01 mart 2024 22:45
408

Bu Novruzu doğma yurdlarında qarşılayacaqlar

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları nəhəng quruculuq, dirçəliş meydanına çevrilib. 30 ildən çox erməni faşistlərinin əsarətində olmuş bu ərazilərdə bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur. Müasir tələblərə cavab verən yeni yaşayış binaları, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, avtomobil,  dəmir yolları inşa olunur. Azərbaycan bütün bu işləri heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmə­dən, öz gücü ilə həyata keçirir. Məlum olduğu kimi, ötən ilin sonuna qədər burada həyata keçirilən bərpa-quruculuq iş­lərinə təqribən 12 milyard manata qədər vəsait xərclənib. 2024-cü iln dövlət büdcəsindən isə bu məqsədlə daha 4 milyard manat vəsait ayrılıb. Bu da bərpa və yenidənqurma işlə­rinin daha böyük sürətlə aparılma­sına imkan yaradır. Burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir xarici qonağı valeh edir. Prezident İlham Əliyevin sözləri ilə desək, çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması tarixdə görünməmiş bir hadisədir. Azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə Prezident İlham Əliyev şəxsən özü nəzarət edir. Dövlət başçımızın həmin ərazilərə hər bir səfəri həyata keçirilən yenidənqurma işlərinə yeni töhfələr verir. Amma bu vüsəti erməni lobbisinin təsiri altında olan Fransa kimi ölkələr, həmçinin Avropa Parlamenti, Avropa İttifaqı, AŞPA və digər qurumlar həzm edə bilmirlər. Bu səbəbdən ölkəmizə qarşı qərəzli  kampaniyalar aparırlar. 

Əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəra­iti yaradıldıqca azad edilmiş yurdlara  qayıdış da sürətlənir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsində məskunlaşıb. Bu  ildə belə  yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. Gələn il Ağdama da ilk köç başlanacaq. Hazırda bu proses Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən  mərhələli şəkildə davam edir. Belə ki, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 24 ailədən (89 nəfər) ibarət növbəti köç karvanı fevralın 28-də Laçına yola salınıb. Onlardan 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərində, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndində məskunlaşıb. Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Şübhəsiz, növbəti günlərdə də belə köçlərin şahidi olacağıq. Qeyd edək ki, Laçına ilk köç ötən ilin may ayının 27-də reallaşıb. Həmin gün 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola salınmışdı.

Bəli, bu gün 30 ildən sonra doğma yurdlarına qayıtmış hər bir laçınlının  çöhrəsində qürur və sevinc var. Onların bu sevincini təsvir etmək  o qədər də asan deyil. Amma bircə onu qeyd edək ki, onların danışıqlarından, gülüş səslərindən düşmən tapdağına məruz qalmış bu qədim yurd yerimizin qədd-qaməti düzəlir. Çünki laçınlılar qayıdışları ilə bu yurda yeni nəfəs, yeni həyat gətirirlər. Onlar uzun illərdən sonra bu il  milli dəyərlərimizin əbədiyaşar rəmzi olan Novruz bayramını öz doğma ocaqları başında qarşılamaqla  bir loğman kimi Laçının yaralarına xüsusi məlhəm sürtəcəklər.

Laçında əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Özü də burada əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Məsələn, Həkəri Balıqçılıq Təsərrüfatında hazırda 30-dan çox işçi çalışır. Yaxın gələcəkdə onların sayının 60 nəfərə çatdırılacağı gözlənilir. Ötən ilin sonlarında Laçın şəhərində keramika istehsalı üzrə ixtisaslaşmış “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb. Bu şəhərdə Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi  məqsədilə “İslimi” Xalçaçılıq Mərkəzi də açılıb. Laçında “Zerti” Aqrosənaye Parkında fəaliyyətə başlayacaq istehsal sahələrindən biri də ayaqqabı fabriki olacaq. Hazırda son tamamlanma işlərinin görüldüyü fabrikin fəaliyyətə başlaması mart ayının sonuna planlaşdırılır. Burada istehsal ediləcək ayaqqabıların gələcəkdə Azərbaycan brendi kimi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin isə 2025-ci ildə tamamlanması planlaşdırılır ki, bu məkanda da kifayət qədər iş yerləri olacaq. Əbəs yerə deyilmir ki, hər qaranlıq gecənin bir işıqlı gündüzü var. Bir vaxtlar işğal altında inləyən Laçınımıza  artıq Günəş doğub.

Qvami Məhəbbətoğlu, “İki sahil”