12 mart 2024 02:58
402

Separatçılar və havadarlarının “revanş” planları

Başı əzilmiş xunta rejimini dirçəltmək məqsədilə İrəvanda başladılan təhlükəli proseslər Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər

Ötən ilin sentyabrı Azərbaycanın siyasi tarixinə daha bir ümummilli qələbə günü kimi yazıldı. Düz 32 ildən sonra nəhayət ki, qondarma “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum öz mövcudluğunu dayandırdı və bölgədəki qanunsuz təsisatlar buraxıldı. “DQR”in ləğvi bizim üçün böyük tarixi uğur, ermənilər üçünsə 200 illik bir layihənin darmadağın olması idi. Bu gün Azərbaycan ərazisində 1 nəfər də olsun erməni separatçısı qalmayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu və hərbi texnikası məhv edilib və ya qənimət kimi götürülüb. Separatçı rejim və onları dəstəkləyən Ermənistan ordusu qarşımızda diz çökdü. Bu qərar separatçı rejimi dəstəkləyən beynəlxalq təşkilatlara, xarici dövlətlərə ciddi mesaj olmalıdır. Separatizmi müdafiə etməklə beynəlxalq hüququ tapdalayan və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən dairələr öz fəaliyyətlərinə çəki-düzən verməli, rəsmi Bakıdan üzr istəməlidirlər.

Hazırda ordumuz Azərbaycanın bütün ərazilərinə nəzarət edir və hər hansı təhdidi yerindəcə məhv etmək gücündədir. Hər hansısa qrupların Ermənistanda fəallaşması, Azərbaycanın suverenliyinə qarşı sərsəmləmələri isə faydasızdır. Xatırladaq ki, bir müddət öncə Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların sonuncu “rəhbəri” olmuş Samvel Şahramanyan İrəvanda yenidən üzə çıxmışdı. Separatçılar 20 fevral tarixini – Qarabağda erməni separatizminin başlanğıcı günü kimi “yad etmişdilər”. Şahramanyan “Yerablur”u (erməni hərbçilərin məzarlığı) ziyarət etdikdən dərhal sonra jurnalistlərin suallarını cavablamaqdan imtina edərək, ərazini maşınla tərk etmişdi. Bundan sonra separatçıların qapalı tədbir keçirdiyi məlum oldu. Tədbirdə Şahramanyan “Qarabağa qayıdışın təmin edilməsinin zəruriliyindən” bəhs etdiyi də məlumdur.

Göründüyü kimi, özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejim hazırda Ermənistanda baş qaldırmaq fikrindədir. Görünən odur ki, Paşinyan hakimiyyəti də onların fəaliyyəti üçün şəraiti təmin edir. Separatçılar isə hər keçən gün fəaliyyət əhatəsini daha da genişləndirərək Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. Qərbdəki ermənipərəst dairələr və erməni diaspor təşkilatları da öz növbəsində Ermənistanın özündə revanşist qüvvələr və separatçıların qalıqları ilə birlikdə ermənilərin Qarabağa qaytarılması, onlara xüsusi statusun verilməsi istiqamətində fəal fəaliyyətini davam etdirir. Həmçinin, erməni kilsəsinin rəhbərinin də müraciətlərində revanşist əhval-ruhiyyə pik həddədir. Bəs revanş cəhdlərinin əsas səbəbi nədir?

Məlumdur ki, separatçılar, onların himayəçiləri, Azərbaycan ərazilərində aqressiv separatizmin, terrorizmin alovlanması və işğal faktoru üzərindən Ermənistanda hakimiyyət üzü görənlər uzun illər boyu erməni ultramillətçi təşkilatları, kilsə və diaspor qurumları, eləcə də peşəkar lobbiçilik fəaliyyəti ilə məşğul olan təsisatlar, fondlar, xeyriyyə cəmiyyətləri, satqın siyasətçilər, siyasi korrupsionerlər və separatizmi, işğalı siyasi təzyiq alətində çevirənlərlə birlikdə bu amildən şəxsi mənafeləri, siyasi karyeraları, regiona müdaxilə imkanları üçün yararlanıblar. Nə az, nə çox, düz 30 il! 30 il on minlərlə insan öz biloji və siyasi mövcudluqlarını Azərbaycan torpaqlarının işğalı, yüzminlərlə azərbaycanlının faciəsi üzərində qurub. 44 günlük müharibə və lokal antiterror əməliyyatları isə bütün bunlara son qoyub. Əgər erməni separatizmi, Azərbaycana ərazi iddiası, ultramillətçi ideyalar olmasa bu adamlar nəyə yarayacaqlar? Diaspor və lobbi təşkilatları, kilsə, xeyriyyə cəmiyyətləri, fondlar nə işlə məşğul olacaqlar? Qondarma erməni soyqırımı Baydenin məlum bəyanatından sonra öz təsirini tamamilə itirib və gərəksiz bir təzyiq aləti olduğunu təsdiqləyib. Bu baxımdan, qondarma soyqırımı amilindən böyük pullar, siyasi karyera qazanmaq mümkün olmayacaq. Bu səbəbdən də nəyin bahasına olursa-olsun separatizm amilini müxtəlif formatlarda - qazanc yeri, siyasi təzyiq və karyera imkanı kimi qoruyub-saxlamağa, "humanitar yardımlar", “maliyyə dəstəyi” almağa çalışırlar. Göründüyü kimi, başı əzilmiş xunta rejiminin dirçəldilməsi üçün İrəvanda təhlükəli proseslər başladılıb. Heç şübhəsiz, bu proseslərə göz yuman Nikol Paşinyan da özünün vaxtaşırı ortaya atdığı qeyri-ciddi “sülh təklifləri” ilə revanşizmə dolayı dəstək vermiş olur. Həmçinin himayədarların dəstək məzmunlu bəyanat, qətnamə və silah-sursat yardımı da separatçılara əlavə “qol-qanad” verir. Bu proseslərin davam edəcəyi təqdirdə, Ermənistanın ağır nəticələrlə üzləşəcəyi şübhəsizdir.

Bu gün Azərbaycan qarşısında öhdəlik qoyan bəzi dövlətlər hüququ tapdanan Qərbi azərbaycanlılarla bağlı oxşar şərtləri rəsmi İrəvan qarşısında irəli sürsələr daha yaxşı olar. Qarabağdakı erməni sakinlərin hüquqları səviyyəsində Qərbi Azərbaycan türklərinin də vətəndaş hüquqlarının və təhlükəsizlikərinin təmin olunması ilə bağlı Ermənistanda hakimiyyətin öhdəlik götürməsi vacibdir. Məlumdur ki, Bakıda və digər Azərbaycan şəhərlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə on minlərlə erməni əhali yaşamaqdadır. Ermənistan və bəzi Qərb dövlətləri son antiterror tədbirlərindən sonra bölgədən könüllü köç etmiş ermənilərin müəyyən şərtlər daxilində Azərbaycana qayıtmalarını və bu məsələnin Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsində öz həllini tapmasını istəyirlər. Buna uyğun olaraq Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları məsələsi şərt kimi irəli sürülə və bağlanacaq sülh müqaviləsi ilə öz həllini tapa bilər. Onların vətəndaşlıq hüququ, o cümlədən mülkiyyət hüquqlarının bərpası sülhün davamlı olmasına yardım edər.

Sevinc Azadi, “İki sahil”