04 mart 2024 11:29
322

Əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı kimi dəyərləndirilən VII qurultayından üç il keçir. 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayda dövlət başçısı İlham Əliyevin çıxışında Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu geniş təhlil edilərək qarşıdakı dövrün hədəfləri açıqlandı. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq işlənib hazırlanan və 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!” devizi əsasında yeni Proqram bu hədəfləri özündə ehtiva edir.

Cənab İlham Əliyevin partiyanın VII qurultayındakı proqram xarakterli çıxışında bir daha qeyd edildi ki, Ulu Öndər Heydər Əliyevin  ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etdi. Ümummilli Liderin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi.

  Ümummilli Lider  Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırdı. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Ümummilli Liderin  1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın regionun lider ölkəsi statusu təsdiqləndi. İqtisadi və siyasi  müstəqilliyimiz möhkəmləndi, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.

Dövlət başçısı İlham Əliyev sözügedən qurultaydakı çıxışında  “Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər” söyləyərək onu da əlavə etmişdir ki,  onları Azərbaycan xalqı unutmamalıdır.  Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.

Reallıq budur ki, xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “91-lər”in müraciəti ölkəmizin həyatında dönüş nöqtəsi, bugünkü reallıqların əsası oldu. Bu müraciət hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirdi. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. 

Cənab İlham Əliyevin YAP-ın VII qurultayındakı çıxışı gələcəklə bağlı mühüm çağırışlarla zəngin oldu. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas çağırışlardan biri budur ki, biz bu tarixi yaxşı bilməliyik. Dövlət başçısı İlham Əliyev bildirmişdir: “O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”

Müstəqilliyimiz  1991-ci ilin 18 oktyabrında yenidən bərpa edilsə də xalqımız bunun sevincini 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşadı. Əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyev bu reallığı belə əsaslandırır ki, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi: “Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir? Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.”

Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP yeniliyə, təkmilləşməyə maraq göstərən və bunu fəaliyyəti ilə təsdiqləyən partiyadır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, partiyanın üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Gənclərimiz partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Gənclərin ictimai-siyasi fəallıqlarının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi əsas hədəflər sırasındadır. Bu gün dünyaya səs salan, Azərbaycanın gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun nümayişi olan tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsində torpaq, Vətən sevgimiz, vətənpərvərlik hissinin böyüklüyü öz sözünü dedi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti cənab  İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Bu gün qürurla qeyd edirik ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən qalib Azərbaycanın vətəndaşıyıq. Ölkəmizin, Yeni Azərbaycan Partiyasının gələcək hədəflərinin uğurlu icrası üçün möhkəm baza mövcuddur.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi