12 mart 2024 23:14
361

Azərbaycan-Qazaxıstan: Zamanın sınağından çıxmış dostluq

Liderlərin siyasi iradəsi, səmimi qardaşlıq münasibətləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb

Türk dünyasının mədəni və mənəvi mərkəzi olan Qazaxıstan həm də Türk dünyası üçün mühüm siyasi mərkəz rolunu oynayır. Qazaxıstanın zəngin korbohidrogen ehtiyatları, əlverişli strateji mövqeyi, Avropanın Şərq ölkələri ilə tranzit rolunu oynaması onun siyasi əhəmiyyətini daha da artırır. Ölkəmiz türk dünyasının əhəmiyyətli dövlətlərindən biri olan Qazaxıstanla qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Xalqlarımızın ortaq etnik və dini-mədəni yaxınlığı bu bağları daha da möhkəmləndirir. İki ölkə arsındakı dostluq əlaqələrinin təməli Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr  arasındakı münasibətlər daha da dərinləşib. Ölkə başçısının uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri bu gün bütün siyasi müstəvilərdə özünün ən yüksək mərhələsinə çatmışdır.

Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ötən ilin 11 ayının nəticələrinə əsasən, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 19 faiz artmışdır. 2023-cü ildə Orta Dəhliz (TBNM) üzrə daşımalar 65 faiz artaraq, 2,76 milyon tondan çox olub. Həmçinin bu gün Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə 1195-dən çox müəssisə və 210 birgə müəssisə fəaliyyət göstərir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 365 milyon dollardan çoxdur. İki dost ölkə arasında əməkdaşlığın əsas istiqaməti 2022-ci ilin avqustunda Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Saziş və 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair Kompleks Proqramla müəyyən edilir. Orta Dəhliz və digər birgə investisiya layihələri çərçivəsində, nəqliyyat və logistika sahəsində əməkdaşlıq ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmağa imkan verir. Çünki Orta Dəhlizin perspektivləri çox böyükdür. Mütəxəssislərin fikrincə, bu sahədə Azərbaycan və Qazaxıstan investorları üçün Azərbaycandan kənarda, Gürcüstanda, Qara dəniz limanlarında əməkdaşlıq zəruridir. Marşrutlar nə qədər çox olsa, tariflər bir o qədər aşağı olacaq. Bu isə kiçik və orta biznes üçün daşıma xərclərini azaltmaq üçün faydalıdır.

Beynəlxalq arenada problemlərin həllinə dair bütün məsələlərdə də Qazaxıstan və Azərbaycan bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycan və Qazaxıstan prezidentlərinin müntəzəm qarşılıqlı səfərləri, beynəlxalq arenadakı sıx təmasları bu əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir. 44 günlük Vətən müharibəsində Qazaxıstanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək müharibədən sonra Qarabağın yenidən dirçəldilməsi prosesində də özünü göstərir. Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olmuş, ölkəmizin haqlı mübarizəsini dəstəkləmişdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələri ilə yanaşı, Qazaxıstan Prezidentinin Qarabağın yenidən dirçəldilməsi və inkişafına hərtərəfli yardım göstərmək niyyətində olduğunu ifadə etməsi Azərbaycan-Qazaxıstan münasibətlərində yeni bir səhifənin açılmasından xəbər verirdi. Bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda növbəti dövlət səfərində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana verdiyi daimi dəstəyə və azad edilmiş ərazilərin bərpasına göstərdiyi yardıma görə Qazaxıstan prezidentinə təşəkkür edib: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.

Prezident Kasım-Jomart Tokayev çıxışında bildirib ki, bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur”.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Qazaxıstan Prezidentinin Bakıya səfəri çərçivəsində Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyi elan edilmişdi. Budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı baş tutdu. Bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevrildi. Lakin bu, son deyil. Qazaxıstan şirkətləri Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlıdırlar. Bunu Qazaxıstan Prezidenti dəfələrlə dilə gətirib. Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisinin layihəsinin təqdim edilməsi də bu baxımdan əhəmiyyətlidir. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin həyata keçiriləcəyi gözlənilir.

Göründüyü kimi, əsası illər öncə qoyulmuş qardaşlıq münasibətləri bu gün yeni dəyərlərlə zənginləşir, zamanın sınağından çıxmış Qazaxıstan-Azərbaycan dostluğunun daha böyük perspektivindən xəbər verir. Etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Sevinc Azadi, “İki sahil”