07 aprel 2024 00:24
406

Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir

Ölkəmizin ev sahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son beş ilin reallıqları fonunda bir daha dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışını edəcək

«Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir.» Dövlət başçısı İlham Əliyev 2019-cu ildə keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında onu da əlavə etmişdir ki, multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilməz və sülh bərqərar olar.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan beş il keçir. Ötən bu dövrdə Azərbaycanın həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara diqqət yetirsək onların miqyasının nə qədər geniş olduğunu görərik. Hər zaman qeyd etdiyimiz kimi, uğurlarımızın zirvəsində Azərbaycanın tarixi Zəfərə imza atması dayanır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəyə nail olmaqla tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələrinin birliyi, həmrəyliyi xüsusi qeyd edilir. 2021-ci ildə Şuşada keçirilən Xarıbülbül musiqi festivalının açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu məqama yönlətdi ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. «Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsi Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını göstərdi. Ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk: «Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.» Dövlət başçısı İlham Əliyev festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsinin də təsadüfi olmadığını bildirmişdi. Azərbaycan xalqı öz dini, milli, mənəvi köklərinə bağlı olan xalqdır. Əks-təqdirdə, heç vaxt işğala son qoya bilməzdik.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlananda dövlət başçısı İlham Əliyev infrastrukturun yenilənməsi ilə yanaşı, tarixi və dini abidələrimizin də bərpasını qarşıya əsas hədəf kimi qoydu. Bu mənada Heydər Əliyev Fondunun ötən üç ildən artıq dövrdə tarixi və dini abidələrimizin bərpası istiqamətində gördüyü işlərə diqqət yetirmək kifayətdir. Ermənilər tarixi və dini abidələrimizi dağıdıb, yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini, tarixini silməyə çalışdılar. Unutdular ki, tarixi silmək qeyri-mümkündür. Necə ki, bu gün bu abidələrimiz erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır.

Məlum olduğu kimi, mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq. Forumda ayrı-ayrı dövlətlərin yüksək səviyyəli rəsmilərinin, beynəlxalq nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların təmsilçilərinin, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir. Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə ediləcək. Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

V Forumdan ötən dövr il ərzində Azərbaycanın tarixi Zəfərinin yaratıdığı reallıqlar fonunda regionda və dünya siyasətində baş verən yeniliklərə də diqqət yetiriləcək. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Ölkəmiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməklə yanaşı, qarşı tərəfdən də onları eyni şəkildə yerinə yetirməyi tələb edir. Azərbaycan hər zaman dünyaya sülh, əməkdaşlıq, təhlükəsizlik şəraitində yaşayışa çağırış edir. Ölkəmiz sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanıb. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır.

Reallıq budur ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunub və bu mövqeyini günbəgün möhkəmləndirir. Təbii ki, bu uğuru şərtləndirən əsas amil Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti, ən əsası qazandığı hörmət və etimaddır. Beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməklə əldə etdiyi təcrübəni, inkişaf modelini dünyaya təqdim etmək imkanı qazanan Azərbaycan altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edərək bir daha beynəlxalq əməkdaşlığın xarici siyasətin önündə dayanan əsas məsələ olduğunu dünyaya nümayiş etdirəcək. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünyanın yeni xarici siyasəti ölkəmizdə müzakirə olunursa, bu, Azərbaycana mövcud inamın, həyata keçirilən siyasətin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyinin təsdiqidir.

Daim çıxışlarında 2011-ci ildə ilk dəfə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edilməsi ideyasının mövcud reallıqlarımızın müzakirəsi üçün geniş formatın yaradılması istəyimizdən qaynaqlandığını önə çəkən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi vurğulayır ki, bu gün buna əvvəlkindən daha çox ehtiyac var.

Təbii ki, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Cənab İlham Əliyev belə tədbirlərin ölkəmizdə keçirilməsinin təbii olduğunu əsaslı şəkildə diqqətə çatdırır. Bildirir ki, tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.

Müasir dovrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Forumun keçirilmə məqsədlərindən biri də məhz çoxmillətlilik və çoxmədəniyyətlilik sahəsində böyük praktikaya malik ölkələrin təcrübəsindən yararlanmaqdır. Dövlətimizin başçısı bu məqamı da xüsusi olaraq bildirir: «Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.»

Ötən ay Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildi. Azərbaycanın ənənəvi olaraq bu tədbirlərə ev sahibliyi ölkəmizin zəngin təcrübəyə, düşünülmüş və məqsədyönlü siyasətə malik olmasının göstəricisidir. Bu və ya digər dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçən, amma özləri bu prinsipləri kobud şəkildə pozan, hörmətsizliklə yanaşan dünya gücləri belə yanaşmaları ilə hansı problemlərə yol açdıqlarının fərqindədirlər. Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan bir dövlət olaraq ən yüksək tribunalardan bəyan edir ki, ikili siyasət ədalətsizlikdir. Dünya sözün əsl mənasında hüquq problemini yaşayır. Bu, isə parçalanmalara səbəb olur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin qeyd etdiyi kimi, dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Əslində, təhlükənin hökm sürdüyü vaxtda görüş keçirilir. Lakin bu görüş, həmçinin vədlər dövrünə də təsadüf edir. Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunuldu. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparıldı. Azərbaycan ayrı-ayrılıqda hər bir məsələyə dəqiq yanaşma nümayiş etdirərək bütün hallarda ədalətin, beynəlxalq hüququn əsas olduğunu açıqladı.

May ayında Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusuna diqqət yetirsəklə hazırkı dövrün əsas çağırışının nədən ibarət olduğunu görərək. «Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə» özündə bütün məqamları ehtiva edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi 2019-cu ildən ötən 5 ildə Azərbaycanın imza atdığı uğurların miqyası ölçüyəgəlməzdir. Artıq bu dövr Azərbaycanın tarixi Zəfərə imza atdığı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirdiyi dövr kimi xarakterizə edilir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Ötən il Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Azərbaycan hər zaman sülh, əməkdaşlıq çağırışları ilə diqqətdədir. Lakin Ermənistan bu günədək havadarlarının tapşırıqlarına uyğun olaraq konkret addım atmaqda tərəddüd edir. Bəzi dünya güclərinin öz maraqlarını həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə etmələri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransı bunun bir daha təsdiqi oldu. Azərbaycan tərəfi belə bir görüşün regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyini bildirdiyi halda dünya gücləri bunu inkar etməkdə davam etdilər. Aprelin 3-də dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edənlərin heç bir fakta əsaslanmadığını vurğulamaqla yanaşı, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bildirmişdi. Ap­relin 4-də isə Avropa Komissiyasının Preziden­ti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng etdi və telefon danışığı zamanı dövlət başçısı həmin konfransla bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Avropa İttifaqının, həmçinin ABŞ rəsmilərinin bu zəngləri Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və siyasi çəkisinin göstəricisidir.

Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğu üçün hər bir məsələyə bu prinsiplər çərçivəsində yanaşma nümayiş etdirir. Dünya güclərinin isə maraqlarını hər şeydən üstün tutmaları artıq bu prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. VI Ümummdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha bu kimi məsələlərə diqqət yönəldiləcək, sülhün və təhlükəsizliyin təmin edilməsi üçün mühüm çağırışlar səsləndiriləcək.

Yeganə Əliyeva, «İki sahil»