ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək üçtərəfli görüşdə İrəvana sərf edən qərarların qəbul olunacağına əmin olan Nikol Paşinyan Qərbin istəyi üzrə hələ də sülh müqaviləsi istiqamətində əməli addımlar atmır və prosesi müxtəlif bəhanələrlə yubatmaqla məşğuldur. Görünən odur ki bu görüşün məqsədi Ermənistana konkret dəstək vermək və bu məsələdə Avropa İttifaqı ilə ABŞ-ın səylərini birləşdirməkdir. ABŞ dövlət katibi Antoi Blinkenin Prezident İlham Əliyevə telefon zəngi də bir çox məqamlara işıq salır. Azərbaycan Prezidenti telefon danışığında qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Son aylarda Ermənistan müdafiə nazirinin Parisə, Fransalı həmkarının Ermənistana səfər etməsi, ABŞ-dən olan bir qrup hərbi təlimatçının Ermənistan hərbçiləri ilə təcrübə mübadiləsi aparması bunu sübütudur. Avropa İttifaqının missiyasının Ermənistan tərəfindən sərhəddə yerləşdirilməsi, ABŞ-ın Ermənistandakı təlimləri, İrəvanın silahlandırılması da təsdiqləyir ki, Qərb öz çirkin planını addım-addım həyata keçirməkdədir.
Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hamisi rolunda çıxış edən Fransa yürütdüyü destruktiv siyasət ilə regionu yenidən münaqişə ocağına çevirməyi qarşısına məqsəd qoydu. Həmçinin, Zəngəzur dəhlizindən narahat olan Paris Azərbaycanla Türkiyəni birləşdircək dəhlizin fəaliyyətinə də mane olmaq üçün bütün imkanlarından istifadə edir. Afrikadan qovulmasının səbəbkarı kimi Türkiyə və Rusiyanı göstərən Fransa Ermənistana dəstək verməklə həm də geosiyasi məğlubiyyətlərini də kompensasiya etməyə çalışır.
Paris istər kəşfiyyat orqanlarından istifadə edərək öz niyyətlərini həyata keçirmək üçün çalışır. Paris həm Ermənistanın təhlükədə olması kimi mesajları verir, həm də müdafiə və hücum silahlarının İrəvana verilməsini təşkil edir. Ümumiyyətlə bir məqamı unutmaq olmaz ki, Ermənistanın yaranma məqsədi də əslində Türkiyənin Azərbaycan və Türk dövlətləri ilə əlaqələrini kəsmək üçün geopolitik və uzun müddətli bir layihə idi ki, bu gün də Qərb üçün öz marağına uyğun olaraq onu yenidən davam etdirmək zərurəti ortaya çıxıb.
Belə ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən də sonra planları pozulan imperialist güclər bu gün öz maraqları kontekstində fəaliyyət həyata keçirməyə başlayıblar. Fransanın Afrikadakı layihələrinin iflasa uğraması, Türkiyənin terror qruplaşmalarına qarşı apardığı uğurlu əməliyyatlar qlobal güclərin maraqlarına uyğun gəlmir. Elə Qarabağdakı erməni terrorçularının da təmizlənməsi eyni qəbildən qiymətləndirilməlidir. Azərbaycanın həyata keçirdiyi bu antiterror tədbiri əslində 100 ildən artıqdır qurulan planları da məhv etdi. Ona görə də Qərb hələ də qəbul edə bilmir ki, Azərbaycan mürəkkəb geosiyasi zamanda necə öz torpaqlarını işğaldan azad etdi, öz ərazisində separatizmin kökünü kəsdi, Türkiyə ilə əlaqələrini ən yüksək vəziyyətə gətirdi? Bütün bu faktlar Azərbaycana qarşı başladılan təzyiqin səbəbinin haradan qaynaqlandığını daha aydın görməyə imkan verir.
Fransa üç ilə yaxındır istər BMT Təhlükəsizlik Şurasinda, istər Avropa Şurasında, istərsə də digər qurumlarda Azərbaycana qarşı bütün təsir mexanizmlərini işə salıb. Məqsədlərinə Ukraynada da nail olmayan Fransa artıq bunu Ermənistan vasitəsilə Cənubi Qafqazda əldə etmək istəyir. Bu səbəbdən də İrəvanda siyasi və hərbi güc mərkəzi qurmağı hədəfləyən Fransa öz məqsədi üçün Avropa İttifaqından, Avropa ölkələrindən, ABŞ-dan və digər dövlətlərdən də faydalanır. Çünki bir yandan regionda söz sahibi olmağı hədəfləyən Fransa, digər tərəfdən də Rusiyaya zərbə vurmaq üçün yeni mexanizmlər axtarışındadır.
Bütün proseslər fonunda ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüş Moskvadan ümidlərini kəsən Ermənistanın Qərbə öz ölkəsində meydan verməsini növbəti dəfə bəyan etməsi anlamı daşıyır.
Regionda baş verən son proseslər onu göstərir ki, Fransa, o cümlədən İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün birgə fəaliyyətlə məşğuldurlar. Bunun ən bariz nümunəsi isə Qərbi düşmən obrazında göstərən İranın regiondakı hərəkətliliyə səssiz yanaşmasıdır.
Ehtimal etmək olar ki, region barədə, əsasən də, Zəngəzur dəhlizi mövzusunda İran Qərblə razılaşıb və bu istiqamətdə fəaliyyət həyata keçirirlər. Ermənistan bu gün Qərbin çirkin planında alət rolunu yerinə yetirməklə məhvə doğru sürüklənir.
Elmir Səftərov,
Siyasi şərhçi