10 mart 2024 12:36
471

Milli Məclis ölkədə aparılan islahatlara öz dəstəyini verməkdədir - Kamran Bayramov

2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox müsbət yeniliklərlə yadda qaldı. Prezident  İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu olduğunu xüsusi qeyd etdi. Cənab Prezidentin çıxışı zamanı toxunduğu məsələlərdən biri də islahatlar siyasəti ilə bağlı idi. Təbii ki, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm töhfə oldu. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə, seçkilərə qatılmış 1314 namizəddən 305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin 305 şəxsdən 244-nün namizədliyi mənsub olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi isə özü tərəfindən irəli sürülmüşdür. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını siyasi partiya və təşkilatlanmaların diqqətinə çatdırılması, altıncı çağırış Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşması, ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi Azərbaycan iqtidarının siyasi dialoqa, milli birliyə, həmrəyliyə olan münasibətinin bariz nümunəsidir.


Deputat diqqətə çadırıb ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən, siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır. Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bildirmişdi: «Həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.»

K.Bayramov xüsusi olaraq qeyd edib ki,  bütün bunlara baxmayaraq, bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar. Xüsusən, radikal mövqedə dayanan partiyaların bu proseslərdən kənarda qalmaları  doğru deyil. Gözlərini yalan, iftira, böhtan örtən radikal müxalif qüvvələrin  hakimiyyətin mütəmadi olaraq dialoq dəvətindən imtina etmələri onların əsl niyyətlərindən xəbər verir. Belə qüvvələrin işi yalnız tənqid etmək, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdir. Dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq da düzgün deyil. Bu düşərgədə cəmləşən bir qrup ünsürlər uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar.

Deputat əlavə edib ki, aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Məhz, bu səbəbdən islahatların dərinləşməsi parlamentdən də yan keçmədi. Ölkə başçısının “Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır” sözləri altıncı çağırış Milli Məclisin həm rəhbərliyi, həm də deputatları tərəfindən yol xəritəsi olaraq qəbul edilməkdədir. Sevindirici haldır ki, altıncı çağırış Milli Məclis hakimiyyətin qanunvericilik qolu olaraq üzərinə düşən funksiyaları uğurla həyata keçirir, ölkədə aparılan islahatlara öz dəstəyini verməkdədir. Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də, altıncı çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələrinə uyğun qurulması üçün zəruri tədbirlər görməkdədir.