07 aprel 2024 01:13
454

İranı viran qoyacaq siyasət

Bəs molla rejimi niyə Ermənistanı deyil, Azərbaycanı düşmən gözündə görür?

Ölkəmiz müstəqillik qazandığı gündən bu yana İran İslam Respublikası həm açıq, həm də gizli şəkildə bizimlə düşmənçilik edib. Bu, daha çox Azərbaycanın torpaqlarını 30 il işğal altında saxlamış Ermənistana hərbi və siyasi dəstəklə reallaşıb. Hətta bu dəstək 44 günlük İkinci Qarabağ müharibəsində daha açıq şəkildə hiss edildi. Özünü dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İranın iolla rejimi işğal müddətində Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Hətta Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi «nəfəslik» funksiyasını üzərinə götürmüşdü.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Lakin Ermənistandan daha çox İran Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədir. İddia edir ki, bu dəhlizin açılması onun təhlükəsizliyinə təhdiddir.

Bəli, İran əvvəllər pərdələməyə çalışdığı riyakar xislətini Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsindən sonra gizlədə bilmir. Artıq açıq-aşkar şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa, ölkəmizə qarşı təxribat hərəkətləri törətməyə cəhd göstərir. Bundan başqa, 2023 -cü ilin yanvarın 27-də İranın xüsusi xidmət orqanları Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ağır terror hadisəsi törətdi. Terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş -Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri aldılar.

Təbii ki, Azərbaycan dövləti də molla rejiminin bu terrorçu hərəkətlərinə qarşı adekvat addımlar atdı. İranın ölkəmizdəki səfirliyinin əməkdaşları «persona non grata» ( arzuolunmaz şəxslər) elan edildilər. Eyni zamanda, İranın ölkəmizdəki casus şəbəkəsi ifşa olunaraq üzvləri həbs edildilər. Həmin casuslar müxtəlif adlar altında və müxtəlif qurumlarda gizlənərək Azərbaycan dövlətinin milli maraqlarını satmaqla məşğul olurdular.

İranın Ermənistana qarşı himayədarlığının digər bariz nümunəsi isə 2022-ci ilin oktyabrın 21-də Qafanda konsulluğunu açması oldu. Açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak etdilər. Mərasimin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə və sərt təpkilərə səbəb oldu. Belə ki, Qafanda yerləşən konsulluğun yerləşdiyi binanın hələ tam olaraq təmirdən çıxmadığı aydın görünürdü. Ekspertlər İranın Qafanda belə tez-tələsik konsulluq açmasını bir növ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirdilər. Çünki iranlı nazir cənab R. T. Ərdoğanın Azərbaycan səfəri öncəsi gözlənilmədən İrəvana getdi və yalnız bundan sonra mediada Qafan şəhərində İranın baş konsulluğunun açılacağına dair xəbərlər yayıldı.

Molla rejiminin ən böyük rəzaləti isə ötən il İranın quru qoşunları komandanlığının Azərbaycanla sərhəddə hərbi təlimlər keçməsi oldu. Təlimlərdə zirehli texnikalar, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan atəş açmaq taktikasından istifadə edilirdi. İranın siyasi rəsmiləri bu təlimləri guya bölgənin «stabilliyi və təhlükəsizliyi» naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri müharibə oyunlarının məqsədini «bölgədə sionist təhlükəsi» ilə izah edirdilər. Düzdür, Azərbaycan bu hərbi təlimlərə ciddi qarşılıq verdi. Qardaş Türkiyənin hərbi birlikləri ilə Azərbaycan Komando birlikləri mükəmməl hərbi təlimlərlə İrana həddini bildirdilər.

Azərbaycanın güclənməsini özünün faciəsi kimi qəbul edən molla rejiminin xarici siyasəti kimi, daxili siyasəti də iflasa uğrayıb və xalqın səbrini daşdırıb. Artıq illərdir ki, İranda davam edən iğtişaşlar səngimək bilmir. Burada ən çox hüququ pozulanlar isə 35 milyonluq Azərbaycan xalqıdır. İrandakı 50 minlik erməni toplumunun öz dilində məktəbləri, mətbuatı olduğu halda azərbaycanlıların öz ana dillərində təhsil alacağı bir məktəbi də yoxdur.

Hazırda molla rejimi Azərbaycanı onda ittiham etməyə çalışır ki, İsraillə geniş əməkdaşlıq və dostluq münasibətlərimiz var. Hətta Azərbaycanın İsraildə və Fələstində səfirliklər açması bu ölkəni daha çox qıcıqlandıran hadisədir. Təbii ki, bu, müstəqil Azərbaycan dövlətinin öz seçimidir. Milli maraqlarımıza uyğun olaraq istənilən dövlətlə dostluq əlaqələri qura bilərik.

İranı narahat edən digər məsələ Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatında nüfuzunun artmasıdır. Həmçinin Çinin, Rusiyanın, ABŞ və Avropa İttifaqı dövlətlərinin, eyni zamanda, müsəlman ölkələrinin böyük əksəriyyətinin dünyəvi Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi fonunda İran nüfuzunun azaldığını hiss edərək ölkəmizə qarşı ən riyakar, beynəlxalq hüquqa zidd tədbirlər görməyə çalışır. Ən acınacaqlısı isə odur ki, İran bu gün də Ermənistana silah daşnmasında plasdarm rolunu oynayır. Eyni zamanda özü də Ermənisanı silahlandırır.

Bundan başqa, aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ- Ermənistanın müştərək konfransında qərara alındı ki, Ermənistanın hərbi müqavimət gücünü artırmaq üçün ona həm maliyyə, həm də hərbi dəstək verilsin. Yəni, məqsəd yaxın perspektivdə Ermənstanda Aİ-nin mülki msissiyasını hərbi missiyaya çevirmək, oradakı Rusiya qoşunlarının yerinə NATO bazalarını yerləşdirməkdir. Halbuki, bütün bunlar birbaşa İranın milli maraqlarına ziddir. Əgər elədirsə onda İran niyə hələ də Ermənistana hərbi və siyasi dəstək verməkdə davam edir. Cavab bəllidir: Azərbaycanı Ermənistanın qarşısında gücsüz və aciz vəziyyətə salmaq…

Ancaq molla rejimi anlamalıdır ki, artıq Azərbaycan heç kimə boyun əyməyən və dünya güclərinin hesablaşdığı qüdrətli dövlətdir. Ona görə də bu gün bizimlə düşmənçilik yox, dostluq edənlər qazanacaqlar.

Elçin Zaman, «İki sahil»