07 aprel 2024 00:56
360

Ermənistana Qərb tələsi

Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında keçirilən üçtərəfli görüşün məqsədi Cənubi Qafqazı geosiyasi qarşıdurma poliqonuna çevirmək, Suriya, Ukrayna təcrübələrini bu bölgədə təkrarlamaqdır

Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın kapitulyasiya aktını imzalamasını ən azından özlərinin də məğlubiyyəti kimi qəbul edən ABŞ-Aİ cütlüyü İkinci Qarabağ müharibəsindən keçən müddətdə belə haylara himayədarlıqlarını davam etdirərək müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasına əngəllər törədirdilər. Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən, ölkəmizin bölgədə yaratdığı yeni reallıqlardan narahat olanlar «sözəbaxan» hayları istədikləri kimi idarə edirlər. Əsas məqsəd kimi qarşılarına qoyduqları Rusiyanı regiondan çıxarmaq niyyətlərinə Brüssel görüşü ilə çatmaq istəyirdilər. Amma bu istəklərinə nə dərəcədə nail olacaqları hələ ki, bəlli deyil. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün münbit şəraitin yetişdiyi, tərəflərin qarşılıqlı olaraq biri-birinin ərazi bütövlüyünü tanıdıqlarını etiraf etdikləri məqamda kənar müdaxilələrin artması bölgədə sabitliyə vurulan zərbə, ciddi təhlükədir.

Bəllidir ki, bu konfrans regionda mürəkkəb problemlərə neytral yanaşma prinsiplərinə xələl gətirir. Münaqişə tərəflərindən olan Azərbaycanın iştirakı olmadan təşkil edilən bu konfransın Cənubi Qafqazın geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağı ilə bağlı fikirlər ilk məqamlardan duyulan həyəcan təbili, xəbərdarlıq idi.

Konfransdan əvvəl görüşün təşəbbüskarları ABŞ Dövlət katibi Antoni Blinkenin, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etmələri üzrü günahından betər təsəvvürü yaradır. Brüsseldə guya Ermənistanın iqtisadi inkişafına dəstək, bu ölkədə insan hüquqları kimi məsələlərin müzakirə olunduğunu bildirən ABŞ və Aİ rəsmiləri həmişəki kimi gizli sövdələşmə niyyətlərini pərdələməyə çalışsalar da torbadakı pişiyin səsi Avropadan eşidilir. Xalqımıza anti-Azərbaycan açıqlamaları ilə tanış olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın Brüsseldə keçirilən üçtərəfli görüş barədəki açıqlaması isə demokratiyaya əsl Qərbsayaq qiymətdir.

O`Brayn qeyd edib ki, ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyiblər. Onlar, həmçinin 2018-ci il inqilabından sonra ölkədə həyata keçirilən demokratik islahatlara heyran olduqlarını və erməni xalqının demokratik istəklərini əks etdirən qlobal iqtisadiyyatın və siyasi sistemin yaradılmasına dəstək verdiklərini bildiriblər. Necə deyərlər, «Dostunu göstər, sənin kim olduğu deyim.»

Siyasi hazırlıqlı, qətiyyətli dövlət başçısı kimi bu «üçlüyün» əsl məqsədini aydın başa düşən, «insan hüquqlarının qorunması bəhanəsi» ilə mənfur təcrübələrini Cənubi Qafqaza «əl gəzdirməklə» davam etdirən Qərbin bölgə dövlətlərinin daxili işlərinə müdaxilə cəhdlərinə etirazını bildirən Prezident İlham Əliyev yaranacaq gərginliyi açıqlamalarında diqqətə çatdırırdı. ABŞ və Aİ rəsmiləri Brüssel görüşünün Azərbaycana qarşı yönəlmədiyini bildirsələr də «ilanın ağına da lənət, qarasına da» Azərbaycan atalar sözü, Qərbin başqa ölkələrdə yaratdıqları çaxnaşmalar, tökülən qanlar, dağılılan şəhərlər, miqrantların artan sayı çox mətləblərə aydınlıq gətirir.

Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarını, insan hüquqlarının pozulması ilə bağlı faktları ABŞ Dövlət katibi Antoni Blinkenin diqqətinə çatdıran Prezident İlham Əliyev bəzi məqamları xüsusilə qeyd edib. Dövlət başçımız Ermənistanda adi hal alan insan hüquqlarının pozulması faktlarına illərdən bəri göz yuman Qərbin rəsmi İrəvanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün münbit şəraitin yarandığı məqamda belə bir addım atmasını çirkin bəhanə adlandırıb. Prezident İlham Əliyev insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılmasının zəruriliyini qeyd edərək Dövlət katibinin nəzərinə tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qaldığını xatırladıb.

