08 mart 2024 01:15
436

Yeni hərbi ittifaq Cənubi Qafqaza nə vəd edir?...

Bəzi Qərb dövlətləri Azərbaycanın son 3 ildəki uğurlarını, xüsusilə Cənubi Qafqazda söz sahibinə çevrilməsini, azadlığa qovuşan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərini aparmasını heç cür həzm edə bilmirlər. Elə bu səbəbdən ölkəmizin əleyhinə  böhtanlarla dolu siyasi bəyanatlar səsləndirməklə yanaşı, təcavüzkar Ermənistanı həm silahlandırır, həm də təlimatlandırırlar. Bu sırada yenə də Fransa öndə gedir. Konkret faktlara müraciət edək. Fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının yerləşdiyi əraziyə baş çəkdi, sərhəddəki vəziyyətlə tanış oldu. Fransalı generalın Azərbaycan mövqelərini durbinlə müşahidə etməsindən 10 gün sonra şərti sərhəddə təxribat törədildi. Fevralın 22-də Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Hayastana ikigünlük rəsmi səfərə gəldi. O, Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə İrəvanda keçirdiyi mətbuat konfransında Fransa üçün sərhədlərin mühafizəsinin prioritet olduğunu bildirdi.

Bu prosesdə Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşən Hindistan da Fransadan geri qalmır. İki ölkə arasındakı dəyəri milyonlarla dollar təşkil edən müqaviləyə əsasən, Hindistan Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərib. Bununla bərabər, dron əleyhinə hələ sınaqdan çıxmamış, öz arsenalına qəbul etmədiyi silahları da Ermənistana tədarük etməyə başlayıb. Hindistanın Ermənistana uzaqmənzilli “Brahmos” raketlərini və “Akaş” zenit-raket komlekslərini də Fransanın sifarişi ilə verdiyi bildirilir. Adları çəkilən hücum silahları Fransa və Hindistan tərəfindən birgə müqavilə əsasında istehsal edilir.

Göründüyü kimi, mötəbər tribunalardan beynəlxalq hüquqdan danışan Hindistan Cənu­bi Qafqazda açıq-aşkar hərbi münaqişə­nin qızışdırılması siyasətini dəstəkləyir. Şübhəsiz, Hindistanı buna təhrik edən Fransadır. Prezident İlham Əliyev 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda demişdir: “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar. Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

Fransa bu məsələdə artıq Yunanıstanı da özünə “yoldaş” edib. Mart ayının 4-də Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistanda səfərdə oldu və təcavüzkar ölkənin rəsmiləri ilə hərbi əməkdaşlıq məsələləri müzakirə olundu. Səfər zamanı Ermənistana hərbi dəstəyini artırılması, o cümlədən təcavüzkar ölkənin ordu idarəetməsində Yunanıstanın iştirakı barədə razılaşma əldə edildi.  Bundan əlavə, nazir Dendias Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışdı. Daha doğrusu, mövcud Fransa–Ermənistan–Hindistan triosuna  Yunanıstanın da daxil edilməsi gündəmə gətirildi. Rəsmi İrəvan Dendiasın bu kimi xidmətlərinə, yəni iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi “töhfə”yə görə onu “Dostluq” ordeni ilə təltif etməyi də unutmadı.

Yeri gəlmişkən, martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana səfəri də işğalçı ölkə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə və silah daşınmasında Tehranın tranzit rolunu gücləndirməyə hesablanıb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılıq da əldə edilib.

Fransanın İrəvandakı səfiri Olivye Dekotini isə “Armenpress”ə müsahibəsində Ermənistanda İranla birlikdə Azərbaycana qarşı planlar qurduqlarını etiraf edib. O, bildirib ki, İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanın müdafiəsi razılaşdığımız məsələdir. Üstəlik, səfir vurğulayıb ki, guya Fransa Cənubi Qafqazda  təsir dairəsi formalaşdırmağı yox, dövlətlə­rin suverenliklərini və ərazi bütövlüklərini müdafiə hüququnu düşünürmüş.

Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, bu ölkələrin təcavüzkar dövlətin ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur. Fransa-Ermənistan-Hindistan-Yunanıstan dördlüyünün Azərbaycana dost olmayan dövlətlərin ittifaqı kimi xarakterizə etmək olar. Halbuki, Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Digər tərəfdən, bu addımı adi silah alveri, yaxud adi əməkdaşlıq saymaq sadəlövhlük olardı.

Şübhəsiz, Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər. Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın çağırışlarına adekvat cavab verməməsi, bu məsələdə gah nala, gah mıxa vurması elə bu kimi amillərdən qaynaqlanır. Amma Hayastan unutmasın ki, real təhlükə yaransa, Azərbaycan o təhlükəni istənilən nöqtədə məhv etməyə qadirdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”