“Qarabağ”ın qazandığı uğurlar digər komandalar üçün nümunə olmalıdır”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın Azərbaycan Premyer Liqasında 11-ci çempionluğu əldə etməsi barədə danışarkən deyib.
Funksioner Ağdam təmsilçisinin möhtəşəm mövsüm keçirdiyini bildirib: “Əvvəlcə komandanı çempionluq münasibətilə təbrik edirəm. Qurban Qurbanovun yetirmələri bu mövsüm həm daxili çempionatda, həm də avrokuboklarda tarix yazmağı bacardılar. Nəticələr klubun uğurlu siyasətindən xəbər verir. Bu zəfər isə “Qarabağ”ın haqqı idi. İstərdim ki, digər komandalar da bu cür çıxış etsinlər və çempionluq mübarizəsi son tura kimi davam etsin. Əslində mart ayında gələn çempionluq Ağdam təmsilçisinin rəqiblərinin də inkişafına kömək olur. Çünki klublar daha çox güclənmək istəyirlər. Bu da liqanın səviyyəsinin artmasına şərait yaradır”.
V.Sadıqov növbəti mövsümdə də “Qarabağ” komandasının avrokuboklarda uğurlu nəticələr qazanacağına inandığını söyləyib: “Artıq avrokuboklarda reqlament fərqli olacaq. Lakin “Qarabağ” bizi qazandığı nəticələrə öyrəşdirib və buna görə də Azərbaycan xalqı ildən-ilə beynəlxalq arenada Ağdam təmsilçisindən daha böyük nailiyyətlər gözləyir”.
Qeyd edək ki, “Qarabağ” ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə 6:1 hesabı ilə qalib gələrək sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib. Hazırda “köhlən atlar”ın aktivində 69 xal var.