06 mart 2024 01:15
404

Cinayət cəzasız qalanda...

Ermənilərin saxta “mədəni irs” davasının kökündə başqa məkrli planlar dayanır

Son günlər Ermənistan mətbuatında guya Azərbaycan tərəfindən Qarabağda və Şərqi Zəngəzurda “erməni “irsi”nin dağıdılması” ilə bağlı başladılan təbliğat kampaniyası xarici qüvvələrin ölkəmizə qarşı yeni məkrli planlarından xəbər verir. Xankəndidə keçmiş separatçıların qondarma “parlamentinin” binasında aparılan işlərə siyasi don geyindirilməsi, bununla bağlı səs-kuy salmaq, şou nümayiş etdirmək rəsmi İrəvanın beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi ictimai rəy yaratmaq cəhdlərindən qaynaqlanır. Nəinki Qarabağa, Xankəndiyə, heç İrəvanın özünə belə tarixi bağlılıqları olmayan bu gəlmə soysuzlar indi həyasızcasına saxta “erməni irsi”nin “qorunmasının vacibliyindən” danışırlar. Təbii ki, ümumi kontekstdə əsas məqsəd tamam başqadır – kimlərsə Ermənistanda revanşizmi qarışdırmağa, son günlər müəyyən razılaşmaların əldə edildiyi sülh danışıqlarını pozmağa çalışırlar. Dünya ictimaiyyəti, xüsusilə “demokrat” Qərbin məsələyə reaksiyasını isə bura qədər yaşadıqlarımıza əsasən təxmin etmək olar...

Ermənistan 30 ilə yaxın müddətdə dünyanın gözü qarşısında “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris konvensiyalarının müddəalarını kobudcasına pozaraq işğal altında saxladığı Azərbaycan ərazilərində mədəni sərvətlərimizi talan edib, dağıdıb, özününküləşdirməyə çalışıb. Təbii ki, işğalçıların əsas məqsədi həmin ərazilərdən bu yerlərin əzəli sakinləri olan azərbaycanlıların izini silmək, özlərini bu torpaqların “qanuni sahibləri” kimi təqdim etmək idi. İşğal etdikləri ərazilərimizdə həmişəlik qalacaqlarına, onların bu məkrli niyyətlərinin layiqli cavabının verilməyəcəyinə arxayın olan Ermənistanın siyasi dairələri Qarabağı və Şərqi Zəngəzuru tarixi və mədəni baxımdan da “erməniləşdirmək” üçün uzun illər davamlı siyasət həyata keçirirdilər. Bu məqsədlə hazırlanmış fəaliyyət planına toponimlərimizin, yaşayış məntəqələrinin, tarixi şəxsiyyətlərimizin, dövlət xadimlərinin, sərkərdə və qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin adları ilə bağlı ünvanların, xatirə abidələrinin dəyişdirilməsi, yox edilməsi, dini abidələrimizin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının yerlə-yeksan edilməsi, memarlıq abidələri üzərindəki türk rəmzlərinin, digər bədii daş nümunələrinin məhv edilməsi, oğurlanaraq ərazidən çıxarılması və digər cinayətlər daxil idi.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı şanlı qələbələr sayəsində işğalda qalan torpaqlarımızın azad olunmasından, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsindən sonra ermənilərin həmin riyakar planları alt-üst oldu, düşmənin törətdiyi vandalizmin miqyası gün üzünə çıxdı. Bütün dünya evlərin, məktəb və bağçaların, mədəniyyət ocaqlarının, inzibati binaların daşını daş üstə qoymamış, qəbirlərimizi eşib qəbiristanlıqlarımızı dağıtmış ermənilərin tarixi və mədəniyyət abidələrimizə qarşı da necə vəhşiliklə, barbarlıqla yanaşdığının şahidi oldu. Gördü ki, Qaragen Njdenin faşizm xislətli törəmələri tərəfindən məscidlərimiz yandırılıb, təhqir edilib, tarixi abidələrimiz dağıdılıb, dəyişdirilməyə, erməniləşdirilməyə cəhd edilib. Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox sayda monumental incəsənət, tarixi və İslam dövrü abidələri məhv edilərək sıradan çıxarılıb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra aparılmış ilkin  monitorinqlərin nəticələri göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatına alınmış 700-dən artıq tarixi və mədəniyyət abidəsinin 95 faizi dağıdılıb. Bu isə təkcə Azərbaycan xalqının mədəni irsinə deyil, ümumilikdə bəşər mədəniyyətinə qarşı törədilmiş müharibə və insanlıq cinayətidir. Ancaq dünya ictimaiyyəti bütün bunları görsə də həmişəki kimi susdu.

Erməni vəhşiliyi təkcə mədəni irsimizə, dini-tarixi abidələrimizə qarşı törədilməyib. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun təbiəti, flora və faunası, ekoloji sistemi də bu barbar yanaşmanın qurbanına çevrilib. Həmin dövrdə ermənilər tərəfindən Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib.

Ermənilərin əsl mahiyyətlərini göstərən faktlar bunlarla bitmir. Təəssüf ki, vaxtilə azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən soydaşlarımızın qovulması tam başa çatdırıldıqdan tarixi yurd yerlərimizin bir qismində ermənilər yaşasalar da yüzlərlə kəndlərimiz mədəni irsimizlə birlikdə tamamilə dağıdılıb. Mütəxəssislərin dəqiqləşdirdikləri məlumata görə, Qərbi Azərbaycanda hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır. Onların böyük bir qismi 1918-1920-ci illərin faciəli soyqırımının, bir qismi 1948-1953-cü, bir qismi isə sonuncu –  1980-ci illərin sonlarında ermənilər tərəfindən misli görünməmiş qəddarlıqla həyata keçirilmiş deportasiyanın şahidləridir. Hər bir kənd xarabalığı Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir və arxiv sənədlərində bu kəndlərin bir çoxunda XIX əsrin əvvəllərində Cənubi Qafqaza axın edən ermənilər tərəfindən kütləvi qırğınların həyata keçirilməsi haqqında məlumatlar mövcuddur. Həmin kəndlərin təkcə insanlarına qarşı qətliamlar törədilməyib, tarixi abidələr, məscidlər, mədəni irs nümunələri, qəbiristanlıqlarının böyük əksəriyyəti erməni barbarlığı nəticəsində tamamilə yer üzündən silinib.

Tarixçi alim, professor Faiq İsmayılovun “Zəngəzur abidələri ermənilər tərəfindən kütləvi şəkildə məhv edilir” adlı yazısında qeyd olunur ki, indiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid dağıdılaraq tamamilə yox edilib. Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə dağıdılmış 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır...

İndi bütün bu cinayətləri törətmiş faşist xislətli ermənilər Azərbaycanı “erməni irsi”ni dağıtmaqda ittiham edirlər. Bu həyasızlığın ən böyük səbəbi isə məhz cəzasızlıqdır. Çünki Ermənistan hələ də törətdiyi müharibə və insanlıq cinayətlərinə görə dünya ictimaiyyəti tərəfindən qınanmayıb, layiqli cəzasını almayıb. Görünür, yenə də tarixi ədaləti Azərbaycan özü təkbaşına bərpa etməli olacaq. Necə ki, edir...

Mahir Rəsuloğlu, “İki sahil”