13 mart 2024 23:46
363

Təhsilin inkişafına yönələn vəsait gələcəyə yatırılan investisiyadır

İşğaldan azda edilmiş ərazilərimizdə geniş vüsət alan məktəb tikintisi, universitetin yaradılması yeni dövrə qədəm qoyan Azərbaycanın gələcək inkişafı üçün yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük stimuldur

Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Təbii ki, hər dövrün öz tələbləri vardır. Bu baxımdan qeyd olunur ki, təhsil hər bir ölkənin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində əsas amillərdən biridir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq təhsilin inkişafına xidmət edən addımların davamlılığını görərik. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider yüzlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına, elmin sirlərinə dərindən yiyələnmələrinə səy göstərirdi. Bu gün möhkəm təməl üzərində hədəflərə doğru inamla addımlayan Azərbaycanın təhsil infrastrukturunun əsas bünövrəsi də məhz o illərdə qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafı dövlət siyasətinin əsası kimi öndə dayandı. O da məlumdur ki, ölkə iqtisadiyyatının aynası kimi dəyərləndirilən dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yeri təhsil xərcləri tutur. Təhsilin inkişafına, infrastrukturun yenilənməsinə yönələn vəsait gələcəyə yatırılan investisiyadır.

Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması istiqamətində biri-birindən önəmli addımlar atır. Bu tezis, eyni zamanda, yeni texnologiyaların tətbiqini daha da aktuallaşdırdı, istər orta, istərsə də ali təhsil müəssisələrinin müasir dövrün tələblərinə cavab verməsi üçün infrastruktur daha da təkmilləşdirildi, yeniləşdi və bu proses hazırda uğurla davam etdirilir.

Təhsilin keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb binalarının tikintisinə, mövcud məktəblər üçün əlavə korpusların inşasına, onların əsaslı təmirinə, müasir avadanlıqlarla təminatına, ümumilikdə, infrastrukturun tam yenilənməsinə göstərdikləri diqqət və qayğı nəticələrdən də aydın görünür. Hər yeni tədris ili onlarla yeni məktəbin tikintisi və əsaslı təmiri ilə yadda qalır. Ölkə Prezidenti, həmçinin paytaxt və bölgələrdə qəzalı vəziyyətdə olan bütün məktəblərin tamamilə yenidən qurulmasını qarşıya əsas məqsəd kimi qoyur, mütəmadi olaraq görülən işlərlə yaxından tanış olmaq üçün həmin məktəblərdə olur. Şagirdlərin biliklərə yiyələnmələri üçün bütün zəruri imkanlar yaradılır. Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımlar sırasında müxtəlif regionlarda modul tipli məktəblərin inşasını da qeyd etməliyik. Bu gün Azərbaycanın ən ucqar bölgələrində, kənd və qəsəbələrində quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir. Həmçinin modul tipli məktəblər mürəkkəb relyefə malik olan ucqar kəndlərdə, qəsəbələrdə qəzalı, istismar müddəti başa çatmış məktəb problemini də tamamilə aradan qaldırır. Yenə də göründüyü kimi, əsas məqsəd məktəblilərə dərin biliklərə yiyələnmək, öz bacarıqlarını ortaya qoymaq üçün lazım olan şəraiti yaratmaqdır.

Bugünün əsas tələblərindən biri də məktəblərin kompyuterləşdirilməsidir. Məhz son illərdə bu sahədə əldə olunan uğurlar pandemiya dövründə distant təhsilə geniş imkanlar yaratdı. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin geniş miqyas aldığı, məhdudiyyətlərin qoyulduğu zamanlarda distant təhsilə verilən önəm şagirdlərin yeni texnologiyalardan istifadə imkanlarının aydın mənzərəsini yaratdı. Xatırladaq ki, əvvəlki illərdə “10 şagirdə bir kompyuter”ə çağırış olunurdusa, bu gün artıq bir şagirdə bir kompyuterdən bəhs olunur. Bu, eyni zamanda, ölkəmizin yenilikçi olmasından, beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Ulu Öndər Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan, eyni zamanda, müxtəlif sahələrin inkişafına xidmət edən layihələri ilə diqqət mərkəzində olan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı addımları da təqdirəlayiqdir. Uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” proqramı çərçivəsində hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ümumilikdə 2 mindən artıq məktəb tikilib, yaxud əsaslı təmir olunub.

Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında, gənclərlə görüşlərində hər bir ölkənin bu günü və gələcəyinin təhsillə bilavasitə bağlı olduğu önə çəkilərək ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlardan bəhs edilməklə yanaşı, hədəflər də açıqlanır. Günümüzün əsas tələbi təhsildə islahatların daha da dərinləşdirilməsidir. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilərək bu mühüm məqam daim öndə saxlanılır ki, təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Dövlətimizin başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramında”, həmçinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya»da ali təhsil sisteminin rəqabətliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsi bir tələb kimi ortaya qoyulur.

Digər vacib məsələ Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Reallıq budur ki, rəqəmsallaşma, müasir texnologiyaların geniş tətbiqi bəzi peşələrin ixtisara salınmasını zərurətə çevirir. Artıq həmin peşələrin siyahısı var. «O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur» söyləyən cənab İlham Əliyev bildirir ki, amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, onlar üzrə mütəxəssislər hazırlanmalıdır.

Xaricdə təhsil prioritet məsələlər sırasındadır. Bununla bərabər təhsil alan gənclərin Vətənə dönərək əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır. Dövlətimizin başçısı məhz bu məqamı önə çəkərək bildirir ki, Azərbaycanda elə bir şərait yaratmalıyıq onlar özləri qayıtsınlar. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir.

Gənclərin xarici ölkələrdə təhsili ilə paralel olaraq növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali təhsil ocaqlarının Azərbaycanda filiallarının yaradılması məsələsi gündəlikdə oldu. Artıq qısa müddətdə ölkəmizdə bu filiallar yaradılıb. Cənab İlham Əliyev böyük əminliklə qeyd edir ki, onların sayı daha da çox ola bilər.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər dövrün öz tələbləri vardır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı əsas məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyevin mühüm çağırışları sırasında bu hədəf xüsusi yer alır ki, kadrlarımız yetişsin, həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər.

Ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda yaşlıların təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək onlarda təhsilin səviyyəsinin yüksək olduğunu görürük. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

Bu kimi çağırışlar, eyni zamanda, idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir.

Yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və dövlət idarəçiliyində təmsil olunmaları onların potensial imkanlarını düzgün istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Qeyd etdiyimiz kimi, Azərbaycan yeni dövrə qədəm qoyub. 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Son üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Cənab İlham Əliyev bərpa işlərinə başlandığı gündən qarşıya bu vəzifəni qoydu ki, bütün yeniliklər bərpa-quruculuq işlərində öz əksini tapmalı, keçmiş məcburi köçkünlərin yüksək rifah şəraitində yaşamaları üçün bütün imkanlar yaradılmalıdır. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», DOST mərkəzlərinin də bu ərazilərdə yaradılması prioritet məsələlər sırasındadır.

Sosial layihələr uğurla icra edilir. Əsas diqqət göstərilən məsələlərdən biri müasir tələblərə cavab verən təhsil müəssisələrinin yaradılmasıdır. Diqqət yetirsək dost, qardaş ölkələrin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə dəstəklərində də məktəb tikintisi xüsusi yer tutduğunu görərik. Ötən ilin avqustunda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. 2022-ci ildə başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirildi. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Bu il isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış diqqətdə oldu. Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Təhsilin inkişafına yönələn addımlar sırasında cənab İlham Əliyevin «Qarabağ Universitetinin yaradılması haqqında» Sərəncamını qeyd edə bilərik. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Sərəncamda qeyd olunur ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Qarabağ Universiteti regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yaradılır.

O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin fevralın 19-da qardaş Türkiyəyə səfəri zamanı Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Cənab İlham Əliyev bildirdi ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir: «Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.»

Göründüyü kimi, təhsilin inkişafı bütün dövrlərdə prioritet məsələlər sırasındadır. Yeni texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə bu vəhdəti qorumaqla yüksək nəticələr əldə edə bilərik. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində yenidən qurulan torpaqlarımızda müasir tipli məktəblərin, universitetlərin yaradılması gələcək üçün yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük stimuldur.

Yeganə Əliyeva, «İki sahil»