20 mart 2024 02:56
540

Ucuz “ətin” nə şorbası?!

Hindistanın Ermənistanı silahlandırması Yeni Dehlinin Cənubi Qafqazla bağlı çirkin planlarından xəbər verir

Ermənistanın Hindistanla hərbi-sənaye sektorunda əməkdaşlığı ilk növbədə silah tədarükünü özündə ehtiva edir. Hazırda məğlub ölkə hərbi büdcəsini atırmaq və silahlanma ilə məşğuldur. Məlumdur ki, indiyədək, işğalçı ölkənin silah təchizatı əsasən Rusiyadan həyata keçirilirdi. Ermənistan hərbi texnikanı şimal qonşumuzdan ya havayı, ya da çox aşağı qiymətlərlə alırdı. İndi məlum hadisələr fonunda bu təchizat zənciri qırılıb. Son zamanlar Hindistanla Ermənistan arasında hərbi-texniki sahədə əlaqələr nəzərəçarpacaq dərəcədə intensivləşib. Digər tərəfdən müasir silah tədarükü də Ermənistan üçün heç də asan bir məsələ deyil. Əvvəla, bu ölkənin maliyyə imkanları məhduddur. Müasir döyüş texnikalarının qiymətləri isə çox bahadır. Digər tərəfdən, müasir silahları Ermənistana satan şirkətlər yoxdur. Bu ölkənin beynəlxalq imici aşağı səviyyədədir. Bu və ya digər səbəblərə görə də dünyanın qabaqcıl silah istehsalçıları Nikol Paşinyan hökuməti ilə sövdələşmələrə getməkdən yayınırlar. Bu səbəbdəndir ki, Ermənistan axtardığı silah-sursatı uzaq Hindistanda tapıb.

Bu günlərdə Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) və “Container Corporation India” (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana “strateji yüklərin ixrac”ına başlayıb. Bu barədə “Telegram” kanalları məlumat yayıb. HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib. Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən “Gelix Airlines” aviaşirkətinə məxsus “İlyuşin İl-76 TD” yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb. Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan “İl 76-TD” yük təyyarəsi “RA-76360” reysi ilə uçaraq İrəvandakı “Zvartnos” aeroportunda enib. Təyyarənin yükü 214 mm çaplı “Pinaka” reaktiv yaylım atəşi sistemləri (RYAS) olub.

Qeyd edək ki, Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 “Pinaka”, zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb. Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün “hava dəhlizi” yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb. Məlumata görə, İrəvan orta mənzilli "BrahMos” hava raketlərini və yerüstü, qısamənzilli taktiki "Pralay” ballistik raketləri almaqda qərarlıdır. Bir sözlə, son dövrlər Ermənistanın Hindistanla silah sahəsində əməkdaşlığı artır. Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Bu hadisənin ardınca Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yerli KİV-ə müsahibəsində bildirib ki, Hindistandan gətirilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir. O bildirib ki, əlində Hindistandan gətirilən silahların vəziyyətinə dair yazılı məlumat var.

Xatırladaq ki, ötən ilin noyabr ayında Hindistanın "Munitions India Limited" şirkəti Ermənistana 150 min ədəd 30 və 40 mm çaplı qranat göndərəcəyini bildirib. Ötən ilin sentyabr ayında isə Hindistanın Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı patron göndərdiyi qeyd olunub. KİV-in məlumatına görə, 2023-cü ilin ilin avqust ayında Ermənistan Hindistandan altı ədəd 155 mm çaplı "ATAGS" qaubitsa alıb. Bu, Hindistanla imzalanmış böyük müqavilə çərçivəsində Ermənistana daxil olan ilk partiya idi. Müdafiə sazişi Ermənistana 155,5 milyon ABŞ dolları dəyərində 90 ədəd "ATAGS" göndərilməsini nəzərdə tutur. Bundan başqa, növbəti 3 il ərzində Ermənistana mərhələli şəkildə daha 84 qaubitsa çatdırılmalıdır.

Hindistanın Ermənistanı silahlandırması Yeni Dehlinin Cənubi Qafqazla bağlı çirkin planlarından xəbər verir. Belə ki, Hindistan regional sülh və sabitlikdə maraqlı olsaydı Ermənistanı silahlandırmaz, əksinə, konstruktiv mövqeyə töhfə verməyə çalışardı. Görünən odur ki, İrəvan Yeni Dehlinin qurbanına çevrilir. Ermənistanın sürətlə silahlandırılması, əlbəttə, sülhü yaxınlaşdırmır. Əksinə, sülh quruculuğu prosesinə mane olur. Konfliktologiyadakı məşhur prinsip yada düşür: hər şey həll olunmayıbsa, deməli, hələ heç nə həll olunmayıb. Sürətlə silahlanma gələcəkdə regional gərginliyə səbəb ola bilər. Çünki silahlanma prosesi ilə Ermənistan yeni xülyalara qapılır. Bunu tarixi təcrübə də göstərir. Müxtəlif nikbin proqnozlara baxmayaraq, hələ də Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Dediyimiz kimi, bunun əsas səbəbi İrəvanın silahlandırılması və sülhdən uzaqlaşdırılmasıdır. Bu ildə Ermənistanla Azərbaycan arasında hansı proseslərin baş verməsi isə əsasən İrəvanın ortaya qoyacağı mövqedən asılıdır. İrəvan kənar güclərin təhriki ilə silahlanmağa davam edərsə və revanşist xülayalara qapanarsa bu, bumeranq effekti verəcək və Bakıdakı Hərbi Qənimətlər Parkına yeni eksponatlar əlavə olunacaq.

Sevinc Azadi, “İki sahil”