07 mart 2024 23:43
383

Zəngəzur geosiyasi əhəmiyyətə malik dəhliz olacaq

Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayacaq bu marşrut ölkəmizi Şərqin və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirəcək

Ermənistanın işğalı altında qalan ərazilərimizin azad edilməsini başlıca vəzifə adlandıran, qətiyyətini «Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözləri ilə təsdiqləyən Prezident İlham Əliyev Vətən müharibəsində qazandığımız Zəfərlə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Onu da əlavə olaraq bildirdi ki, bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət Bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar.

Diplomatik səyləri, respublikada mərhələlər üzrə həyata keçirilən Dövlət proqramlarının uğurlu həlli ilə Azərbaycanı dünyada iqtisadi qüdrəti ilə seçilən ölkə kimi tanıdan cənab İlham Əliyev Ali Baş Komandan kimi zəngin təcrübəyə, səriştəyə malik olduğunu İkinci Qarabağ müharibəsindəki Zəfərimizlə təsdiqlədi.

Artıq Azərbaycanın suverenliyi tam təmin olunub. 30 il doğma torpaqlarına qayıdacağı günü gözləyən keçmiş məcburi köçkünlər Zəngilana, Füzuliyə, Laçına qayıdırlar. Erməni vəhşiləri tərəfindən viran qoyulmuş ocaqlarını ürəklərinin hərarəti, əllərinin zəhməti ilə dirçəldirlər. Xaraba aşiqləri erməni vəhşilərinin ilan mələyən çöllərə çevirdikləri yurd yerləri doğmalarının nəfəsləri ilə yenidən canlanır. Azərbaycan Bayrağının dalğalandığı Xankəndidə hərbi parad, futbol oyunu keçirildi. Soydaşlarımızın qətlinə fərman verilən bayquş yuvası, gorbagor olmuş qondarma «Dağlıq Qarabağ respublikası»nın oyuncaq rejiminin parlament binasının sökülməsi ilə erməni faşizminə, separatizminə, daşnakların 200 illik «miatsum» «artsax» arzularına birdəfəlik son qoyulur.

Bu il Xocalı şəhidlərinin ruhları öz yurdlarında rahatlıq tapdı. Xalqımızın ən gözəl milli bayramı Novruzun müjdəçiləri çərşənbələr Laçında, Xocalıda. Füzulidə, Zəngilanda el şənliyi kimi qeyd olunur, tonqallar yandırılır. Nənələrimizin söylədikləri kimi, xalqımızın 30 illik ağırlığı –uğurluğu tonqallarda yandırılır.

Hazırda həllini gözləyən məsələ 20 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda qeyd olunan kommunikasiyaların, daha dəqiq deyilsə Zəngəzur dəhlizinin bərpasıdır. «İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!» sözlərini reallaşdıran Prezident İlham Əliyev bütün çıxışlarında , xalqa müraciətlərində qətiyyətlə söylədiyi kimi, Zəngəzur dəhlizi də reallığa çevriləcək.

Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən bu məsələyə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyevin «Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri bu əminliyin qarantıdır.
Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayan marşrutdur. Zəngəzur dəhlizi Azərbaycanı Şərqin və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də Prezident İlham Əliyevin təbirincə desək, Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.

Bir zamanlar Zəngəzurun Ermənistanın tərkibində qalması, türk dünyasının coğrafi parçalanması üçün tarixi saxtalaşdıranlar belə xalqlar arasında əməkdaşlığı gücləndirəcək bu dəhlizin açılmasında maraqlıdırlar. Zəngəzur dəhlizindən istifadə edəcək Gürcüstan, İran, Türkiyə, Rusiya, eləcə də Qərb və ərəb dövlətləri uzaqları yaxın edəcək bu kommunikasiyanın açılmasında maraqlıdırlar. Bəzi ekspertlərin fikrincə, Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək. «Bir kəmər, bir yol» layihəsinin təşəbbüskarı Çinin «China Media Group» korporasiyasının müxbirinə müsahibəsində Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti haqqında fikirlərini «Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev bu dəhlizin geosiyasi əhəmiyyətinə daha çox diqqət yetirir. Nəticədə Azərbaycanda böyük sənaye zonaları yaradılacaq. Ələt Azad İqtisadi Zonasının imkanları genişlənəcək, Çin də daxil olmaqla dünyanın ən iri şirkətləri bu dəhlizdən yararlanmaqla əlavə sərmayələr qazanacaqlar. Zəngəzur dəhlizinin böyük potensiala malik olmasını «Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər, bir yol»” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev əminliklə bildirir ki, dəhlizboyu dəmir yolunun inşasının tam başa çatması üçün səylər səfərbər olunub. Çox təəssüf ki, 40 kilometrdən artıq dəmir yolu xəttinin inşasına süni maneələr törədən Ermənistan rəsmiləri hələ də itirəcəkləri şansı, üzləşəcəkləri itkiləri anlamırlar. Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün daha xeyirlidir. Belə ki, təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan, tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinin bərpasına çalışan Azərbaycanın bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan amil isə Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin sürətlənməsi, Zəngilanda, Füzulidə açılan Beynəlxalq Hava limanlarıdır. Rəsmi İrəvan dərk etməlidir ki, «status» məsələsinin gündəmə gətirilməsi Ermənistanın ərazi bütövlüyünün sual altına alınmasıdır. Bir məsələni də unutmaq olmaz ki, Qərbi azərbaycanlıların da ata-baba torpağı olan Zəngəzurda özləri üçün status” tələb etmək hüquqları vardır.

Amma bölgədə yaranan siyasi, iqtisadi vəziyyəti, hadisələrin gedişini siyasi qətiyyəti ilə düzgün qiymətləndirən , milli, tarixi və gələcək maraqlarımıza tam cavab verən Zəngəzur dəhlizinin yaradılmasının zəruriliyini «Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq» sözləri ilə bildirən dövlət başçımızın vurğuladığı kimi, bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Hazırda zaman Azərbaycanın xeyrinə işləyir. Dövlət başçımızın verdiyi vədlərə sadiqliyini gündəlik həyatında hiss edən Azərbaycan xalqı əmindir ki, dinc vasitələrlə bir əsrdən artıq müddətdə zorla əlimizdən alınmış Zəngəzura qayıdacagıq.

Ötən ilin sentyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ulu Öndərin ata yurdu Naxçıvana səfəri zamanı iki ölkə arasında enerji, nəqliyyat layihələri ilə bağlı geniş müzakirələr aparıldı. Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutan səfər çərçivəsində hər iki qardaş dövlətin başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma, Naxçıvan-Bərpa İstehsalat Hərbi Kompleksinin açılış mərasimlərində iştirakı bütünlükdə türk dünyasının birliyinə yönələn həmrəyliyin ifadəsi kimi yaddaşlarda qaldı. Naxçıvan səfərində Cənubi Qafqazda sülhün təminatına xidmət edəcək Zəngəzur dəhlizinin bərpası ilə bağlı aparılan müzakirələr, daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasındakı çıxışında Azərbaycanla həmrəyliyini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək!» sözləri ilə ifadə etməsi bu layihənin reallaşacağına ümidləri daha da artırır. Prezident İlham Əliyevin « Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır» sözlərinin reallaşacağı günə az qalıb.

Xuraman İsmayılqızı, «İki sahil»