Qərəzli təşəbbüslə bağlı narahatlığını qətiyyətlə ifadə edən rəsmi Bakı konfransın şəffaf şəkildə keçiriləcəyinə inamsızlığını əvvəlcədən bildirmişdi. Brüssel görüşünün həssas məqamda regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya zidd olduğu diqqətə çatdırılmışdı.

Maraqlı budur ki, konfransa «hazırlıq», tədbirin davam etdiyi məqamlarda Ermənistanın silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Şahbuz və Sədərək rayonları istiqamətindəki bölgələrini intensiv atəşə tutumuşlar. Bölgə dövlətləri, konfransla bağlı mövqeyini bildirən Rusiya kimi Türkiyə də sülhə təhdid olan görüşün məqsədini Cənubi Qafqazda yerləşmək niyyətinin olduğunu bildirirlər. Ermənistana guya ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək, Hayastanın iqtisadi dayanıqlığa yönəldiləcək vəsaitlərin ayrılması isə bəhanədir. Hamı bilir ki, əvvəlki qaydalara uyğun ayrılacaq sədəqə, « humanitar yardım» Ermənistanın silahlanmasına yönəldiləcək. Görüş başa çatsa da nəticələrin hələ də açıqlanmamasının özü belə müəmmalı gedişlərdən xəbər verir. Ermənistanı öz oyunlarının alətinə çevirən ABŞ-ın və Aİ-nin riyakar və məkrli oyunlarının haylara baha başa gələcəyi, Ukraynanın taleyini yaşayacaqları bəllidir.

Avropa İttifaqının Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ-ın isə 65 milyon dollar «yardım» ayırmaları qarşılıqsız qalmayacaq. Çünki qitə dövlətlərində baş verən etiraz aksiyaları, ölkələrarası münasibətlərin gərginliyi, əhalisi iqtisadi cəhətdən təmin olunmayan Qərb ölkələrinin vətəndaşlarının hətta Ukraynaya yardımların dayandırılması ilə bağlı çağırışlar səsləndirmələri «İrəvan variantının» istənilən nəticənin verməyəcəyini anons edir.

Ermənistana «dəstəyin» Rusiya əleyhinə çevrilməsi bəllidir. Əsrlərlə Rusiyanın köləsi kimi Kreml tərəfindən idarə olunan, genlərindən qaynaqlanan bir toplum kimi satqınlığı, xəyanəti, yalançılığı ilə məşhur olan erməni nankorluğunu nəzərə alsaq bir sual yaranır: Məkrli siyasəti ilə mövqeyini tez-tez dəyişən Ermənistan yeni ağalarına nə qədər və necə sadiq qalacaq?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova «Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-ın müvəqqəti bonusları naminə qurban verir» sözləri ilə rəsmi Moskvanı su yoluna döndərən Ermənistanın baş naziri Nikol Paşinyanı milli maraqları satmaqda, öz xalqına xəyanət etməkdə ittiham edib. Rəsmi İrəvana Vaşinqtonun ən yaxın müttəfiqlərinə belə yaşatdığı acı taleyi yaddan çıxarmamaq tövsiyə olunub. Məntiqi nəticə budur ki, Azərbaycanın iştirakının nəzərdə tutulmadığı bu təşəbbüs Cənubi Qafqazda sülhə deyil, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yönəlib. Yaranan geosiyasi təhlükədə itirən isə davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası kimi mühüm layihələrdən kənarda qalan, Qərbin aldadıcı vədlərinə inanan Ermənistan olacaq.

Çünki üçlüyün qarşısında Ermənistanın işğalı altında qalan torpaqlarını cəmi 44 günə azad edən qüdrətli Azərbaycan dövləti dayanır. Diplomatiyası beynəlxalq aləmdə dəstəklənən, siyasi, iqtisadi mövqeyi möhkəmlənən, müdafiə qüdrəti güclənən Azərbaycanla təhdidi dili ilə danışmaq dövrü arxada qalıb. Heç bir qüvvə, «cütlüklər», «üçlüklər» Azərbaycanda dövlət-xalq-iqtidar birliyinə xələl gətirə bilməz. Siyasətin şahmat taxtasında kimin şah, kimin mat olacağını isə zaman göstərəcək. Azərbaycanın gələcək yolunu «Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır» sözləri ilə qərəzli «üçlüklərin» cəhdlərinin heç bir nəticə verməyəcəyini bildirən Prezident İlham Əliyev haqq yolumuzun əbədi dayaq məkanını da düzgün müəyyənləşdirir.

Xuraman İsmayılqızı, «İki sahil»