07 aprel 2024 02:59
439

Böyük Qayıdışın növbəti mərhələsi

Bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır

Dörd ilə yaxındır ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etmək üçün Qarabağda əsaslı bərpa-quruculuq işləri aparılır. 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, tikilir, tarix-memarlıq abidələri bərpa edilir. Prezident İlham Əliyev inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm əhəmiyyət kəsb edən obyektlərin təməlqoyma mərasimlərində iştirak edir, əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin açılışında edir.

İşğalda olduğu müddət ərzində dağıntılara məruz qalan Xocalıda da bərpa və quruculuq işləri sürətlə aparılır. Xocalıya da böyük köçün başlayacağı gün uzaqda deyil. Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Bakı Abadlıq Xidməti”nin yaydığı məlumatda bildirilir ki, Xocalıya köç prosesi sürətləndikcə ərazidə tikilən 200-ə yaxın həyət evi mərhələli şəkildə məskunlaşma üçün təhvil veriləcək. Eyni zamanda, biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da Xocalı sakinləri üçün yenidən qurulur. Bundan başqa, hazırda 18 hektar ərazidə “fin evləri” adlanan sahədə 92 kottec tipli evlər yenidən qurulur ki, burada da təmir işləri başa çatmaq üzrədir. Həmçinin Xocalı şəhərində 167 hektar ərazidə 113 evin bərpasına başlanıb. Bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç nəzərdə tutulur. Həm Xocalıya və həm də Xankəndiyə 50 ailənin köçürülməsi planlaşdırılır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Qeyd olunur ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırda Xocalı şəhərində və ayrı-ayrı kəndlərdə irimiqyaslı layihələr həyata keçirilir. Üç onillik ərzində məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalan xocalılıların layiqli qayıdışını təmin etmək üçün burada ilk növbədə zəruri infrastruktur qurulur. Layihələrin icrasına müxtəlif şirkətlər cəlb olunub. “Bakı Abadlıq Xidməti” MMC Xocalı şəhərinin bərpa və yenidən qurulmasında yaxından iştirak edir. Bundan başqa, qurum Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərinin bərpasına da cavabdehdir. Adı çəkilən yaşayış məntəqələrinin bərpası və yenidən qurulması tədbirlərinə başlamaq məqsədilə şirkətlə 152 milyon 247 min 600 manat məbləğində müqavilə imzalanıb.

İşğal illərində Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalıb. Bərpa və yenidənqurma tədbirləri çərçivəsində burada yabanı bitkilərdən, məişət tullantılarından təmizləmə işləri də davam edirilir. Tullantıların yığılması üçün 10 hektar sahədə poliqon yaradılması nəzərdə tutulub. Bərpa və yenidənqurma işlərinin sürətinə mane olan yeganə amil minalar təhlükəsidir. Buna görə də  ətrafındakı meşəlik ərazilər də minalardan təmizlənir. Bu da onu göstərir ki, təmir-bərpa işləri daha geniş əraziləri əhatə edəcək. Xocalı sakinlərinin kommunal təchizatla, o cümlədən də rabitə və internetlə bağlı heç bir problemləri olmayacaq. Artıq “Azercell Telekom” MMC Xocalıda baza stansiyalarını işə salıb. İndiyədək şəhərdə internet magistral xətti və genişzolaqlı internet şəbəkəsinin yaradılması təmin edilib. Eyni zamanda, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Böyük Qayıdış Proqramının uğurla icra edilməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”, - deyə vurğulayıb. 2026-cı ilin sonuna qədər hədəfimizin 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaq olduğunu söyləyən dövlət başçısı əminliklə bildirir ki, biz buna da nail olacağıq. Ötən il ərzində işğaldan azad edilən torpaqlarımızda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti və bərpa işləri, o cümlədən Böyük Qayıdış Proqramının uğurla icra edilməsi onu göstərir ki, bu il də Qarabağ və Şərqi Zəngəzurda ardıcıl olaraq quruculuq və qayıdış zəfərləri yaşayacağıq.

Qeyd edək ki, dövlət başçısınının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və Ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Sevinc Azadi, “İki sahil”