11 mart 2024 23:32
387

Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlar, müttəfiq dövlətlərdir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə dövlət səfəri çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin dünəni, bu günü və gələcəyi barədə aydın mənzərəni təqdim etdi

Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bu birlik hazırda özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində tapır. «Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq» söyləyən dövlət başçısı  İlham Əliyev, eyni zamanda, belə bir çağırışı da edir ki, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir: «Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.»

Reallıq budur ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında  hüquqi bazadır. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilir ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər.

Azərbaycan hər zaman türk dünyasının birliyinə davamlı töhfələr verir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Məhz bu töhfələrin nəticəsidir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görüldü.

Bu mühüm məqamı da xüsusi qeyd edək ki,  Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi Türk Dövlətləri Təşkilatının  çəkisini və perspektivini göstərir.

Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı və İstanbul olmaqla xeyli sayda  Zirvə görüşü keçirilib. 2022-ci ildə Səmərqənddə keçirilən Zirvə görüşündə təşkilata sədrlik Türkiyədən Özbəkistana keçdi.  Zirvə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bu da türk dünyasında Türkiyə Prezidentinə olan hörmət və ehtiramın göstəricisidir.

Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Onu da qeyd edək ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirdi. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.

Azərbaycan türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi iki türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir.  Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana, eyni zamanda, bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri münasibətlərdə yeni səhifənin açılmasında öz sözünü deyir.

Ümumilikdə Azərbaycanın  tarixi Zəfəri  türk dünyasının nüfuzunun artmasında stimulverici amil oldu. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri  Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra fevralın 14-də keçirilən andiçmə mərasimində də türk dünyasının birliyinin prioritetliyini xüsusi qeyd etdi. Belə ki, «Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır» söyləyərək onu da əlavə etdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: «Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»

Cənab İlham Əliyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini məhz  qardaş Türkiyəyə etməsi də  iki ölkə arasında münasibətlərlə yanaşı, ümumilikdə türk dünyasının birliyinə işıq saldı. Cənab İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü  bu ilin iyul ayında  Şuşada keçiriləcək.  O da bildirildi ki,  müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də cənab İlham Əliyevin  dəvəti ilə bu görüşdə iştirak edəcək. Bu,  ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

Türk dövlətlərinin qarşılıqlı səfərləri davamlılığı ilə diqqətdədir.  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də   Azərbaycana reallaşdırdığı  dövlət səfəri də türk dünyasının birliyinə böyük töhfə olacaq. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Onu da qeyd edək ki, Azərbaycan  ilə Qazaxıstan  arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Dövlət başçısı İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü ilin noyabrında olub.  Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etmişdir. Cənab İlham Əliyev Zirvə görüşündə diqqəti bir daha bu rəqəmlərə yönəltdi. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Ölkə Prezidenti belə bir əminliyi də ifadə etmişdir ki,  biz böyük türk dünyasının bir hissəsiyik. Dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Türk Dövlətləri Təşkilatının keçirilən Zirvə görüşlərinin hər biri qurumun beynəlxalq nüfuzunun artmasında, həmçinin türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. O  da məlumdur ki, ötən ilin martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi dəyərləndirildi. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkdi, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

Tarixi Zəfərimiz türk dünyasının birliyinin daha da möhkəmlənməsində öz sözünü deyir. Əvvəldə də qeyd etdiyimiz kimi, hazırda bu birlik, həmrəylik 30 il işğal altında qalaraq ermənilər tərəfindən tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində özünü nümayiş etdirir. Qardaş Türkiyə bərpa-quruculuq işlərinə  də öz dəstəyini göstərir.  Prezident İlham Əliyev hər bir görüşündə diqqəti bu məqama yönəldir ki, Füzuli şəhərində Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə məktəb tikintisi həyata keçirilb və artıq fəaliyyətdədir. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürünü bildirən dövlət başçısı İlham Əliyev atılan bu addımları  Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun,  qardaşlığın təzahürü kimi dəyərləndirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sonunca dəfə  ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olmuşdur. Martın 11-də Azərbaycana reallaşdırdığı növbəti dövlət səfəri münasibətlərin inkişafına yeni məhələninin əsası olacaq. Qarşılıqlı səfərlərin əhəmiyyətini, gələcək üçün nəyi vəd etdiyini imzalanan sənədlər təsdiqləyir. Bu baxımdan səfər münasibətlərin yeni prioritetlər üzrə inkişafına töhfə olacaq. Belə ki, səfər  çərçivəsində əlaqələrin inkişafına möhkəm hüquqi bazanın  yaradılmasını təmin edən sənədlər imzalandı. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında «Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə»ni, «Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə»ni,  «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə»ni  xüsusi qeyd etmək istərgik. İki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafında dövlət başçılarımızın sıx münasibətləri mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Səfər çərçivəsində, həmçinin Prezident İlham Əliyev və Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izlədilər. Qeyd edildi ki, Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib.

Nəqliyyatçıları əlamətdar  gün münasibətilə təbrik edən cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar.

Onu da qeyd edək ki,  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl “Azərbaycan” qəzetinə və APA-ya müsahibəsində Füzuli şəhərində tikilən  Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini bildirib.  Qazaxıstan şirkətlərinin Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlı olduğunu bir daha vurğulayan Prezident Kasım-Jomart Tokayev onu da qeyd edib ki, Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirir. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə oxşar daha çox layihənin həyata keçiriləcəyini gözləyirik. Birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Qazaxıstan Prezidenti sözügedən müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır. Birgə səylərlə bu məqsədə nail olacağıq.

İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.

Azərbaycanla Qazaxıstan arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. İki ölkə arasında əlaqələr  enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

İki ölkənin münasibətlərinin hazırkı inkişafına diqqət yetirsək bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini görərik. Bu məsələlər Qazaxıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində istər məhdud çərçivədə keçirilən görüşlərində, istərsə də dövlət başçılarının  mətbuata bəyanatlarında geniş şəkildə təhlil edilir. Əlaqələrin inkişafı təhsil, media sahəsində də özünün aydın şəkildə nümayiş etdirir. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan 9 sənəd təhsil, eyni zamanda, media sahəsini də əhatə edir.  Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzaladılar.

Qeyd edək ki, səfər çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirildi. Cənab İlham Əliyev iclasdakı çıxışında bir daha bildirdi ki, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ilk dəfədir ki, Ali Dövlətlərarası Şuranın iclasının  keçirildiyini bildirdi.

İqtisadi-ticari və investisiya, neft-qaz, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar, həmçinin mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri  geniş müzakirə olundu  və ümumi nəticələr əldə edildi. Qazaxıstan Prezidentinin vurğuladığı kimi, bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar. Qazaxıstan Prezidenti, həmçinin müqəddəs şəhərlər olan Türküstan və Şuşanın, həmçinin Uralsk və Mingəçevirin, Şımkent və Gəncənin arasında qardaşlıq münasibətlərini müsbət dəyərləndirdi.

Ali Dövlətlərarası Şuranın iclasında o da qeyd edildi ki, martın 12-də Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq.

Səfərin mahiyyətini açıqlayan prezidentlərin mətbuata bəyanatları   münasibətlərin dünəninə qısa baxış əsasında qarşıdakı dövrün hədəflərini açıqladı.  Azərbaycan Prezidenti mətbuata bəyanatında Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasını Qazaxıstanın Azərbaycana qardaş köməyi adlandırıb. Prezident qeyd edib ki, nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub, biz Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etmişik. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə qeyd edib ki, Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan Qazaxıstan Prezidenti deyib: “Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir”.

Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək.

Yeganə Əliyeva, “İki sahil”