07 aprel 2024 00:12
385

Əli Kərimlinin xain və məkrli addımları artıq heç kimi təəccübləndirmir

Qərbdəki bəzi dairələr əzbər bilirlər ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək, qara yaxmaq, iki qardaş ölkə arasındakı münasibətlərlə bağlı ictimai rəyi düşməncəsinə manipulyasiyaya məruz qoymaq məqsədilə “kirli” texnologiyalardan istifadə etmək missiyasını yalnız və yalnız xəyanətkar AXCP sədri yerinə yetirə bilər

AXCP sədri Əli Kərimli son günlər Azərbaycan-Türkiyə münasibətlərinə ictimai rəy səviyyəsində xələl gətrimək, iki qardaş ölkə arasındakı əlaqələrə kölgə salmaq üçün sosial şəbəkələrdə davamlı olaraq təbliğat aparır. Təbii ki, Ə.Kərimlinin ictimaiyyət tərəfindən ikrah hissi ilə qarşılanan bu çıxışları erməni lobbisinin ölkəmizə qarşı informasiya mübarizəsinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Şübhəsiz, bütün bunlar insanlarda istər-istəməz   müəmmalı suallar yaradır. Görəsən, Ə.Kərimlinin Şuşa Bəyannaməsindən, iki qardaş ölkə arasında münasibətlərin dünyada bənzəri olmayan strateji müttəfiqlik səviyyəsində olmasından, eləcə də Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin aprelin 5-də Brüsseldə ABŞ-Aİ-Ermənistan arasında  keçirilən üçtərəfli görüş ilə bağlı yaydığı bəyanatdan, həmçinin Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun  Belçikanın paytaxtında keçirilən görüşlə bağlı səsləndirdiyi fikirlərdən xəbəri yoxdur? Əlbəttə ki var, həm də artıqlaması ilə. Belə olan halda nədən dağıdıcı müxalifətin qrantçı liderciklərindən olan AXCP sədri Brüssel görüşündən bir gün əvvəl Qənimət Zahidin “Azərbaycan saatı” internet tv-sində Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı əsassız iddialar səsləndirir, yalan, iftira dolu fikirləri ilə ictimai rəyi çaşdırmaq üçün dezinformasiyalar yayır?

Bütün bunların səbəbi gün kimi aydındır. Açıq-aşkar görünür ki, AXCP sədrinin “Azərbaycan saatı”nda səsləndirdiyi fikirlər iki qardaş ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edir. Əminliklə demək olar ki, Azərbaycanla-Türkiyə münasibətlərinə qara yaxmaq tapşırığı Əli Kərimliyə, onun trollarına və muzdlu mirzələrinə birbaşa erməni lobbisinin təsir altında Qərbdəki mərkəzlərdən verilib. Çünki xəyanətkar Ə.Kərimlinin əvvəlcədən ötürülmüş tezislərlə “zənginləşdirilmiş” həmin çıxışında Qərbin və erməni lobbisinin Azərbaycan ictimaiyyətinə çoxdan məlum olan özünəxas dəst-xətti aşkar şəkildə özünü göstərir. Həmin dairələr yaxşı bilirlər ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək, bu münasibətlərin korlanmasında həyasızcasına və düşməncəsinə Azərbaycan hakimiyyətini ittiham etmək missiyasını yalnız və yalnız xəyanətkar Ə.Kərimli yerinə yetirə bilər.

Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən hazırda Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edərək bildirib ki, bu gün dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı rəsmi Bakı haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. Geosiyasi vəziyyətin dəyişdiyini qeyd edən ölkəmizin başçısı belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.

M. Çavuşğlu mətbuata açıqlamasında Ermənistanı silahlandıran Qərb dövlətlərinə sərt xəbərdarlıq edib: “Məqsədləri Ermənistanı gücləndirərək yenidən müharibəyə təşviq etməkdirsə, bilsinlər ki, Azərbaycan yalnız deyil. Heç bir zaman da yalnız qalmayacaq!  Türkiyə hər zaman Azərbaycanın yanındadır. Onlar bir verərsə, biz üç verərik. Bütün müdafiə sənayesi şirkətlərimiz buradadır. Biz təbii ki, Azərbaycanı dəstəkləyəcəyik!”. 

Yəqin ki, bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəsindən ciddi narahatlıq keçirən bəzi dairələrin sifarişlərini yerinə yetirən Ə.Kərimliyə və onun tör-töküntülərinə bəs edər. Nə Türkiyə və Azərbaycan əleyhdarı olan həmin dairələr, nə də Ə.Kərimli bu cür cılız, qeyri-obyektiv, yalan və böhtan dolu “qara piar” kampaniyası ilə heç nəyə nail ola bilməyəcəklər.

Bundan başqa, xaricdəki ağalarından aldığı sifarişləri canla-başla yerinə yetirən Ə.Kərimli son günlər yenə “siyasi məhbus, azad seçkilər, mitinq oyunlarına girişib. AXCP sədri sosial şəbəkələrdəki çıxışlarında israrla bildirir ki, bu məsələləri gündəmdə saxlamaq üçün əlindən gələni edəcək. Antimilli fəaliyyətinə görə xalq tərəfindən birmənalı rədd edilən, partiya sədrliyindən bloqger səviyəsinə enən, bütün günü klaviaturanın düymələri ilə oynayan Ə.Kərimli unudur ki, hələ AXC-Müsavat hakimiyyəti illərində xəyanət etdiyi xalqın adından danışmağa mənəvi haqqı çatmır. Çünki AXCP sədri xalqın etimadını hələ 30 il bundan əvvəl itirib.

Bu mənada əminliklə deyə bilərik ki, AXCP sədrinin Azərbaycan-Türkiyə münasibətləri, eləcə də azad seçkilər, siyasi məhbus məsələləri üzərindən qurduğu, boşa çıxan məkrli manipulyasiyalarının ciddi qəbul edilməsi ehtimalı riyazi dillə desək, sıfıra bərabərdir.

Zahid Rza, “İki sahil”