27 mart 2024 17:03
454

Qərbin planı Ermənistanı məhvə doğru sürükləyir - ŞƏRH

Bu gün Azərbaycanla Ermənistan arasındakı sülh müzakirələrinin irəlləməsinə ən böyük maneə Zəngəzur dəhlizinin açılmaması və Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin geri qaytarılmaması fonundan qlobal və regional güclərin İrəvana təktərəfli yanaşmasıdır. Ermənistana dəstək verən həmin güclər dəhlizin açılmasının, sadəcə, ticarət yolları baxımından deyil, həm də Türk dünyası arasında ideoloji, sosioloji, mədəni bağlar yaradacağını bilirlər. Çünki Zəngəzur dəhlizi Türk dövlətlərini birləşdirəcək olduqca həyati əhəmiyyətli bir yoldur. Bunun qarşısını almaq üçün isə Ermənistana iqtisadi və hərbi yardımlar edilir, Azərbaycanla güclər nisbətini balanslaşdırmağa çalışırlar. Amma həmin güclər də yaxşı bilirlər ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla bölgədə kommunikasiyaların açılması ilə bağlı üzrəinə öhdəlik götürüb.

Tarixən Moskvanın əlaltısı olan Ermənistan Kremlin Ukraynaya qarşı müharibəsi, Kiyevə humanitar yardım göndərməsi, ABŞ hərbçiləri ilə birgə təlimlər keçirməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü dondurması və ərazisində Avropa İttifaqının missiyasını yerləşdirməsi fonunda Qərblə əlaqələrini gücləndirib.  Ermənistanın Avropa və ABŞ ilə əlaqələrini dərinləşdirməsi təbii olaraq Rusiyanın qəzəbinə səbəb olur.

Azərbaycanla sülh müzakirələrini qəsdən uzadan Ermənistan Rusiyanı əvəz edə biləcək diplomatik və təhlükəsizlik dəstəyi axtarır.  Qərb təşkilatları və dövlətləri də Ermənistana təlqin edirlər ki, Rusiyanın İrəvanın təhlükəsizliyinə zəmanət vermək niyyəti yoxdur. Qərb bu cür dezinformasiya kampaniyaları vasitəsilə regionda xaos yaratmağa və sabitliyi pozmağa çalışır və Ermənistanı postsovet məkanında anti-Rusiya siyasəti alətinə çevirməyə cəhd göstərir. Bu baxımdan da aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı da özünü guya neytral göstərən beynəlxalq qurumların və qlobal güclərin ikili davranışları əsnasında diqqətləri cəlb edir. Həmçinin ölkəmizə qarşı beynəlxalq təzyiq kampaniyasının arxasındakı güclərin heç də beynəlxalq normalara əməl etmədiyini, ikili yanaşmalar göstərdiyini sübut edir.

Eyni zamanda, Aİ-nin Ermənistanla daha sıx münasibətlərdə marağı ilə ittifaqın Rusiya nefti və təbii qazından asılılığını azaltmaq üçün Azərbaycanla enerji sahəsində əməkdaşlığını genişləndirmək istəyi arasında tarazlığa nail olmaq məqsədi də güdür. Bu potensial geosiyasi dəyişikliyin fonunda Vaşinqton regiona daxil olmaq və Rusiyanın Ermənistandakı rolunu oynamaq həvəsinə düşə bilər. Keçən ilin payızında ABŞ senatorlarından ibarət ikipartiyalı bir qrupun ermənilərə dəstək göstərmək çağırışı da bu gedişatın planlı şəkildə davamıdır. 

Başda ABŞ, Fransa olmaqla həmin güclər anlayır ki, edilən hərbi yardımlar Ermənistanın müdafiə imkanlarını artırsa da, Azərbaycanla Ermənistan arasındakı qüvvələr balansını tənzimləmir. Ona görə də ABŞ Ermənistana dəstək vermək üçün  MANPADS kimi qısa mənzilli hava hücumundan müdafiə sistemi, həmçinin zirehli imkanların müdafiəsini gücləndirmək üçün nəzərdə tutulmuş TROPHY əks-tədbir sistemləri təqdim edə bilər. Ermənistana silah ixracına hazırda inkişafda olan daha geniş əks-dron sistemləri də daxil ola bilər. Bu texnologiya Ermənistanın hazırda Fransadan aldığı Thales Group-un GM-200 əks-dron radarları kimi mövcud müqavilələrindən əldə etdiyi imkanları tamamlaya bilər. 

Fransa da Ermənistanın müdafiə qabiliyyətini dəstəkləmək çağırışı edir və başa düşür ki, ABŞ olmadan onların səyləri yetərli deyil. Hazırda  isə bu siyahıda ən fəal Fransa və Hindistan görünür. Hər iki ölkə Ermənistana hərbi texnika, o cümlədən radarlar, durbin və sensorlar, raket kompleksleri satmaq üçün müqavilə imzalayıb. 

Avropa İttifaqı (Aİ) -Ermənistan-ABŞ müştərək konfransı da İrəvana hərbi texnikanın ötürülməsinə və erməni hərbçilərinin ondan səmərəli şəkildə istifadə etmək üçün öyrədilməsinə və Ermənistanın növbəti hərbi müdaxiləyə hazırlaşdırılmasına xidmət edir. Buna görə də, Fransanın, ABŞ-ın və digər güclərin regiona yönəlik hərbi siyasəti bölgədə düşmənçiliyi qızışdırır və Ermənistanı gələcək təxribatlara həvəsləndirir.

Elmir Səftərov
Siyasi şərhçi