06 mart 2024 00:41
332

Qərbin makronizmdən qaynaqlanan siyasi şouları

Antitürk, antiislam, anti-Azərbaycan qüvvələrin, korrupsioner parlamentarilərin çirkab yuvasına çevrilən, səlahiyyətləri çatmasa belə ölkəmizə qarşı sanksiyalar çağırışı ilə nüfuzlarına xələl gətirən Avropa təsisatlarının Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün Ermənistandan poliqon kimi istifadə niyyətləri məhvə məhkumdur

Fransa Prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltsun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə İspaniyanın Qranada şəhərində keçirilən qeyri-formal görüşdən sonra «kvartet»in Azərbaycan əleyhinə qərəzli yanaşmaları daha kəskin xarakter alıb. Müxtəlif səviyyələrdə qəbul olunan bəyanatlarda ölkəmizə qarşı sanksiyaların tətbiqi ilə bağlı çığırışlar artıq adi hal alıb. «Kvartet»in baş skripkaçısı rolunda çıxış edən Emmanuel Makronun özünə yaxın dairələrdə yaratdığı gərginliklər, rəsmi Bakı ilə diplomatik ələaqələrin kəsilməsi kimi sarsaq çağırışlar elə Fransanın özünün elit cəmiyyəti, siyasətçiləri tərəfindən etrazla qarşılanır. Yelisey Sarayının yaratdığı gərginliyin məntiqi nəticəsi olaraq Azərbaycan –Fransa parlamentləri arasında əlaqələr üzrə işçi qrupları fəaliyyətini dayandırdı. Avropa Parlamenti (AP) ölkəmizə qarşı qərəzli qətnamə qəbul etdi. Amma dünyanı çalxalayan vəziyyətlərdən, toqquşmalardan, beynəlxalq hüquq normalarından, tez-tez dəyişsə də qloballığını saxlayan siyasətdən az-çox məlumatlı olanlar da bilirlər ki, Avropa Parlamentinin Azərbaycan haqqında hazırladığı hesabat siyasi şoudur. Əslində, eyni mənbədən idarə olunan Aİ, AP, AŞ erməniləri dəstəkləyən dairələrin əmrlərini yerinə yetirən şəbəkənin üzvləridirlər. Bədxahlar bir məsələni başa düşə bilmirlər ki, üç deyil, sayları nəhs rəqəm olan on üçə çatsa belə qüdrətli Azərbaycanla təkbətək mübarizə aparmaq qabiliyyətində, gücündə deyillər.

Əsrlərdən bəri Rusiyanın forpostu Ermənistanın üzünü Fransaya çevirməsi rəsmi Parisə antitürk siyasətini davam etdirmək, Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq baxımından da əlverişlidir. Türkiyənin Yunanıstanla, Cənubi Kiprlə sərin olan münasibətlərindən yararlanmağa çalışan Makron bu ölkələrlə birləşib rəsmi Ankaraya qarşı ittifaq yaratmaq niyyətindədir. Hayastanı Livan, Suriya kimi görən Makronun Ermənistana «humanitar yardımları»nın məqsədi Cənubi Qafqazda geosiyası vəziyyəti gərginləşdirməkdir. Əslində ermənilərə ciddi, real dəstək göstərməyən Makron bölgədə Fransa-Ermənistan sevgisinin təzahürü olan « dövlətlərarası beşinci kolon» fomalaşdırmaq istəyir. Son zamanlar antitürk, antiislam, anti-Azərbaycan qüvvələrin, korrupsioner parlamentarilərin çirkab yuvasına çevrilən, səlahiyyəti çatmasa belə ölkəmizə qarşı sanksiyalar çığırışı ilə özünü hörmətdən salan Avropa Parlamentinin apardığı qarayaxma kampaniyasının müəllifi, təşəbbüskarı da erməni revanşistlərini təlimatlandıran Makrondur. Amma avropalı siyasətbazlar hələ də anlamırlar və yaxıd başları o qədər dumanlıdır ki, bir həqiqəti dərk etmirlər: Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Belə iyrənc addımları ilə özünü hörmətdən salan AP, bütövlükdə Qərb populist əməllərindən əl çəkməlidir.
 Avropa İttifaqının «göz muncuğu», qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin « ermənilərin hüquqlarının qorunması» ilə bağlı «narahatlığı», «Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır» kimi sərsəmləmələri də makronizmin çürük fəlsəfəsindən qaynaqlanır. Təbii ki, siyasi, iqtisadi, hərbi qüdrəti ilə bölgədə liderlik edən Azərbaycan xalqı ölkəmizə qarşı belə qərəzli yanaşmadan, ədalətsizlikdən narahat olur. Təbii ki, siyasi iradəsi, qətiyyəti ilə makronları susduran Prezident İlham Əliyevin diplomatik addımları ilə müqayisədə borrellərin ulaşmaları milcəyin könül bulandırmasından başqa bir şey deyildir.

