07 aprel 2024 12:08
398

Hayastan “qurbanlıq qoyun” rolunda

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından sonra ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell, Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamalarında təcavüzkar ölkənin  təhlükəsizlik təminatı, eləcə də hərbi yardım, o cümlədən hərbi pakt barədə heç  bir fikir bildirmədilər. Onlar sadəcə, Ermənistanın “iqtisadi inkişaf”ından, təcavüzkar ölkəyə ediləcək maddi yardımdan ətraflı söz açmaqla kifayətləndilər. Siyasətçilərin fikrincə, həmin mətbuat konfransında digər məsələlər də gündəmdə olub. Həqiqətən də  bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac vardımı? Əlbəttə, yox. Bu isə torbada pişik olmasına dəlalət edir.  Eyni zamanda, bu, bir daha Qərbin Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməsindən bir daha xəbər verir.

“Politiko” saytı yazır ki, Brüssel görüşü ərəfəsində rəsmi İrəvan Aİ və ABŞ-a Ermənistanın  silahlanmasına dair “sənədlər” təqdim edib.  Bu, bir daha göstərir ki, Brüssel görüşünün təşkilatçıları inkar etsələr də, 5 apreldə  hərbi komponentlər də müzakirə obyekti olub. Bu isə o deməkdir ki, istər Aİ, istərsə də ABŞ Ermənistanı silahlandırmaqda, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqda, bir  sözlə, təcavüzkar ölkənin əli ilə Cənubi Qafqazda möhkəmlənməkdə israrlıdır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirmişdi ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və fəlakətə gətirib çıxaracağını vurğulamışdı.

Şübhəsiz, gizlində qalan məqamlardan geosiyasi məqamları  sezməmək mümkün deyil. Belə ki, ABŞ və Aİ rəsmiləri  nə qədər desələr ki, 5 aprel görüşünün məqsədi Ermənistana sırf iqtisadi dəstək vermək idi, əlbəttə ki, bu,  belə deyil. Görünən budur ki, 100 il əvvəl olduğu kimi, bu gün də faktiki olaraq beynəlxalq aktorlar erməni mövzusunda birləşərək vahid mövqe ortaya qoyublar. Başqa sözlə desək, aprelin 5-də keçirilən Brüssel görüşü bir daha göstərdi ki, Qərbdəki bəzi dairələr XX əsrin əvvəllərində mövcud olan bədnam və məkrli “Vudro Vilson planı”nı, yenidən işə salaraq nəhəng bir coğrafiyanı təhdid edən “böyük Ermənistan”ı müzakirəyə çıxarmaq istəyirlər. Qərb dairələri tarixən ermənilərdən alət kimi istifaə edərək onlar böyük vədlər versələr də, ona əməl edə bilməmişdilər. 1920-ci ilin avqustunda Antanata dövlətləri ilə Osmanlı imperiyasın məğlubiyyətə uğramış höküməti arasında imzalanamış “Sevr” müqaviləsi bunun əyani təsdiqidir. O zaman ermənilər onlara qərblilər tərəfindən verilən vədlərin qarşılığında Osmanlı dövlətinə qarşı müharibəyə başlasalar da ağır məğlubiyyətə uğrayaraq verilən vədləri əldə edə bilmədilər. Görünən budur ki, Ermənistan tarixin dərslərindən nəticə çıxarmayaraq özünü zaman-zaman tələyə salır. Çox təəssüf ki, bəzi məkrli dairələr tərəfindən Ermənistandan bu gün də qonşu dövlətlərə qarşı istifadə olunur.

Qərb hazırda Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olan ayırıcı xətlər yaradır ki, bu da ölkəmizi təcrid etmək məqsədi güdür. Bəli, Ermənistanı alətə çevirən, onu qurbanlıq kimi irəli atan ABŞ və Aİ Cənubi Qafqazda qarşıdurma yaratmaq, yeni münaqişə ocağı alovlandırmaq və bununla da bölgəmizdə hegemonluq etməkdə maraqlıdır. Ermənistanın silahlandırılması, bu ölkəyə açıq maliyyə dəstəyi göstərilməsi, son olaraq Brüsseldə aparılan gizli sövdələşmələr fonunda bölgəmizin ciddi təhlükələr astanasında olduğundan xəbər verir. İndi di gəl, ABŞ Dövlət katibi Antoni Blinkenin “Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik” fikrinin səmimiyyətinə inan.

Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüşdə  Ermənistandan Qara dənizdən sualtı kabel vasitəsilə Avropaya enerji nəqlində maraqlı olduqlarını söyləyib:"Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik... Avropaya təmiz bərpa olunan enerji gətirə biləcək Qara dəniz kabeli kimi mühüm infrastruktur layihələrinə investisiyalarımız olacaq” Halbuki, o dərk etmir ki, Avropaya "yaşıl enerji"nin nəqli ideyası Prezident İlham Əliyevə məxsusdur və bununa bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi də imzalanıb.

Göründüyü kimi, ABŞ və Aİ Ermənistanı gücləndirməklə onu Rusiya, həmçinin Azərbaycanla qarşıdurma həddinə gətirməyə, Cənubi Qafqazı müharibə ocağına çevirməyə çalışır. Bu prosesdən də guya Ermənistan yararlanmağa çalışır. Görünən isə budur ki, bu gedişlərlə Qərb  öz maraqları naminə təcavüzkar ölkəni elə bir dalana salıb ki... Halbuki, bu gün bütün bölgə üçün ən optimal variant Qərbdəki oyunçuları kənarlaşdırıb, yalnız region ölkələrinin iş birliyini möhkəmləndirməkdir. Bir sözlə,  Emənistan üçün təhlükəsizlik ən optimal model Azərbaycanın təklif etdiyi sülh modelidir. Yəni, Ermənistanın gələcəyi üçün Azərbaycanla münasibətlər, sülh sazişi həyati əhəmiyyətlidir. Bu mənada Türkiyə kimi bir ölkə ilə razılaşmadan Hayastanın təhlükəsizliyin Qərbdə axtarıması Ermənistan üçün böyük problemlər yaradacağı şübhəsizdir. Hətta birmənalı şəkildə demək olar ki, Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir.  Bu oyunların sonu Ermənistanın parçalanmasına də gətirib çıxara bilər. Amma bir məsələni əminliklə vurğulayaq ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də Qərbin Çənubi Qafqazda gərginlik yaratmaq istəyini də fiaskoya uğradacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”