06 aprel 2024 02:58
399

Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər

Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə bu reallığı da xüsusi qeyd etdi ki, belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olması vacibdir

Dövlət başçısı İlham Əliyevin 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində səsləndirdiyi bu çağırışları bir daha xatırlatmaq istərdik. "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, ərazidir, hərbi gücdür, iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: «Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»

Prezident İlham Əliyev hər zaman türk dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsinin vacibliyini bildirir və bunu «Biz birlikdə güclüyük!» çağırışı ilə ifadə edir. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdı. Bu yenilikləri türk dünyasının birliyində daha adyın şəkildə görür və bundan böyük qürur hissi keçiririk. Dünya gücləri daim Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun timsalında türk dünyasının birliyinin şahidinə çevrilirdi. Azərbaycan və Türkiyə biri-biri ilə qırılmaz tellərlə bağlıdır. Böyük Öndərlər – Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», Ümummilli Lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilir. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi dünyanın diqqətindən kənarda qalmadı. «Azərbaycan tək deyil» bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradından başlayaraq bu günədək tarixi Zəfərimizin reallıqları fonunda yaşanan hər bir hadisə zamanı Azərbaycanın yanında olması diqqətdən kənarda qalmır. Eyni addımlar təbii ki, ölkəmiz tərəfindən dost, qardaş ölkəyə də göstərilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında iştirak etmək üçün 2020-ci ilin dekabrında ölkəmizə səfəri çərçivəsində mühüm sənədlərin imzalanması prosesinin iştirakçısı oldu və bundan sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı.

Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bu kimi məqamlara bir daha diqqəti yönəltdi. Prezident İlham Əliyev vurğuladı ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verdi. O, bütün dünyaya Türkiyənin səsini çatdırdı ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bölgədə sabitliyin, təhlükəsizliyin qarantıdır. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkələrə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. İki dost, qardaş ölkənin birgə addımlarının uğurlu nəticələri göz qabağındadır.

Dövlət başçısı İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşündə bu çağırışı da xüsusi səsləndirdi ki, bu gün Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsi önəmlidir. Hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.

Prezident İlham Əliyev bəzi qüvvələrin narahatlıqlarının səbəblərini də açıqladı. Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bəzi qüvvələri narahat edib. “Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik” söyləyən cənab İlham Əliyev onu da vurğuladı ki, o vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul etdi. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdi. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir.

Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Dünya güclərindən 30 il ədalət gözlədik. Ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən bəzi güclər Ermənistana dəstəkləri ilə münaqişənin nizamlanması prosesinin uzanmasına, ən əsası işğalçı dövlətin yeni müharibə planları hazırlaması üçün vaxt qazanmasına dəstək oldular. Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi. Hər zaman dövlət başçısı İlham Əliyevin çıxışlarında bu çağırışlar xüsusi yer tutur ki, Ermənistana zamanında təzyiqlər göstərilsəydi münaqişənin həlli prosesi uzanmazdı, ən əsası müharibə baş verməzdi. Bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasına böyük ehtiyacın olduğu, daha dəqiq desək artıq bu prosesin lap yaxınlığında olduğumuz bir zamanda bəzi dünya güclərinin vəziyyəti gərginləşdirmək üçün cəhdlər etmələri birmənalı qarşılana bilməz. Azərbaycan dövləti hər bir cəhdin, təxribatın qarşısını qətiyyətlə alır. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Qardaş ölkənin Prezidentinin qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında söylədiyi “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” fikirləri bu birliyə kölgə salmağa çalışan qüvvələrə tutarlı cavab oldu. Məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir.

Sözügedən görüşdə geosiyasi vəziyyətin dəyişdiyini önə çəkən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı görüşdə diqqəti aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə yönəldərək bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Cənab İlham Əliyev bir daha vurğuladı ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar vermələri, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik.

Reallıq budur ki, dünya gücləri sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün müxtəlif yollara əl atırlar. Dövlət başçısı İlham Əliyev aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığında bu məqamları bir daha diqqətə çatdırdı ki, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğuladı. Prezident İlham Əliyevin qənaətinə görə, ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Telefon danışığı zamanı dövlətimizin başçısı, həmçinin Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu da vurğuladı.

Regionda sabitliyin və təhlükəsizliyin qarantı olan Azərbaycan-Türkiyə birliyi ölkəmizə qarşı aparılan hər bir qərəzli təbliğatın qarşısını real faktlar əsasında alır. Nəzərə alsaq ki, iki qardaş ölkə arasında mətbuat sahəsində də əlaqələr yüksək səviyyədədir. Ortaq Media Forumunun yaradılması da deyilənlərə bariz nümunədir.

Mövlud Çavuşoğlu hər zaman olduğu kimi, bu dəfə də doğma Azərbaycanda olmalarından böyük sevinc hissi keçirdiklərini bildirdi. Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bir ailə kimi dəyərləndirməsini böyük məmnunluq hissi ilə dliqqətə çatdırdı. Mövlud Çavuşoğlu dövlət başçısı İlham Əliyevə bu müraciəti etdi: “Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir.»

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, iki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. İki dost, qardaş ölkə daim biri-birinin yanındadır. Hər bir məsələnin beynəlxalq hüquq çərçivəsində həll olunmasına səy göstərirlər. Möhkəm təmələ söykənən Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sarsılmazdır.

Yeganə Əliyeva, «İki sahil»