Qərbin ölkəmizə qarşı qərəzli münasibətinin çirkinliklərini Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edərkən diqqətə çatdıran Prezident İlham Əliyev AP-i, Aİ-nı, ATƏT-in artıq təqaüdə göndərilmiş Minsk qrupunda təmsil olunan, Cənubi Qafqaz üçün planlaşdırdıqları çirkin oyunları ilə birgə gorbagor olan həmsədr ölkələri regionda yaranan yeni reallıqlarla barışmaq çağırışı etdi. Almaniyanın kansleri Olaf Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşü sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmli adlandırdı. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd olundu. Yəni Almaniya qonşuluğunda yerləşən, qızışdırıcı siyasəti ilə vəziyyəti gərginləşdirən, Ermənistanı silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

«Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir»” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Lakin fəaliyyətini daha çox ikili standartlar prinsipləri əsasında formalaşdıran bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqının ədalətsiz davranışları bağışlanılmazdır. «Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir» söyləyən Prezident İlham Əliyev Ermənistan silahlılarının 2023-cü ilin sentyabrında törətdikləri təxribatı, fevralda erməni snayperinin Azərbaycan əsgərini ağır yaralanması faktını, Azərbaycanın təxribata verdiyi adekvat cavabı xatırlatdı.
Bütün dünya ictimaiyyəti aydın başa düşür ki, sülh prosesinə sadiq olan rəsmi Bakı sülh sazişinin həlli üçün beş əsas prinsipini qarşı tərəfə təqdim edib. Qeyd olundu ki, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədəki qərarı ikili standartların daha bir nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

«Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam» söyləyən Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, bu ölkələr Cənubi Qafqazın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başlanan, 19 sentyabrda həyata keçirilən antiterror tədbirləri ilə başa çatan vəziyyəti xatırladan Prezident İlham Əliyevin «ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq» sözlərinin Qərbdə təşvişlə qarşılanması ermənipərəst dairələri ayıltmalıdır.

Erməni havadarı rolunda daha çox canfəşanlıq edən anti-Azərbaycan ruhlu ABŞ kimi Fransada da yaxşı bilirlər ki, Cənubi Qafqazda bölgənin aparıcı ölkəsi Azərbaycanın icazəsi olmadan heç bir dəyişiklikdən söhbət gedə bilməz. Rəsmi Bakının verdiyi mesaj budur və başqalarının idarə etdikləri Ermənistandan fərqli olaraq Azərbaycan milli təhlükəsizliyini təhdid edən istənilən cəhdin, təxribatın qarşısını öz gücü ilə alacaq.

Hələ də özünün müstəqil siyasəti olmayan Ermənistanın baş naziri Nikol Paşinyanın Misir Ərəb Respublikasına ikigünlük rəsmi səfəri, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın İrəvanda səfərdə olan Yunanıstanın müdafiə naziri Nikos Dendiası «Dostluq»” ordeni ilə təltif etməsi də müəmmalıdır.

Avropa təsisatlarının Azərbaycanla, Yunanıstanın Türkiyə ilə münasibətlərinin hazırkı vəziyyəti nəzərə alınsa müzakirələrin hansı yöndə davam etdiyini təsəvvür etmək o qədər də çətin deyil. Çünki Ermənistan kimi, Yunanıstan da islamofob dairələrin qüdrətlənən Türkiyəyə qarşı mübarizəsində istifadə edilən vasitədir.  Yunanıstandan istifadə edərək Aralıq dənizində gərginlik yaradanlar Azərbaycana qarşı da səmimi münasibətdə deyillər.

Göründüyü kimi, Azərbaycanın güclü və güdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa həzm edə bilmir. Reallıq budur ki, ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənlər cənab İlham Əliyevin qətiyyəti qarşısında məğlub olublar. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diktə dili ilə danışmaq onların məğlubiyyəti ilə nəticələnəcək.

Xuraman İsmayılqızı, «İki sahil»