11 mart 2024 12:43
437

Milli Məclisdəki çoxpartiyalılıq və plüralizm demokratik dəyərlərin  inkişafına önəmli töhfələr verir

Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9 –da keçirilmiş növbədənkənar seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox müsbət yeniliklərlə tarixə düşdü. Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu olduğunu xüsusi qeyd etdi. Ölkə başçısının çıxışı zamanı toxunduğu məsələlərdən biri də  siyasi islahatların bundan sonra da davam etdirilməsi ilə bağlı idi. Bu parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşdı.

Bu siyasi prosesdə ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Bir sözlə, parlament seçkilərinə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Ümumiyyətlə, ötən illər ərzində ölkəmizin ictimai –siyasi həyatın müxtəlif sferalarında aparılan mütərəqqi islahatlar heç şübhəsiz ki, qanunverici hakimiyyətin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün atılmalı olan addımlardan da yan keçə bilməzdi.

Prezident İlham Əliyev 2020-ci ilin martın 10- da altıncı çağırış Azərbaycan Respublikasının  Milli Məclisinin ilk iclasındakı çıxışında  bildirmişdir ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir: « İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.»

Ölkəmizin başçısı, eyni zamanda,  qeyd olunanlarla yanaşı ölkəmizdəki dağıdıcı müxalif yanaşma ilə anti-Azərbaycan siyasəti yürüdənlərin  bəzi xarici dairələrin nökərləri olduğunu da bildirmişdir. Ölkədə mövcud olan çoxpartiyalı sistem, parlamentin işinə töhfə verməklə bərabər cəmiyyətdə fərqli düşüncələrə və ideologiyaya məxsus sosial qrupların maraqlarının təmin olunmasına şərait yaradır. Digər bir önəmli amil  isə odur ki, mövcud parlamentin tərkibinin yalnız hüquqşünas və iqtisadçılardan deyil, eyni zamanda, müxtəlif peşə qruplarını təmsil edən şəxslərdən də ibarət olmasıdır.

Azərbaycanın, mütərəqqi demokratik ənənələrə söykənən bir ölkə olmasını qarşıya məqsəd qoyan ölkə başçısı,  həmçinin parlament və hökumət üzvlərinin mütəmadi olaraq xalqla daha sıx təmasda olmalı olduğunu  tövsiyə edib.  Çıxışlarında ölkədə digər bir çox ölkələrdən fərqli olaraq gənc nəslin çoxluq təşkil etməsinin çox müsbət bir hal olduğunu bildirən Prezident İlham Əliyev bunun həm demoqrafik üstünlük olduğunu, həm müasir, yenilikçi, mütərəqqi ideyalara sahib gənclərin dövlət idarəetməsində iştirakının təmin olunmasının idarəçiliyin daha səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirib : «Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.»

Təbii ki, ölkənin ictima- siyasi inkişafında parlamentin önəmli rol oynadığını  bildirən Prezident İlham Əliyev sözügedən çıxışında yeni mütərəqqi qanunların işlənib hazırlanmasını da onların qarşısına bir məsul vəzifə kimi qoymuşdur.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri