01 mart 2024 23:34
427

Yaz gəlir, amma hayların yoncası bitmir ki, bitmir...

Dördüncü ildir ki, Ermənistan sülh sazişindən yayınır və bunun üçün müxtəlif bəhanələr uydurur. Əslində İrəvan bunu özbaşına etmir, çünki Ermənistan Qərbin, xüsusilə Fransanın ciddi təhdidi altındadır. Bədxahlarımız İrəvanı sülhdən yayındırmaq üçün hazırda mümkün olan bütün vasitələrə əl atırlar. Ermənistanı faktiki Rusiya ilə ziddiyyətə getməyə, KTMT-də fəaliyyətlərini dondurmağa sövq edirlər. Bütün bunların hamısı Cənubi Qafqazda gərginliyi artırmağın  hesablanmış addımlarıdır.  Ermənistan Rusiyadan birdəfəlik üz döndərir, özünə yenə ağa axtarır və təhriklərə uyaraq elə zənn edir ki, Azərbaycana qarşı təzyiq rıçaqlarını sinidə ona təqdim  edəcəklər və bununla da nəyəsə nail ola biləcəklər. Yəni "ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər" məsələsi. İrəvanın bu qəribə oyunbazlıqları açıq şəkildə müşahidə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalıdan sülhü pozan Ermənistana son sözünü dedi, sərt xəbərdarlıq etdi, onlara yeganə düzgün çıxış yolunu göstərdi: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir!”

Azərbaycan Prezidenti Ermənistana xilas yolunu bu cür göstərib. Bu isə Ermənistana növbəti addımlarını atmaq üçün ona təqdim olunan məqbul yol xəritəsidir. Deməli,  dövlətimizin başçısı Ermənistan üçün yol xəritəsini bir daha cızdı. İrəvan isə bunu qiymətləndirməyi və öz ağlı ilə hərəkət etməyi bacarmalıdır. Ermənistan tərəfi, nəhayət, yeni reallıqların diktə etdiyi şərtləri düzgün qiymətləndirmək, yaşadığımız regionla bağlı mövcud geopolitik prosesləri dəyərləndirmək istəyirsə Azərbaycan Prezidentinin fikirlərindən ciddi nəticə çıxarmalıdır. Amma yenə də əvvəlki kimi Ermənistan xalqının deyil, kənar güclərin maraqlarının ifadəçisi rolunda çıxış etməyə davam edəcəksə, bu, Ermənistanı növbəti böyük faciələrə aparıb çıxaracaq. Eyni zamanda, Ermənistan yenə də dalan dövlət olaraq qalacaq. Bir çox regional layihələrdən Ermənistan yenə də kənarda qalacaq. Bu ölkənin iqtisadi həyatı yenə də ianələrdən, qrantlardan, erməni diaspor təşkilatlarından, xüsusilə Rusiyada yaşayıb-işləyən ermənilərin pul köçürmələrindən asılı olacaq. Qısaca desək, Ermənistan müstəqil iqtisadiyyata sahib olan dövlətə çevrilə bilməyəcək.  Ermənistan cəmiyyətinin prosesləri dərk edən ağıllı hissəsi bütün bunları cəmiyyətə izah etməyə çalışmalıdır. Ziyalılar Ermənistanın mövcud hakimiyyətinin guya qərbyönümlü siyasətinin əslində Ermənistanı hansı dalana dirədiyini, hansı uçurumla üz-üzə qoyduğunu bütün cəmiyyətə aydın şəkildə izah etməli və hakimiyyəti reallıqların şərtlərinə uyğun addımlar atmağa məcbur etməlidir. Daha Zori Balayan kimi "ziyalı"ların zərərli təbliğatına imkan verilməməlidir.

Ancaq görünən odur ki, Hayastanda başqa ab-hava var.  Belə davam edərsə növbəti proses Ermənistan daxilində çox ciddi gərginliklərin formalaşması ilə başlaya bilər. Xüsusilə də nəzərə alsaq ki, məhz ABŞ-ın, Fransanın diktəsi ilə anti-Rusiya ritorikası son dövrlər Ermənistanın siyasi liderlərinin ifadələrində genişlənməkdədir, Rusiya ittiham olunur, hətta konkret olaraq prezident Putin hədəf kimi önə çıxarılır, portreti cırılır, bayrağı ayaqlar altına atılır, rus sərhədçilərinin ölkədən çıxarılaması, 102-ci hərbi bazanın ləğv edilməsi tələb olunur və s. Rusiyanın bu prosesə davamlı olaraq seyrçi yanaşacağı o qədər də inandırıcı deyil, yəni, necə deyərlər, hələlik “qazanlar qapalı qaynayır."

Belə qənaətə gəlmək olar ki, bu ay Rusiyada keçiriləcək prezident seçkisindən sonra Kreml nəzərlərini Ermənistana daha fəal və sərt şəkildə çevirəcək. Bölgədə Rusiyanın əleyhinə formalaşdırılmağa çalışılan proseslərə lazımi müdaxiləsini edəcək. Hazırkı şəraitdə Rusiyanın Ermənistanın siyasi, iqtisadi, hərbi və daxili həyatına müdaxilə imkanları kifayət qədər genişdir. Bu mənada mövcud rıçaqlardan istifadə etməklə Ermənistanda gərginliyi artırmaq, hakimiyyətin dayaqlarını zəiflətmək istiqamətində proseslərə start veriləcək. Eyni zamanda, Qərb güclərinin bölgədəki maraqlarına zərbə vurmaqla yanaşı, regionumuzda sabitliyin yaranmasına maneçilik törədilə bilər.

Ona görə də siyasi ekspertlər və politoloqlar hesab edirlər ki, indiki şəraitdə Ermənistan hakimiyyəti daha düzgün, daha dayanıqlı, daha praqmatik yanaşma nümayiş etdirməlidir, nəinki şimal və ya cənub qonşularımızın, bölgəmizdən kənar güclərin də maraqlarının ifadəçisi deyil, öz dövlətinin, xalqının və region xalqlarının maraqlarını əsas götürərək davranmalıdır. Regionumuz böyük güclərin mübarizə meydanı olmamalıdır. Bundan Ermənistan kimi başını birtəhər girləyən dövlət uğurla çıxa bilməz. Hayastan üçün ən düzgün yol qonşu dövlətlərlə, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlıq, normal qonşuluq münasibətləri qurmaqdır. Əks davranış Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaqla yanaşı, paralel şəkildə bölgəmizə davamlı sülhün gəlməsinə ciddi təhdidlər formalaşdıracaq. Amma bütövlükdə yenə də bundan daha zərərli çıxan tərəf Ermənistan olacaq. Bu isə növbəti mərhələlərdə Ermənistan daxilində ciddi kataklizmlərin baş verməsinə gətirib çıxara bilər. Daha bir hərbi qarşıdurma faktiki olaraq ölkənin kağız üzərindəki müstəqilliyini də əlindən alar. O halda haylar min illər yaşadıqları kölə həyatını davam etdirməli olacaqlar.

Vəli İlyasov, “İki sahil”