06 mart 2024 12:24
340

Azərbaycan yaşıl enerjiyə keçid  prosesində iştirak edir

Martın 1-də Bakıda, «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.

Prezident İlham Əliyev tədbirdə çıxış edərək ilk növbədə Albaniya və Azərbaycan dövlətləri arasında olan münasibətlərdən söz açıb. Xüsusilə  ölkəmizin başçısı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində oynadığı rola, iki ölkə arasında mövcud olan dostluq əlaqələrinə, beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığa toxunaraq qeyd olunan gedişatdan məmnunluğunu ifadə etdi.

 2014-cü il sentyabrın 20-də təməli qoyulan Cənub Qaz Dəhlizibu dəhliz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizinin əsas məqsədi «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Dövlət başçımız Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindəki çıxışında və tədbirin gedişi zamanı «Euronews» televiziyasına müsahibəsində zamanı Azərbaycanın yaşıl enerjiyə olan baxışı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, Azərbaycan zəngin yanacaq resurslarının mövcudluğuna baxmayaraq, yaşıl enerji layihələrinə çox böyük dəstək verir: «Qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik».

Bəli, indi bir çox ölkələr kimi Azərbaycan da iqlim dəyişikliyinin zərərlərini hiss edir. Belə ki, son bir neçə ildə dünyada şirin su ehtiyatları azalır, qlobal istiləşmənin və hava çirkliliyinin fəsadları günü-gündən artır və bütün bunlar dünyamızı ciddi şəkildə təhdid edir. Hər bir dünya ölkəsinin bərpaolunan enerji layihələrinin çoxaldılmasına töhfə verməsi, bu istiqamətdə ümumi konsensusun əldə olunması bu gün üçün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Prezident İlham Əliyevin zəngin yanacaq ehtiyatlarımızın olmasına rəğmən dövlətimizin  yaşıl enerji ehtiyatlarına önəm verdiyini vurğulaması bir daha təsdiq edir ki, bu istiqamətdəki layihələrimizi reallaşdırmaqda çox iddialıyıq. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Azərbaycanın Xəzər dənizinin özünə aid olan sektorunda potensialı 157 giqavat təşkil edir.

Bu istiqamətdə  ölkəmizin böyük layihələri var. Məhz buna görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

 «Yaşıl enerji» sahəsində ölkəmizə yatırılan xarici sərmayələr də xeyli çoxalıb. Belə ki, ötən dövrlərdə Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri  bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsinə dair icra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq «ACWA Power» şirkəti ilə 240 MVt gücündə külək, «Masdar» şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.

Xüsusi vurğulamaq lazımdır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən  respublikamıza böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri