14 mart 2024 00:26
391

Qərb, ermənilər və Fuad Qəhrəmanlı...

Künc zərbəsi

AXCP sədrinin müavini anti-Azərbaycan dairələri niyə müdafiə edir?

Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının yekun sənədin imzalanması mərhələsinə çatmaması, prosesin uzanması müxtəlif amillərlə bağlıdır. Ancaq əsas səbəb hər zaman Ermənistanın məsələyə qeyri-kostruktiv yanaşması olub. Bu bir danılmaz faktdır ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən dərhal sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdi və sazişin əsas müddəalarını əhatə edəcək beynəlxalq qanunvericiliyə uyğun beş baza prinsipi irəli sürdü. Əgər Ermənistanın siyasi hakimiyyəti ədalətli sülh naminə iradə nümayiş etdirə bilsəydi sözsüz ki, ötən il Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri keçirməsinə də heç bir ehtiyac qalmayacaqdı və sözügedən müqavilə bu vaxta kimi imzalanmış olacaqdı. Regionda sülhün əldə edilməsinə mane olan, Ermənistanda revanşizm meyillərini körükləməklə danışıqlar prosesini pozmağa çalışan bəzi Qərb dairələrinin, xüsusilə də Fransanın bu ölkə üzərindən qurduğu məkrli planlar da zaman-zaman vəziyyəti gərginləşdirməyə hesablanıb. Çünki Avropa İttifaqının, Fransanın vasitəçilik cəhdlərinin ədalətli sülh naminə deyil, məhz Cənubi Qafqazdakı maraqlarını həyata keçirmək üçün edildiyi daha heç kimə sirr deyil.

ABŞ, Rusiya və Fransanın timsalında beynəlxalq vasitəçilərin onillərlə keçmiş Qarabağ münaqişəsində status-kvonu saxlamağa çalışmalarının, işğalçı Ermənistanın cinayətlərinə göz yumaraq onun nazı ilə oynamalarının bizə yaşatdığı acı təcrübələrdən sonra hazırda baş verənlər təəccüb doğurmur. Heç Qərbin bəzi dairələrinin, Fransanın oyunlarına Azərbaycanın radikal müxalifətinin haqq qazandırması da yeni bir şey olmadığı üçün təəccüblü deyil. Çünki ölkəmizə qarşı təzyiqlərin artması, çirkin planların praktik addımlarla əvəzlənməsi ilə təxminən eyni vaxtdan başlayaraq başda AXCP sədri Əli Kərimli olmaqla bütün komandası, xüsusilə onun müavini Fuad Qəhrəmanlı Qərbin ruporuna çevrilib. Məqsəd bəlli olduğu kimi, sifarişin də haradan gəldiyi bəllidir. Ancaq böyük oyunların bu kiçik oyuncaqları hərdən elə ifrata varırlar ki, yazdıqları, dedikləri radikal ermənilərdən də betər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur.

Məsələn, Fuad Qəhrəmanlı regiondakı geosiyasi vəziyyətlə bağllı yazısında Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının bir nəticə verməməsində bizi, yəni öz ölkəsini günahlandırır. Guya “Azərbaycan iqtidarı sülh danışıqlarını uzatmağa çalışır, Azərbaycan ayağını sürüməklə danışıqlardan imtina edir”. Bu, AXCP sədrinin müavinin ilk xəyanətkar yanaşması deyil. Ümumiyyətlə, bu antimilli ünsürün təbliğatının əsas motivləri Qərbi, Fransanı, hətta Ermənistanı və onun baş naziri Nikol Paşinyanı müdafiə etmək, haqlı çıxarmaq, əvəzində Azərbaycanı günahkar qismində təqdim etməkdir. Qəhrəmanlı eyni tezislərlə bir müddət əvvəl də çıxış etmişdi. Yazmışdı ki, bir günlük antiterror tədbirlərindən dərhal sonra Qərb tərəfindən Azərbaycan və Ermənistan arasında danışıqları davam etdirmək və sülh müqaviləsi bağlamaq təklif olunub. Ancaq Azərbaycanın ilk vaxtlar bu danışıqlara qatılmaqdan imtinasından sonra ilkin xəbərdarlıq sənədi kimi Avropa Parlamentinin ölkəmiz əleyhinə məlum haqsız qətnaməsi qəbul edilib. Əslində, AXCP sədrinin müavini bu açıqlaması ilə özünü də, müdafiə etdiyi Qərbi də ifşa etmişdi. Çünki aydın olurdu ki, Qərb müstəqil siyasət yürütdüyü üçün əvvəlcə Azərbaycana təzyiq göstərməyə çalışıb. Bu, işə yaramadıqda isə ədalətsiz qətnamə qəbul edib.

Yaxşı, axı Qəhrəmanlı da daxil olmaqla radikal müxalifətin bütün nümayəndələri gecə-gündüz dəridən-qabıqdan çıxıb “Qərb demokratiyasından”, “insan haqlarından” dəm vururlar. O zaman sual yaranır ki, həmin Qərb Azərbaycana nəyisə diktə etmək haqqını haradan, kimdən alıb? Cənubi Qafqazda sülh, stabillik Qərbi bu qədər maraqlandırırdısa niyə otuz il ərzində Ermənistana təzyiq göstərmirdilər ki, işğal etdiyin Azərbaycan torpaqlarından çıx, sülh müqaviləsi bağla? Bütün bunlardan sonra Fuad Qəhrəmanlının “Azərbaycanın bugünkü anti-Qərb davranışlarının məntiqi izahını tapmaq çətindir” fikrinə şərh verməyə ehtiyac qalmır. Ancaq AXCP sədrinin müavininin anti-Azərbaycan mövqeyinin məntiqi izahı da var, adı da – öz Vətəninə xəyanət...

Mahir Rəsuloğlu, “İki sahil”