27 mart 2024 16:35
492

Bölgədə davamlı sülh və əmin-amanlığın olması Azərbaycan üçün prioritetdir

NATO-nun Baş katibi Yens Stoltenberq ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulanıb. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr Azərbaycanın hərbi qulluqçuları olublar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr verib. Dövlətimiz ölkənin müdafiə imkanlarını müasirləşdirir və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.

Hazırda Azərbaycan Ermənistanla sülh danışıqlarının fəal mərhələsindədir. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir.

Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilib. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır.

Azərbaycan Avropa və Avro-atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir. Dövlətimiz təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.

Beləliklə, bu uğurlu əməkdaşlıq modeli göstərir ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. Bu əlaqələrin daha da güclənməsi, bölgədə sülhün və əmin-amanlığın daimi olması Azərbaycan üçün prioritetlərdən biridir. Bu baxımdan NATO-Azərbaycan əməkdaşlığı uğurlu modeldir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri