20 mart 2024 01:58
520

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni dayaq nöqtəsi olacaq

Həmin bölgələrdə icra olunacaq kənd təsərrüfatı, bərpaolunan enerji və turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək

Tarixi Zəfərimizdən sonra gündəmin əsas mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması və soydaşlarımızın mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdışıdır.  Böyük Qayıdışı tam tərkibdə səbirsizliklə gözləyirik. Cənab İlham Əliyevin son üç ildə elə bir çıxışı, elə bir səfəri yoxdur ki, şanlı Qələbəmizin yaratdığı reallıqlardan bəhs edilməsin. 30 ilik işğala son qoyularaq tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlanılması qürurverici hadisə olmaqla yanaşı, özündə mühüm məqamları ehtiva edir. Cənab İlham Əliyev yeni dövrün mühüm hadisəsi olan 7 fevral  prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən 14 fevral andiçmə mərasimində böyük qürurla qeyd etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!  Yeni dövr uğurla başlayır. Uğurla da davam edəcək. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji həm də turizm layihələri qeyri-neft sektorunun inkişafına böyük dəstək verəcəkdir.

Böyük Qayıdışın ilk addımı...

Son üç  ildən artıq dövrdə  ölkəmizin bu yenilikləri sırasında işğaldan azad  edilmiş ərazilərimizin  “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpasını qeyd edirik.  Zəngilan rayonunda “ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi   sakinlərini qarşıladı. Bu mühüm hadisəni  Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirən cənab İlham Əliyev bir daha tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda diqqətə çatdırdı ki, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Dövlət başçısı bu çağırışı da etdi: “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.»

Dost və qardaş dəstəyi

Dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını daha da sürətləndirmək, onların yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün zəruri addımları atır. Bərpa işlərində yeniliklərin tətbiqi bunun bariz nümunəsidir. «Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək» söyləyən Prezident  İlham Əliyev hələ bərpa işlərin başlamamışdan öncə bu prosesdə dost ölkələrin iştirakının vacibliyini bildirmişdi. Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakı diqqətdən kənarda qalmır. Qazaxıstan və Özbəkistan da öz dost, qardaş dəstəyini göstərir. Ötən ilin avqust ayında ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə dövlət başçısı İlham Əliyevin birgə iştirakı ilə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Məktəb binasının tikintisi qısa müddətdə  yüksək keyfiyyətlə başa çatdırıldı.  Həmin səfər çərçivəsində  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirdi. Bu il martın 11-dən isə Qazaxıstan Prezidenti  Kasım-Jomart Tokayev ölkəmizdə dövlət səfərindədir. Səfər çərçivəsində iki qardaş ölkənin prezidentləri Füzuli şəhərində  inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Qazaxıstan Prezidenti, həmçinin Füzuli şəhərinin Baş planı ilə tanış oldu. Dövlət başçısı İlham Əliyev istər Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında, istərsə də prezidentlərin mətbuata birgə bəyanatlarında bu addımın yüksək dəyərləndirərək bildirdi ki, Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzinə görə təşəkkürümü bildirirəm. Bu mərkəz cənab İlham Əliyev tərəfindən  dostluğumuzun da mərkəzi kimi dəyərləndirildi.

Göründüyü kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa işlərinə sıfırdan başlayan Azərbaycan dost ölkələrin dəstəyindən böyük məmnunluq hissi keçirir.

Tarixdə görünməmiş hadisə…

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində qarşıda dayanan vəzifələri açıqlayarkən onu da bildirmişdir ki,  növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən  ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq: «Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək.”

Heç kimdən asılı olmayan müstəqil Azərbaycan inamla, uğurla inkişaf edir

Təbii ki, hər bir layihənin uğurlu icrası iqtisadiyyatın inkişafını bir tələb kimi qarşıya qoyur. Bu ilin yanvar ayının nəticələrinə söykənərək ilin uğurla başa çatacağı barədə aydın təsəvvür yaratmaq mümkündür. Məhz həmin ayda ümumi daxili məhsul 5 faiz artıb. Qeyri-neft sektoru isə 12 faizdən çox artıb.  Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir.  Bu,  sağlam maliyyə sistemimizin göstəriciləridir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

Bu rəqəm də açıqlandı ki, müstəqillik dövründə əhalimiz 3 milyon artıb. Bu isə öz növbəsində yeni iş yerlərinin açılmasını bir tələb kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyev bildirir: “Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.”

Ölkəmizdə  münbit investisiya mühitinin yaradılması daim prioritetlər sırasındadır. Bircə faktı qeyd etmək kifayətdir ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bu investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu göstərici onu təsdiqləyir ki, yalnız enerji sektoru deyil, qeyri-neft sektoru da ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin diqqətindədir. 

Artan iqtisadi və maliyyə imkanlarımız Böyük Qayıdış Proqramının icrasını daha da sürətləndirir. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək. 

Yeganə Əliyeva, “İki sahil”