06 mart 2024 15:49
394

Müdrik və uzaqgörən enerji diplomatiyası

Martın 1-də Bakı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca 10-cu  və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarına ev sahibliyi etdi. Məlum olduğu kimi ötən ildən başlayaraq bu iclaslar birlikdə keçirilir. Sıradan format dəyişikliyi kimi görünsə də,  həqiqət odur ki, Azərbaycan Avropaya təbii qazla bağlı həm də yaşıl enerjinin ixracı ilə bağlı möhkəm təməllər yaradır.

Yəqin ki, illər öncə bəzilərinə, əsasən də müəyyən xarici siyasi və iqtisadi dairələrə Cənub Qaz Dəhlizinin reallaşması xəyal kimi görünə bilərdi. Bəlkə də haqlı idilər, çünki o illərdə Avropaya doğru yeni təbii qaz kəmərlərinin inşası ilə bağlı təşəbbüslər edilmiş, lakin  onları reallaşdırmaq mümkün olmamışdı. Məsələn, bir neçə gün əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın xatırlatdığı NABUKKO layihəsi kimi. İllər öncə bu NABUKKO ətrafında müzakirələr aparılsa da, layihə həyata vəsiqə almadı.

Amma Xəzərdən Avropaya qədər 3500 km məsafə qət edən Cənub Qaz Dəhlizi layihəsində Prezident İlham Əliyevin imzası vardı. O imza ki, bir qədər əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin həyata vəsiqə almasını təmin etmişdi. Bu baxımdan Cənub Qaz Dəhlizi təşəbbüsü meydana çıxanda Avropa İttifaqı bu layihəyə ilk gündən siyasi və iqtisadi dəstəyini əsirgəmədi. Çünki Aİ rəsmiləri buna qədər müxtəlif enerji layihələrinin reallaşmasında İlham Əliyevin qətiyyətini, siyasi iradəsini görmüşdülər.

Cənub Qaz Dəhlizi ilk gündən Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşmağa başladı. Azərbaycan Prezidenti Avropa İttifaqını ayrı-ayrı dövlətləri, beynəlxalq maliyyə qurumlarını bu layihənin ətrafında sıx səfərbər etdi, onları vahid komanda halında birləşdirdi. Eyni zamanda  Aİ Xəzədən hasil olunan təbii qazın Avropaya çıtdırılması üçün ölkəmizlə fəal əməkdaşlıq etdi. Bütün bunların nəticəsidir ki, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyi halına gəldiyi qlobal şəraitdə Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur.

 Martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verən Prezident İlham Əliyevin qeyd etdiyi kimi uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: «Biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir». 

Avropada da Azərbaycan Prezidentinin uzaqgörənliyini və müdrikliyini görür və yüksək qiymətləndirirlər. Məsələn Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi: «2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident Əliyev tərəfindən Azərbaycan adından şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi».

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətini enerji təchizatının şaxələndirilməsi, ixracın artırılmasıdır. 2022-ci ildə bu məqsədlə “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” da imzalanıb. Görünən odur ki, Azərbaycanın təbii qazı tezliklə Avropada daha çox ölkənin isinməsinə töhfə verəcək.

Müasir  dünyanın üzləşdiyi çağırışlar və qlobal enerji balansındakı dəyişikliklər dayanıqlı, xüsusən yaşıl və hidrogen enerji güclərinin artırılmasını gündəmə gətirib. İnkişaf etmiş dövlətlərin, Avropanın qarşıya qoyduqları iqlim hədəflərindən biri “yaşıl enerji” keçidini sürətləndirməkdədir.

Azərbaycanda yaşıl və hidrogen üçün əlverişli münbit mənbələr var. İndiyədək neft-qaz sektorunda enerji layihələrini uğurla həyata keçirən Azərbaycanda da bu istiqamətdə konkret hədəflər müəyyən edilib. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. 2030-cu ilədək olan dövrdə "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı mühüm vəzifələr müəyyən edib.

“Euronews” televiziyasına müsahibə verən Prezident İlham Əliyev ölkəmizin yaşıl enerji potensialını diqqətə çatdıraraq dedi: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.”

Yaşıl enerji ixracı ilə bağlı qarşıda vəzifələr durur. Bura Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, Gürcüstanla sərhədə qədər, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, maliyyə institutları ilə əməkdaşlıq daxildir. Lakin enerji təhlükəsizliyinin aktuallaşdığı, o cümlədən yaşıl enerjiyə keçidin prioritet olduğu bir dövrdə bu vəzifələrin hər biri vaxtından da tez sürətlə reallaşacaq. Hələlik, Azərbaycanın, Gürcüstanın, Macarıstanın və Rumıniyanın təmsil olunduğu «yaşıl enerji» komandasının sıraları daha da böyüyəcək. Çünki bunu zaman və mövcud reallıqlar tələb edir. Ən əsası cəmi bir neçə il sonra Avropa bir daha Prezident İlham Əliyevin müdrik uzaqgörənliyinə şahidlik edəcək.

Afaq Musayeva,
Bakı şəhəri, 221 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü