20 mart 2024 00:15
509

Milli şüur hissi, Qalib dövlətin vətəndaşı kimi yaşamaq duyğusu Əli Kərimliyə yaddır

Son zamanlar başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət təmsilçilərinin xaricdəki ağalarından aldıqları “tezislər” əsasında Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar etmələri bir daha göstərdi ki, vətənpərvərlik və milli şüur hissi bu marginallara tamamilə yaddır. Məsələnin mahiyyətinə keçməzdən öncə milli şüurun nə olduğuna diqqət yetirək. Filosof, fəlsəfə doktoru Firuzə Əliyeva yazır ki, Vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır: “Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı-ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlardan bir sevinc və fərəh də duyur. Hər bir şəxs özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır”. Yəni, milli vicdana malik olan hər bir şəxs Vətəninin, torpağının, dövlətinin, dövlətçilyinin qədrini bilməlidir.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik isə mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır.

Təbii ki, bütün bunları xatırlatmaqda, yada salmaqda məqsədimiz ölkəmizin əleyhinə həyasızcasına aparılan qərəzli kampaniyanın əsas fiqurlarından olan, mayası xəyanətkarlıqla yoğrulan Ə.Kərimlinin milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum olduğunu tam çıpaqlığı ilə bir daha ortaya qoymaqdır. AXCP sədri son zamanlar dövlətçiliyimizin əleyhinə səsləndirdiyi əsassız iddiaları, hədyanları ilə diqqəti daha çox çəkir. Belə ki, erməni lobbisinin təsiri altında olan fondlardan aldıqları çirkli pulların müqabilində bu həşəmətli “bəy” hər gün sosial şəbəkələrdə ölkəmizin beynəlxalq imicini korlamaq, ictimai rəyi çaşdırmaq üçün ən iyrənc üsullara əl atır. Qalib xalqın vətəndaşı kimi yaşamaq duyğusundan məhrum olan Ə.Kərimli indi də xaricdəki ağalarından aldığı tezislər əsasında iddia edir ki, “Azərbaycan regionun lider dövləti deyil”. Özü də bütün bunları bilərəkdən, xəyanətkarcasına ölkəmizdə COP29 kimi nüfuzlu beynəlxalq tədbirin keçiriləcəyi ərəfədə edir.

Biz əvvəllər də- 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları və digər beynəlxalq tədbirlər zamanı başda Ə.Kərimli  olmaqla məlum düşərgənin belə çirkin əməllərinin şahidi olmuşuq. Belə ki, bu antimilli ünsürlər, öz ölkəsinə, onun milli maraq və mənafelərinə qənim kəsilmiş xəyanətkarlar həmin dövrdə əvvəlcə demokratiya, insan hüquqları, sərbəst toplaşmaq azadlığı və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları sosial şəbəkələrdə yayır və anti-Azərbaycan qüvvələrə ötürürdülər. Təpədən dırnağa, sümüyünə, iliyinə qədər Azərbaycan əleyhdarları olan həmin təşkilatlar da o məlumatların, şər-böhtanların rəngini bir az da tündləşdirərək Qərbin müxtəlif dairələrinə sızdırırdılar. Bu gün də məlum antimilli, marginallaşmış dəstə öz ağalarının göstərişi ilə informasiya məkanında, necə deyərlər, “peşəkarcasına” xaotik, pərakəndə bir vəziyyət yaratmaq, cəmiyyəti çasdırmaq üçün dəridən-qabıqdan çıxır. Bütün bunlar satqınlığın, xəyanətkarlığın, mənəviyyatsızlığın, ən əsası isə Vətən əxlqından, xalq, torpaq təəssübündən çox-çox uzaq olmanın təcəssümü və pik nöqtəsidir.

Məsələ burasındadır ki, bu gün anti-Azərbaycan dairələri və onların muzdlu nökəri, milli vicdan hissinin nə olduğunu bilməyən Ə.Kərimlini narahat edən ölkə rəhbərliyinin milli maraqlara əsaslanan praqmatik və çoxverktorlu xarici siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanın gündən-günə inkişaf etməsi, qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsidir. Əslində Ə.Kərimli kimilər özləri də yaxşı bilirlər ki, məhz bu gün respublikamız dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Həmçinin BMT-yə üzv 120 dövlətin yüksək səviyyəli səlahiyyətli nümayəndələrinin, 42 beynəlxalq təşkilat təmsilçilərinin iştirak etdiyi Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi uğurla davam etdirib. Bütün bunlar, ən başlıcası isə İkinci Qarabağ müharibəsində güclü xalq-iqtidar-ordu birliyi sayəsində xalqımızın, dövlətimizin yeni şanlı tarixinin yazılması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması hamımızın milli qürur mənbəyimizdir. Təbii ki, milli qürur və ləyaqət hissini itirən Ə.Kərimli kimilər bunları dərk edə bilməz.

Milli qürur, vətənpərvərlik hissindən məhrum olan AXCP sədri Ə.Kərimli kimilər özlərində güc tapıb etiraf edə bilməsələr də bu gün Cənubi Qafqazda Azərbaycan lider dövlət kimi təmsil olunur.  Ekspertlərin bildirdiyi kimi, Azərbaycanda 2003-cü ildə ÜDM 7 milyard dollar təşkil edirdisə, 2023-cü ilin yekununa görə bu rəqəm 72 milyard dollar təşkil edir. Əgər valyuta ehtiyatlarımız 2003-cü ildə 1,6 milyard dollar idisə, bu gün artıq bu rəqəm 69,5 milyarddır. İqtisadi, sosial, siyasi və hərbi quruculuq sahəsində inkişaf tempi bu gün də yüksələn xətlə davam edir.

Nəhayət, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradan, qlobal müstəvidə çəkisi gündən-günə artan Azərbaycana təsir etmək üçün müxtəlif vasitələrdən istifadə edən bəzi xarici dairələrin maşası olan Ə.Kərimli və onun tör-töküntüləri birdəfəlik bilməlidirlər ki, ölkəmiz bundan sonra da bir çox məsələlərdə qələbə qazanacaq və daha çox uğurlara imza atacaq. Bu yolda regionun lider dövləti olan Azərbaycana kimsə mane ola bilməz.

Zahid Rza, “İki sahil”