07 mart 2024 23:13
380

Bu oyunda kim uduzdu, kim uddu?..

Haqq yolunda olan Azərbaycan heç vaxt peşman olmayacaq

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır”.

Bu sözləri Prezident İlham Əliyev martın 4-də Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib.  Dövlətimizin başçısı bu cür şəraitin nümayəndə heyətimiz üçün dözülməz olduğunu,  bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən narazılıq ifadə olunduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev keçən həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini Bakıda qəbul edərkən AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi məsələsinə də toxunub. Prezident bəyan edib ki, əgər bir il ərzində ölkəmizi AŞPA-da təmsil edən nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan bu qurumdan tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxacaq.

Bəzi suallar çoxlarını düşündürür:  Azərbaycanın AŞPA-nı birdəfəlik tərk etməsi həm bu quruma, həm də ölkəmizə necə təsir edə bilər? Belə bir qəti qərarın verilməsinin Azərbaycana hansısa zərəri olarmı? Azərbaycanın olmadığı Parlament Assambleyasında düşmənlərimiz bizə qarşı digər daha ağır qərarların da qəbul olunmasına nail olmazlarmı?

Əvvəlcə deyək ki, AŞPA beynəlxalq hüququn prinsiplərinə kobudcasına xəyanət etdi. Avropalı deputatlar əvvəlcə elə düşünürdülər ki, Azərbaycan bu təzyiqin qarşısında duruş gətirməyərək geri çəkiləcək. Amma yanıldılar. Çünki düşündüklərinin tam tərsi baş verdi. Azərbaycan nümayəndə heyəti öz haqqını sona qədər müdafiə etdi, məğrur davrandı, sözünü kəskin və məntiqlə dedi, bəyanat verərək avropalı siyasətçilərin riyakarlığını, ikiüzlülüyünü ifşa etdi, onların tərəfkeşliyini faktlarla, sübutlarla üzlərinə vurdu. Nümayəndə heyətimizin belə cəsarətli mövqeyi avropalı parlamentariləri çaş-baş saldı. Bəs necə, yalan deyirsənsə, həqiqəti eşitdiklərin də olacaq. Heç kəsə əmr verə bilməzsən.

Biz Avropa Şurasından uzaqlaşmaqla nə itirə bilərik ki? Onsuz da iyirmi ildən artıq müddətdə  biz bu təşkilatın heç bir dəstəyini görmədik. Nə qazandıq ki, nə itirək? Əksinə indi qazanacağıq, oraya hər il üzvlük haqqı kimi ödədiyimiz külli miqdarda vəsait öz büdcəmizdə qalacaq. Yəni, bizim itirəcəyimiz elə bir şey yoxdur. Amma Avropa Şurasının itkiləri bizdən  böyük olacaq. Azərbaycan kimi etibarlı tərəfdaşı, sülhpərvər dövləti, dünyanın qlobal problemlərinin həllində daim təşəbbüskar kimi çıxış edən bir ölkəni özündən uzaqlaşdırmaqla AŞPA özünə olan inamı özü sarsıtdı. Belə olan halda AŞPA-nın nüfuzuna ciddi zərbə dəyəcək, ona olan etimad və inam azalacaq, üzv dövlətlər daha AŞPA-nın timsalında haqq-ədalət axtarışına çıxmayacaq və onu tərk edənlərin sayı isə artacaq.

Artıq "nümunələr" gəlməkdədir.AŞ PA-nın bu ədalətsiz qərarından ilk narazılıq edənlərdən biri Rusiyadır.

"Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir."

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında fəaliyyətinin dayandırılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib: “AŞPA-nın məşğul olduğu hər şey tamamilə siyasiləşib. Təəssüf ki, bu, təkcə bu təşkilata deyil, həm də ona bitişik olan qurumlara, məsələn, ATƏT-ə aiddir. Hər birimiz Avropa Şurasında baş verənləri adekvat qiymətləndirməliyik”.

M.Zaxarova vurğulayıb ki, AŞPA bəzi dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir: “AŞPA-da islamofobiya və türkofobiya ağlasığmaz həddə çatıb. Bütün bunlar AŞ-ı institusional böhran həddinə çatdıran Qərbin dağıdıcı təsiri ilə bağlıdır”.

Lakin AŞPA, əlbəttə, nəyəsə irad tuta bilər. Tövsiyə verə bilər. Amma  heç kəslə bu şəkildə, hökmranlıqla, təhdidlə və diktə dili ilə danışa bilməz. Səbəbsiz yerə heç kimə heç nə edə bilməz. Bir il keçəndən sonra proseslər hansı istiqamətdə gedəcək, hələ ona proqnoz vermək çətindir. Görünən odur ki, sözügedən təşkilatda xristian təəssübkeşliyi, islamofob və və türkofob düşüncələr tüğyan etməkdədir. İrəvan konyakının təsirindən beyinləri dumanlanmış ermənipərəst deputatlar hələ nə etdiklərinin fərqində deyillər. Bunu artıq digər dövlətlərin rəsmi şəxsləri də narahatlıqla vurğulayırlar. AŞPa-kılar özlərini on üçüncü əsrin vəhşi səlibçiləri kimi aparırlar. Amma hər necə olursa-olsun, gözlənilən bütün variantlara hazırıq və bizə qarşı riyakarlıq, ədalətsizlik, qərəzlilik nümayiş etdirənlərin də cavablarını lazımınca verəcəyik. Ürəklərini lap buz kimi saxlasınlar.

Vəli İlyasov, "İki sahil"