04 mart 2024 11:54
299

Tarixi həqiqətlər

Yaşadığımız dövrün gerçəklikləri ,tarixi reallıqlar göstərir ki, böyük, güclü şəxsiyyətlər tarixin özüdür. Onlar idarəçilik məktəbi yaradaraq xalqın tarixində dərin iz buraxmış, faydalı ,dolğun fəaliyyəti sayəsində möhkəm təməllər üzərində dövlətçilik ənənələri inşa etmişlər. Xalqımızın xoşbəxtliyinə, bəxtiyarlığına ,gələcəyinə öz əməllərilə işıq salan Dahi Liderimiz və onun davamçısı olan Prezident İlham Əliyev də belə şəxsiyyətlərdəndir.

“Zaman hakim, tarix isə yaddaşdır” deyiblər. Tarix faktlara əsaslanır, saxtakarlığı sevmir. Ən əsası tarix yazılmır, yaradılır. Azərbaycan xalqı zəngin, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi ilə hər zaman qürur duyub. Belə ki, Azərbaycan dövlətinin real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı nəticəsində ermənilərin əsil siması açıqlanır, dünya ictimaiyyətinə çatdırılır.

Bu günün reallıqları hər zaman bizlərdən əvvəlki illərin təhlilini aparmağı, düzgün dəyərləndirmələr etməyi tələb edir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı hər bir sahənin inkişafı ilə yanaşı, tariximizin də öyrənilməsinə, yeni-yeni araşdırmaların genişləndirilməsinə böyük imkanlar yaratdı.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycan ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsi idi. Dahi şəxsiyyətin xarici ölkəyə hər bir səfəri ən mühüm problemimiz olan münaqişənin mahiyyətinin açıqlanmasında, dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. 

Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması da dövlətimizin ədalətli, tarixi həqiqətlərə əsaslanan mövqeyinin göstəricisidir. Bu sənədin imzalanması ilə bir daha tariximizin faciəli səhifələrinə işıq salındı, əsil həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Həmin ildən 31 martın istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması, erməni vəhşiliklərinin faktların dili ilə dünyaya bəyan edilməsi bu günümüzün yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açır.

Erməni vəhşilikləri 1948-1953-cü illərdə də davam etmişdir. Belə ki, ermənilər azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiası yenidən baş qaldırdı. Ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Faciə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə törədildi. Hücumdan əvvəl, fevralın 25-i şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə böyük dağıntılar və yanğınlar baş vermişdir. Fevralın 26-sı şəhər tamamilə alova bürünmüşdür. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutmuşdur. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63-ü uşaqlar, 106-sı qadınlar, 70 nəfəri qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. Ermənilərin sağ qalmış insanlara verdikləri işgəncələr, başlarının dərisini soymaları, uşaqların gözlərini çıxarmaları insanlığa sığmayan hərəkət, vəhşilik, cinayətdir.

Bunlar bizim yaşadığımız faciələrdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, bütün tarixi həqiqətlər işıq üzü görməli, ölkə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ulu Öndərin əsasını qoyduğu uğurlu daxili və xarici siyasətimiz davam etdirilir , böyük məsələlərimizi özümüz həll edirik.

Ən böyük məsələmiz olan Qarabağ problemimiz Ali Baş Komandanımız İlham Əliyev tərəfindən öz həllini tapmışdır. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza , o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xankəndində dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün , möhkəm iradəsinin çox parlaq bir nümunəsidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazı bütövlüyünü bərpa etdi. İndi Qalib xalqın Qalib Lideri birliyimiz , həmrəyliyimiz sayəsində qovuşduğumuz torpaqlarda bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramını böyük ruh yüksəkliyi ilə həyata keçirməkdədir.

Bu gün hər bir azərbaycanlı qürurludur ki, artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd edirik.

İradə Seyidova,
Xətai rayonu,  257nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü