01 mart 2024 22:43
373

BMT-də öz dəst-xətti olan ölkə - Azərbaycan

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 32 il ötür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. Həmin ilin noyabrında BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. 

Qeyd edək ki, BMT ilk günlərdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müəyyən rol oynayıb. Belə ki, 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilməklə yanaşı, işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb edilib. Amma beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toqquşan maraqları və digər səbəblərdən həmin qətnamələrin tələbləri yerinə yetirilməyib. Ümummilli Lider Heydər Əliyev bir neçə dəfə BMT-nin tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ulu Öndər çıxışında işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzünü xüsusi ilə tənqid edib və beynəlxalq ictimaiyyəti bu təcavüzə göz yummamağa çağırıb. Prezident İlham Əliyev də mötəbər beynəlxalq təşkilatların tribunalarından daim Ermənistanın işğalçılıq siyasətini ifşa edərək BMT-nin 4 qətnaməsinin yerinə yetirilmədiyini dəfələrlə diqqətə çatdırıb. Amma bütün bunlara yenə məhəl qoyulmayıb. 
Yaranmış bu vəziyyəti, bu qeyri-müəyyənliyi  isə Azərbaycan özü dəyişdi. Belə ki, terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanın son təxribatından sonra, yəni 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 məlum qətnaməni təkbaşına uğurla reallaşdırdı. Bununla da ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək sözügedən qurumun qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlət kimi tarixə düşdü.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə “Azərbaycandakı qaçqın və məcburi köçkünlərə təcili beynəlxalq yardım” adlı, 2006 və 2008-ci illərdə isə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul olunub. BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan bu qurumun  Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib. 2012-ci il mayında Prezident İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. 2013-cü ildə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası baş tutub. 2020-ci ilin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasında  Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Həmin tədbirdə dünya üzrə 182 ölkə arasında sayca altıncı çıxış edən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac olduğunu da vurğulayıb.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi əsasında Hərəkatın təşəbbüsü və BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusuna həsr olunan 31-ci xüsusi sessiyası çağırılıb. Sessiyanın yüksək səviyyəli seqmentində 70-dən çoxu dövlət və hökumət başçıları, 48-i isə nazirlər səviyyəsində olmaqla ümumilikdə 147 üzv dövlət  çıxış edib. 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. 
Azərbaycanın sentyabrın 19–20-də keçirdiyi lokal antiterror tədbirlərindən sonra BMT missiyası Qarabağa gəlib. Qarabağ bölgəsinə səfərin¬dən sonra missiya müvafiq bəyanat yayıb. Həmin bəyanatda bildirilib ki, lokal antiterror tədbirlərindən sonra ermənilər “etnik təmizləmə” ilə üzləşməyib, bununla bağ¬lı ittihamlar özünü doğrultmayıb. Bəyanatda, həmçinin son atəşkəsdən sonra dinc əhaliyə qar¬şı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbət¬lərdən şikayət daxil olmadığı da öz əksini tapıb. Bununla da missiya erməniəsilli vətəndaşların Qarabağı tərk etmələrinin ermənipərəst dairələrin bildirdikləri kimi, heç bir "çətinlik”lə, "humanitar böhran”la, "təhlükəsizlik"lə, “etnik təmizləmə” ilə əlaqəsi olmadığını təsdiq edib. Yeri gəlmişkən qeyd edək ki, BMT Təhlükəslik Şurasında dəfələrlə Azərbaycan əleyhinə kampaniyalara cəhdlər göstərilib. Təkcə bir faktı xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasında ən azı 5 dəfə ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər göstərib. Amma onların hər biri fiaskoya uğrayıb. 
Hazırda BMT-nin bir sıra yardımçı təşkilatları ilə yaxından əməkdaşlıq edən və bölgədə sabitliyin və sülhün yaranması istiqamətində səylərini əsirgəməyən Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini uğurla həyata keçirməkdədir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”