12 mart 2024 01:36
383

Susdurulan şər tribunaları...

ABŞ və Qərbin casus şəbəkələrinin hamısını eyni aqibət gözləyir!

Bir müddət öncə “Abzas Media”, indi isə “Toplum TV” internet televiziyası ilə bağlı həyata keçirilən tədbirlər, aşkarlanan faktlar, ABŞ-ın və bəzi Qərb dairələrinin ölkəmizdə formalaşdırmağa çalışdıqları casus şəbəkələrinin zərərsizləşdirilməsi bir tərəfdən Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər aidiyyəti strukturlarının əməkdaşlarının peşəkarlıqlarını, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandıqlarını, digər tərəfdən “soz azadlığı” pərdəsi altında ölkəmizə qarşı məkrli planlar qurulduğunu göstərmiş oldu. İndi daha aydın görünür ki, Qərbin məqsədi mətbuat və “azad söz” faktorundan istifadə etməklə Azərbaycanda vəziyyəti gərginləşdirmək, öz çirkin oyunlarını həyata keçirməkdir. Halbuki, ölkəmizdə kütləvi informasiya vasitələrinin, həmçinin internet televiziyaların və sosial şəbəkələrin fəaliyyətlərinin azadlıq əmsalı elə Qərbin özündə bir çox dövlətlərə yaxşı mənada nümunə ola bilər.

Real vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycanda istənilən şəxs heç bir maneə və bürokratik əngəllə rastlaşmadan özünə xəbər saytı, yaxud son vaxtlar daha sürətlə artmaqda olan internet televiziyası aça bilər. Bu isə artıq mövcud söz, mətbuat və özünüifadə azadlığının göstəricisi olmaqla yanaşı, həm də qürur duyulacaq tarixə malik milli mətbuatımızın yeni inkişaf dövrünü yaşadığını göstərir – mətbuat, həmçinin media sahəsində çalışmaq hər kəs üçün eyni dərəcədə əlçatandır. Ölkəmizdə söz azadlığının təmin edilməsi üçün lazım olan şəraitin mövcudluğunu, eyni zamanda, hansısa maraqları naminə bunun əksini iddia edənlərin fikirlərini çatdıra bilmək üçün tribuna əldə edə bilmələri də sübut edir. Daha sadə desək, Azərbaycanda sərbəst özünüifadə azadlığının olmadığını ölkəmizin özündə mətbuat vasitəsilə iddia edə bilirlər. Özü də nəinki hazırda fəaliyyət göstərən mətbuat vasitələri və ya sosial şəbəkələr, hətta yeni yaratdıqları çap və internet mediası vasitəsilə. Deməli, “Abzas Media” və “Toplum TV”də əməliyyatların keçirilməsini zəruri edən səbəblərin çirkin planları iflasa uğrayan Qərbin anti-Azərbaycan dairələrinin iddia etdiyinin əksinə mətbuat azadlığının məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Bəs məsələnin əsl səbəbləri hansılardır?

“Toplum TV”nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi ilk növbədə Qərb institutlarının medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri Azərbaycan qanunlarına zidd şəkildə maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlıdır. Məlum olduğu kimi, bundan əvvəl “Abzas Media”da keçirilən oxşar tədbirlərdən sonra aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilmişdi. Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyini və çirkli pulların yuyulduğunu sübut edir. Məlum oldu ki, maliyyə Qərb institutları tərəfindən Gürcüstandan tranzit kimi istifadə etməklə həmin şəbəkəyə ötürülüb. Proses zamanı Şərq ölkələrində terror təşkilatlarının da istifadə etdiyi üçüncü tərəflərə həvalə mexanizmindən, adsız kartlardan geniş istifadə olunub. “Toplum TV” ətrafında baş verənlər bir daha göstərir ki, Qərbin bəzi dairələri Azərbaycanla bağlı fəaliyyətini nəinki səngitməyib, əksinə, ölkəmizdə qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən əvvəlkitək istifadə edirlər. Prosesdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri Samanta Pauer başda olmaqla Qərb fondları, hüquq-müdafiə təşkilatları, siyasi maraqların oyuncaqlarına çevrilmiş media orqanları mühüm rol oynayır. Eyni vaxtda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyasının davam etdirilməsinin, əsassız ittihamlarla dolu materiallar dərc olunmasının təsadüf olmadığını söyləməyə ehtiyac yoxdur.

Əldə edilmiş məlumatlara əsasən, prosesin işləmə mexanizmi belə təsvir oluna bilər: Əvvəlcə şəbəkə qurulur və onların vasitəsilə daxildə qarışıqlıq yaradılır. Mövzu Qərb mediası və qeyri-hökumət təşkilatlarının gündəminə gətirilir. Daha sonra isə rəsmi müstəviyə keçirilir. Konkret ölkə beynəlxalq ictimaiyyətin hədəfinə çevrilir. Buna misal olaraq Gürcüstanda xarici agent mövzusunu, USAID-in çevriliş etmək cəhdlərini, Azərbaycanda mühüm tədbirlər, seçkilər dövründə Qərb şəbəkəsinin fəaliyyətinin aktivləşməsini göstərmək olar.

