hayların ərazilərimizi 30 il işğal altında saxlamasına, soydaşlarımıza zülmlər edilməsinə, məscidlərin təhqir olunmasına göz yumub. Hətta mollakratiya 44 günlük müharibədən sonra belə ermənilərə yanacaq daşıyıb, Qarabağ ərazisinə 32 İran vətəndaşının gizli səfərini təşkil edib. Şübhəsiz, bu, mollakratiyanın Ermənistana olan tükənməz “sevgi”sindən irəli gəlir. Amma görünən budur ki, mollakratiyanın bu “sevgi”si onun öz başına bəla olacaq.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Fələstində on minlərlə müsəlmanın qətlinə yalnız “bəyanatlarla” münasibət bildirməklə kifayətlənən, İsrail-Azərbaycan əməkdaşlığına görə Bakını hədələyən, xarici siyasətində “müsəlman təəssübkeşliyi”indən əsər-əlamət olmayan İran Qərbin regiona gəlişindən əsla əndişələnmir. Halbuki, İran həm ABŞ, həm də Aİ ilə xoş münasibətdə deyil. Şübhəsiz, bu məsələdə digər məqamlar da var. Görünür, İran qanunsuz neft satışına, həmçinin nüvə proqramına göz yumulması müqabilində ABŞ ilə gizli oyun qurub. Məhz bu səbəbdən baş verənləri görməzdən gələn mollakratiya Qərbin Yaxın Şərq və Cənubi Qafqazdakı siyasətinə qarışmır. Fars-molla rejimini narahat edən yalnız və yalnız Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməməsi və ölkəmizin regionda söz sahibi olmasıdır. Elə bu səbəblərdən nə olursa-olsun, təki Azərbaycana qarşı olsun düşüncəsi ilə hərəkət edən və ölkəmizi həmişə zəif görmək istəyən İran dövlətimizin güclənməsini özü üçün təhdid sayır. Hətta bu məsələdə iş o yerə çatıb ki, mollakratiya Təbriz stadionunda yerli “Traktor” və İsfahanın “Sepahan” futbol komandaları arasında keçirilən görüşdə Azərbaycan bayrağı qaldıranları həbs edib.
Bütün bunlar azmış kimi, İranın hava yollarına məxsus yük təyyarələri Ermənistana silah daşımaqda davam edir. Bəli, açıq-aşkar görünür ki, İran da Ermənistanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Göründüyü kimi, artıq İran bu gün Şərqin Fransası funksiyasını yerinə yetirir. Yaxşı olardı ki, mollakratiya rejiminin başbilənləri əmmamələrini qarşılarına qoyub bütün bunlar barədə əməlli-başlı fikirləşsinlər.
Əminliklə demək olar ki, İranın bu kimi addımları Azərbaycan xalqının və onun lideri cənab İlham Əliyevin iradəsini sarsıda bilməyəcək, ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı alınacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”