11 mart 2024 22:42
357

Hayastan Qərbin “Troya atı”na çevrilib

Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaradılması planı Cənubi Qafqazda sülh prosesinə ciddi zərbədir

Artıq son vaxtlar Ermənistanla Hindistan arasında əlaqələrin genişləndiyi müşahidə edilir. Həmçinin bu əlaqələrin Fransanın da iştirakı ilə daha da intensiv xarakter aldığı aydın görünür. Hazırda Hindistandan Ermənistana strateji hava yolunun açılması məsələsi gündəmdədir. Perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması nəzərdə tutulur. Ermənistanda Avropa İttifaqı missiyasının fəaliyyət göstərdiyi hamıya məlumdur. Məhz bu missiyanın təhriki ilə Ermənistan Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən uzaqlaşır. Bu ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsi getdikcə daralır və yaxın gələcəkdə buna son qoyulması planlaşdırılır. Həmçinin strateji məqsədin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu nəzərə alınmalıdır. Beləliklə, son vaxtlar Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesinin yürüdüldüyü aydınlaşır. Hər fürsətdə qatı anti-Qərbçi olduğunu bəyan edən İran isə Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olur. Bunun da son nəticədə İranın özü üçün hansı problemlər yaradacağını təsəvvür etmək çətin deyil.

Bütün bunlar Ermənistanın silahla təmin edilməsi, hərbi gücünün artırılması məqsədini daşıyır və dolayısı ilə Qafqazda uzun zamandan bəri arzulanan sülh üçün zərbə deməkdir. Çünki Ermənistan hərbi baxımdan nə qədər zəifdirsə, bir o qədər “sülhpərvər” olur, arsenalında silahı çox görəndə isə tamahı və iştahı artır. Özü barədə yüksək fikirlərə düşür, qəhrəmanlıq dastanları yazmaq qərarına gəlir və regionda vəziyyəti gərginləşdirir.

Məsələni qəlizləşdirən daha bir məqam odur ki, Hindistan və Ermənistan arasında “silah yolu” yalnız İran üzərindən reallaşdırıla bilər. Təbii ki, Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməz və verməyəcək. Heç ola bilməz ki, sülh müqaviləsi imzalanmadan, hətta imzalanandan sonra da hansısa ölkə Ermənistana silahı ölkəmizin səmasından keçirərək daşısın.

Əslində İran da bu planın gerçəkləşməsinə imkan verməməlidir. Çünki bu silahlar, ümmətçilik prizmasından götürsək, Azərbaycanın müsəlman əhalisinə tuşlanacaq. İran isə özünü dünyanın hər yerində zülmə məruz qalan müsəlmanların əsas müdafiəçisi elan edib. Bundan əlavə Ermənistan artıq dəfələrlə rəsmi şəkildə ABŞ-ın, Avropanın yanında yer aldığını bəyan edib, Avropa İttifaqına, NATO-ya daxil olmaq istəyir. Bu da o deməkdir ki, İranla yarım əsrlik münaqişə şəraitində olan ABŞ və Avropa lazım bildikləri vaxt Ermənistandan bu ölkəyə qarşı istifadə edəcəklər. Belədə ortaya sual çıxır: Yeni sövdələşmədə Hindistan pul qazanacaq, Ermənistan silah tədarük edəcək, bəs İranın qazancı nə olacaq? Təbii ki, strateji baxımdan İranın qazancı olmayacaq, əksinə, nə vaxtsa, çox da uzaq olmayan perspektivdə bunun ziyanını çəkəcək. Çünki Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesi gedir. İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsini istəyir. Bu, Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqla yanaşı, yuxarıda dediyimiz kimi, İranın özünə də müəyyən problemlər yaradacaq. Bir sözlə, görünən odur ki, artıq Hayastan Qərbin “Troya atı”na çevrilib.

Cavid Əkbərov, “İki sahil”