Məlumat üçün bildirək ki, “Toplum TV” domen adı, redaksiya heyəti, rekvizitləri olan KİV qurumudur. İnternet səhifəsində qeyd edilib ki, “2016-ci ilin oktyabr ayından yaradılmış müstəqil informasiya resursudur” və “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən KİV qurumları Media Reyestrində qeydiyyatdan keçməlidirlər. Doğrudur, bu tələb sosial şəbəkə platformalarını əhatə etmədiyi üçün “Toplum TV”nin yootube sosial şəbəkə platforması üzərindən yayımlanan versiyası mübahisələndirilə bilər. Ancaq burada yayımlanan verilişlər onun məhsulunun bir qismidir. “Toplum TV” özü qeyd etdiyimiz kimi, domen adı, veb-səhifəsi, rekvizitləri olan xəbər portalıdır. Bu cür redaksiyalar üçün reyestrə düşmək zəruri şərtdir. Ancaq “Toplum TV” qanunun tələbini pozub, reyestrdə qeydiyyatdan keçməyib. Saytın rəsmi təsisçisi olan Ələsgər Məmmədlinin, həmçinin baş redaktor Xədicə İsmayılın açıqlamalarından görünür ki, onlar qanunun tələbini bilərəkdən pozublar. Arqumentləri budur ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri ilə razılaşmırlar. Nəzərə almırlar ki, dünyanın heç bir ölkəsində legitim qanunlara tabelilik könüllük prinsipinə söykənmir.

Daha bir vacib məqam. Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 faizi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan əldə edilməlidir. “Toplum TV”də isə bunların heç biri yoxdur. O zaman sual yaranır ki, bu qurum haradan və kimlər tərəfindən maliyyələşdirilib? Axı redaksiya ofisinin icarəsi, işçilərin əməkhaqqı, texniki avadanlıqlar təminatı və digər xərclər üçün az vəsait tələb edilmir? Xədicə İsmayıl və Ələsgər Məmmədlinin bu suallardan yayınmalarının səbəbini anlamaq çətin deyil. Çünki araşdırmalar göstərir ki, “Toplum TV”nin kifayət qədər böyük maliyyə dövriyyəsi mövcuddur. Sadəcə, maliyyənin qaynağı şəffaf deyil.

“Toplum TV”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma portalın sahibləri qrant vəsaitlərini hansı donorlardan və hansı həcmdə aldıqlarını da qapalı saxlayırlar. Bu isə ciddi qanun pozuntusudur. “Qrantların qeydiyyatı haqqında” Qanuna əsasən, alınmış vəsaitlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Ancaq “Toplum TV” qrantları qanuni deyil, qaçaqmalçılıq yolu ilə alaraq realizə edib.

Son hadisələr bir daha sübut edir ki, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda ictimai rəyi çaşdırmaq üçün çoxlu sayda təsir agentləri yetişdiriblər. İzi azdırmaq üçün isə onların adını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyaraq öz agentlərini məsuliyyətdən yayındırmaq məqsədilə bir növ hüquqi platforma yaradıblar. Üstəlik, qrant vermək adı altında onlar üçün “qanuni maliyyə mənbəyi” təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq bu şəbəkəni qismən ifşa edib və zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. Belə ki, 2014-cü ildə qrant alma prosedurları sərtləşdirilib və digər zəruri tədbirlər görülüb. Ancaq görünür “qrant şəbəkəsi” də çevik tərpənərək qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə edib. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və digərlərinin fəaliyyətinin araşdırılması bu yöndə çoxsaylı nümunələr verir. Bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dan gələn direktivlər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasiya tezisləri də Qərbdən gəlir. Hansı ki, bu tezislər Azərbaycanın mənafeyi və milli maraqlarla tamamilə ziddir.

Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında öz ölkəsində xarici agent statusundan geniş yararlanan ABŞ dayanır. ABŞ kimi, Qərb ölkələrində də bu sahədə vəziyyət acınacaqlıdır. Jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış şəxslər xarici ölkələrlə əməkdaşlıqda, məxfi informasiyaları yaymaqda və sair əməllərdə təqsirləndirilirlər və onlara qarşı müxtəlif tədbirlər görülür. Buna misal olaraq Edvard Snoudenu, Culian Assancı və digərlərini göstərmək olar.

Dünyanın əksər sivil ölkələrində azad söz tribunaları şər və böhtan atmaq, kimlərisə məqsədli şəkildə ləkələmək vasitəsilə qazanc əldə etmək, ən mühümü isə milli və dövlətçilik maraqlarını satmaq üçün deyil, məhz demokratik dəyərləri müdafiə etmək üçün istifadə olunur. Bu zaman pozulması ilk növbədə mənəvi cinayət sayılan sui-istifadə etməmək sərhədi həm medianın imkanlarından yararlananlar, həm də onların oxucuları, dinləyiciləri və tamaşaçıları üçün ədalət prinsiplərinin təməlini təşkil edir. Bu prinsipləri pozan, xarici havadarlarının “çirkli” pulları hesabına öz ölkəsinə, dövlətinə xəyanət edənlərin hamısını eyni aqibət gözləyir. ABŞ və Qərb isə bir məqamı unudub ki, Azərbaycan onların casus şəbəkələrini ifşa edərək bütün məkrli planlarını poza biləcək gücdə olan qüdrətli bir dövlətdir. Qarşısında və əleyhinə olanların hər biri məğlubiyyətə məhkumdur.

Mahir Rəsuloğlu, “İki sahil”