12 mart 2024 02:16
398

XXI əsrdə islamofobiyaya, ksenofobiyaya və irqçiliyə yer olmamalıdır

Bakıda keçirilən «Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə» adlı ikigünlük konfransda dini radikalizmə qarşı birgə mübarizənin yolları göstərildi: «Dünyamızın silah səslərinə deyil, dialoqa ehtiyacı var.»

Tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoqun gücləndirilməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycanda beynəlxalq, regional konfrans, forum və simpoziumların keçirilməsi ənənəyə çevrilib. Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoq və tolerantlığın təşviqi üzrə Bakı proseslərinə maraq ildən- ilə artır. Xalqlararası münasibətlərin gücləndirilməsi üçün multikulturalizm ideyalarının təbliğində xüsusi rolu ilə seçilən ölkəmizin nüfuzlu təşkilatlarla əməkdaşlığı genişlənir.

Azərbaycan dünyada əmin-amanlığın bərqərar olması üçün maraqlı müzakirələrin aparıldığı, dialoqların təşkil edildiyi, insanları narahat edən, fəlakətlərlə nəticələnən problemlərin aradan qaldırılması üçün humanitar platforma kimi tanınır. Müasir dövrümüzdə sayı dəfələrlə artan miqrantlara qarşı ədalətsizlik, zorakılıq dünyada sülh və bərabərliyin, qarşılıqlı anlaşmanın əldə olunmasında ən təhlükəli amil olmaqla, dini radikalizmin və ksenofobiyanın dözülməz təzahürüdür.

Daha çox xarici dairələrin müdaxiləsi nəticəsində yaranan münaqişələrin qurbanı olan miqrantları «Müsəlmanlara stop!» kampaniyası ilə «qarşılayan» Avropa dövlətlərində günahsız insanlar çox zaman tikanlı məftillərlə, təhdidlərlə üzləşirlər. Planetimizdə sabitlik üçün zəruri olan, sivilizasiyalararası münasibətlərə daha böyük zərbə vuran islamofobiya, ksenofobiya kimi zərərli təhlükələrlə üzləşən insanların taleyi üçün narahatlığını «Miqrant böhranı Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev insanlığa qarşı zorakılıq olan bu cür halların aradan qaldırılması yollarını da göstərir: «Bizim dialoqa ehtiyacımız var.»

Hazırda islamofobiyanın getdikcə gücləndiyi Avropa ölkələri arasında birinciliyini «qoruyan» Fransada müsəlmanlara qarşı zorakılıq gündəlik həyat tərzinə çevrilərək adi hal alıb. «Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır» sözləri ilə özünü mədəniyyət mərkəzi hesab edən rəsmi Parisin siyasətini insanlığa qarşı cinayət kimi dəyərləndirən Prezident İlham Əliyev bu ölkədə xüsusilə müsəlman qadınlara qarşı zorakılığı vəhşilik adlandırır. Danılmaz həqiqətdir ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız əsgərləri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşlar. Bu ölkənin fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindəndir.

Ötən ilin noyabrında ölkəmizdə keçirilən «Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı»” mövzusunda beynəlxalq konfransda dəfələrlə vurğulanmışdır ki, Fransada neokolonializm meyilləri ilə paralel irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət alması, narahatedici və təhlükəli meyillərlə mübarizəyə diqqət göstərilməməsi bu ölkənin Prezidenti Emmanuel Makronun neokolonializm siyasətinin qara səhifəsidir.

Bu günlərdə Bakıda keçirilən «Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə» adlı iki günlük konfranda da islamofobiyaya qarşı birgə mübarizəyə həsr olunmuşdu. İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı, dünyanın 32 ölkəsini təmsil edən 130-dan artıq nümayəndənin iştirakı ilə keçirilən konfransda maraqlı müzakirələr aparılmış, əsasən Qərb ölkələrində yayılmış islamofobiyaya qarşı birgə mübarizənin əhəmiyyəti ilə bağlı dialoqlar təşkil edilmiş, təzyiqlərə məruz qalan İslam dininə qarşı platformanın yaradılmasının zəruriliyi qeyd olunmuşdur.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubunda islamofobiyanın özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil etməsi, anti-İslam meyilləri, «dünyəvilik”» adı altında müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılması zərərli ideologiya adlandırılır. Qeyd olunur ki, bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir. Bəzi qlobal media qurumları tərəfindən İslam dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü təxribatlar , kampaniyalar aparılır, qardaşlığa , bərabərliyə xidmət edən İslamın gerçək mahiyyəti təhrif olunaraq terrorla eyniləşdirilir. Əslində isə terrordan ən çox əziyyət çəkənlərin məhz müsəlmanların olduğunu bütün dünya ictimaiyyəti aydın başa düşür.

Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir. Torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ölkəmizdə İslam dininə aid abidələrin dağıdılması, 65 məscidin yerlə-yeksan edilməsi, soydaşlarımıza qarşı vəhşiliyin təzahürü olan kütləvi məzarlıqların aşkar olunması İslam dəyərlərə qarşı vandal ermənilərin törətdikləri vəhşiliyin təzahürüdür. İslam dininə aid ibadət yerlərimizin, məscid və türbələrimizin təyinatının dəyişdirilməsi, saxtalaşdırılması, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanılması, Qərbi Azərbaycanda da eyni vandalizmin təkrar olunması bütün dünya müsəlmanlarının hisslərini təhqir etməkdir.

Erməni vandalizmi ilə bağlı Azərbaycanın UNESCO-ya müraciətlərinə qurum tərəfindən laqeydlik göstərilməsi, 30 il ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılmaması İslama qarşı nifrətin beynəlxalq səviyyədə dəstəklənməsidir. Halbuki, bütün dünya ictimaiyyəti də yaxşı bilir ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu multikulturalizmə sadiqliyi ilə təsdiqləyən Azərbaycanda milli sərvət kimi qorunan dini bərabərlik, dini radikalizmə qarşı mübarizə zəngin tarixə malik xalqımızın həyat tərzi, güc mənbəyidir.

«Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir. Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür. May ayında Bakıda keçiriləcək və artıq yaxşı ənənəyə çevrilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunələrindəndir» sözlərinin yazıldığı məktubda qeyd olunduğu kimi, XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır. Müsəlmana bənzəməyin belə bəzi Qərb ölkələrində həqarətlə qarşılanması yolverilməzdir. İslami dəyərləri olduğu kimi dərk etməkdən məhrum məkrli dairələrin dinlərdən siyasi vasitə kimi istifadəsi terrora , separatizmə dəstəkdir. Halbuki İslam dinində millət və sərhəd anlayışı yoxdur. Müsəlmançılığı terrorla eyniləşdirənlər hələ də anlamırlar ki, İslam dini öldürməyi deyil, sevməyi, yardımlaşmağı, birlik və bərabərliyi təbliğ edir. İnsanların dini əqidəsinə toxunmağı, dini, irqi ayrı-seçkiliyi qadağan edir. Kifayət qədər çoxmillətli və çoxkonfessiyalı ölkə kimi tanınan, humanist təşəbbüsləri ilə xalqları birliyə, həmrəyliyə, birgəyaşayış qaydalarına əməl etəmyə çağıran Azərbaycan bu ölkədə yaşayan, milli mənsubluğundan, dinindən, dilindən asılı olmayaraq hər bir insanın Vətənidir. İslamofobiyanın davam etməsi, ayrı-seçkilik, alçaldıcı rəftar yalnız müsəlmanlara deyil, dünyada yaşayan bütün insanların həyatı üçün təhdid, bəşəriyyətə qarşı cinayətdir.

Xuraman İsmayılqızı, «İki sahil»