07 aprel 2024 14:10
389

Türk dünyasının birliyi qaçılmazdır

Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun

Aprelin 5-də Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən dövlətimizin başçısı qonağa ölkəmizdə böyük hörmət bəsləndiyini vurğulayıb. Prezident Çavuşoğlunun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib, xalqımızın bunu çox dəyərləndirdiyini qeyd edib.

Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib. O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb. Hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir.

M.Çavuşoğlu sözügedən görüşdə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim bir ailəmiz adlandırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin bu çıxışında dediyi çox dəyərli fikirlər Türk dünyasında böyük məmnunluqla qəbul olunub.

Bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə söykənən dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. Bu il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi də iki ölkə arasında sarsılmaz birliyin nümunəsi oldu.

Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. Hazırkı münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə söykənir. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birilərinə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər.

Öz növbəsində Azərbaycan da Türkiyəyə ən çətin vaxtlarında qardaş dəstəyi göstərib. Ötən ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə lazımi dəstək üçün bütün imkanlar səfərbər olunub. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib. Eyni zamanda, bütün vətəndaşlarımız öz imkanları daxilində yardımlar edərək türk xalqı ilə çətin günlərdə həmrəylik nümayiş etdiriblər. Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Kahramanmaraş vilayətində tikinti işləri aparır. Bu barədə mətbuata bəyanatı zamanı məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevə və bütün Azərbaycan xalqına göstərilən həmrəyliyə görə təşəkkür edib.

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Çox sevindirici haldır ki, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Şuşada keçiriləcək. Bu Zirvə görüşünün Qarabağın rəmzi olan Şuşada keçirilməsi böyük məna kəsb edir. Bununla da, bir daha beynəlxalq birliyə mesaj veriləcək ki, Qarabağ tarixən Azərbaycan, türk torpağıdır.

Cavid Əkbərov, “İki sahil”